02.05.2026

Müharibə sindromu – Psixoloji reallıq və elmi yanaşma

AVMVİB Neftçala rayon təşkilatının sədr müavini, psixoloq Rahim Mənəfov Məmmədəli oğlunun fikirləri

Aprelin 30-da Bakı şəhərində, Milli Onkologiya Mərkəzində baş verən hadisə cəmiyyətimizdə müxtəlif müzakirələrə səbəb olmuşdur. Rəsmi qurumların açıqlamalarına əsasən, hadisəni törədən şəxsin qazi və ya müharibə iştirakçısı olması ilə bağlı yayılan məlumatlar öz təsdiqini tapmamışdır. Lakin bu hadisə bir daha göstərdi ki, müharibədən sonrakı psixoloji travmalar mövzusu cəmiyyət üçün son dərəcə həssas və ciddi yanaşma tələb edən məsələdir. Müharibə sindromu nədir? Psixologiya və psixiatriya elmində “Müharibə sindromu” anlayışı əsasən Posttravmatik Stress Pozuntusu (PTSP) kimi tanınır. Bu termin ilk dəfə geniş şəkildə Vyetnam müharibəsindən sonra elmi ədəbiyyatda sistemləşdirilmiş və bu gün beynəlxalq diaqnostik təsnifatlarda (DSM-5 və ICD-11) ayrıca klinik pozuntu kimi qəbul edilmişdir. Posttravmatik Stress Pozuntusunun əsas simptomları:

1. Təkrar yaşantılar (re-ekspozisiya) – Kabuslar, Travmatik hadisənin yaddaşda canlı canlanması , Ani psixoloji sarsıntılar

2. Qaçınma davranışı — Hadisəni xatırladan mühitdən uzaqlaşma, Sosial təcrid, Emosional donuqluq

3. Hiperoyanıqlıq (hyperarousal) — Həddindən artıq əsəbilik , Yuxu pozuntuları , Ani səsə və ya hadisəyə güclü reaksiya

4. Koqnitiv və emosional dəyişikliklər- Günahkarlıq hissi, Mənfi dünyagörüşü, Qazilər və şəhid ailələri ilə sistemli görüşlər və psixoloji dəstək

AVMVİB Neftçala rayon təşkilatının sədr müavini, psixoloq Rahim Mənəfov Məmmədəli oğlu tərəfindən mütəmadi olaraq qazilər və şəhid ailələri ilə fərdi və qrup şəklində görüşlər keçirilir. Bu görüşlər yalnız formal xarakter daşımır, konkret psixoloji və sosial dəstək mexanizmlərinə əsaslanır. Görüşlər zamanı: — Qazilərin psixoloji vəziyyəti fərdi şəkildə qiymətləndirilir; — Travma sonrası adaptasiya səviyyəsi təhlil olunur; — Ailə üzvləri ilə birlikdə psixoloji maarifləndirmə söhbətləri aparılır; — Sosial təcridin qarşısının alınması üçün motivasiyaedici proqramlar həyata keçirilir; — Stressin idarə olunması və emosional tarazlığın bərpası üçün praktik tövsiyələr verilir. Şəhid ailələri ilə keçirilən görüşlərdə isə əsas diqqət mənəvi dəstəyə, yas travmasının sağlam şəkildə keçilməsinə və sosial aktivliyin qorunmasına yönəldilir. Psixoloq Rahim Mənəfov bildirir ki, bir çox hallarda qazilər problemlərini dilə gətirməkdə çətinlik çəkirlər. Bu səbəbdən təşkilat tərəfindən etibarlı və məxfi psixoloji müraciət mühiti formalaşdırılmışdır. Məqsəd onların özlərini tək hiss etməməsi, cəmiyyət tərəfindən dəyərli və qorunan olduqlarını hiss etmələridir. Sosial məsuliyyət və etik yanaşma. Qazi adından istifadə edərək emosional manipulyasiya və ya cəmiyyət daxilində duyğu istismarı yolverilməzdir. Qazilər və şəhid ailələri bizim milli-mənəvi dəyərimizdir. Onların adından sui-istifadə etmək həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir. AVMVİB Neftçala rayon təşkilatı olaraq biz veteranlarla mütəmadi görüşlər keçirir, onların: — Psixoloji vəziyyətinin monitorinqini, Sosial adaptasiya problemlərini, Maddi və mənəvi ehtiyaclarını — davamlı şəkildə diqqətdə saxlayır və dəstək mexanizmlərini gücləndiririk. Rəsmi mövqe və çağırış. AVMVİB Neftçala rayon təşkilatının qapıları Neftçala rayonu və Şirvan–Salyan bölgəsi üzrə bütün qazilər və şəhid ailələrinin üzünə daim açıqdır. Psixoloq Rahim Mənəfov Məmmədəli oğlu bildirir: — “Hər müharibədən sonra müəyyən psixoloji sindromların yaranması qaçılmazdır. Lakin düzgün reabilitasiya və sosial dəstək mexanizmləri ilə bu problemlərin qarşısını almaq mümkündür.” Bizim əsas məqsədimiz qazilərimizin psixoloji sağlamlığını qorumaq, onların cəmiyyətə sağlam inteqrasiyasını təmin etmək və mənəvi dayaqlarını gücləndirməkdir. Cəmiyyət olaraq unutmamalıyıq: — Müharibə yalnız cəbhədə bitir — onun psixoloji təsiri isə illərlə davam edə bilər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: