30.10.2024

«Reket jurnalistikası» deyimi yanlış və əsassız praformadır

Xaqani Ədəboğlu




«Reket jurnalistikası» praforması sübut edir ki, bizdə özgə üslublu jurnalistika yoxdur. Tutulan oğru, tutulmayansa doğrudur.

«Jurnalistika reketləri» deyilsə daha doğrudur, sadəcə bizdə oğrular və qələmə xəyanət edən şərəfsizlər var. Bu gün reketliyi mətbuata pərçim edənlərin can-fəşanlığı sənət yanğısı deyil, bazarlarına «qaraçıların» jurnalist adıyla girməsi və onların monopoliyasına girib ucuzluq yaratmasıyla bağlıdır. 1994-cü ildən yazıram ki, jurnalistika sahə kimi lisenziyalaşdırılmalıdır. Jurnalist təhsili və azı bu sahədə 10 il iş təcrübəsi olmayan qeyri-peşə sahiblərinin baş redaktor olması yasaqlanmalıdır. Peşəkar jurnalistika ilə məşğul olmamış şəxslər Jurnalist birliklərinin, Mətbuat xidmətlərinin başından çıxarılmalıdırlar. Bir dəfə hansı yollarla isə Mətbuat xidmətinin rəhbəri olmuş birisinə diktorla-jurnalistin fərqini qandıra bilmədim. O vaxt nazir olan Füzuli Ələkbərov jurnalist günüylə bağlı 5 diktora jurnalist kimi mükafat vermişdi. Çünki nə nazir, nə də bu adamın özü bu sənətin özəlliyini bilmirdilər. Mətbuat xidməti rəhbəri isə diktor idi və bu iki sənətin fərqini bilmirdi. Sonda bu özündən müştəbeh adama: «mən jurnalistəm, amma diktor deyiləm»-deyib çıxdım.

İldə bir dəfə «reket jurnalistika» adlı bir reklam «kompaniyasına» start verilir. Bu startı verənlərin verdiyi bu adın özü bir anormallıqdır. Çünki «Jurnalistikada Sonanın uşaqları», yaxud «Jurnalistikanın qaraçı taboru» adı daha uyğundur. Əslində bu gün özlərini komandos bilənlərin məqsədi jurnalistikmızın keyfiyyətinin yüksəldilməsi deyil. Bizdə aparılan mübarizə, «bir oğru məmuru, başqa bir oğrudan qoruma üslubudur». Üsluba qalınca isə, əslində barmaq sayı saytlar istisna omaqla, yazmaqdan çox yazı oğurlamaqla məşğul olan «oğru jurnalistika» yetişdirilib. Bu qorxulu faktı qoyub, hansısa məmurun dincliyi uğrunda aparılan mübarizənin jurnalistikaya aid edənlərə nəsə bir ad verilməlidir.

Bir dəfə Femida.az saytında verdiyim bir yazını 19 sayt oğurlayaraq öz adlarıyla vermişdilər. Hətta heç sayta belə istinad etməmişdilər. Bu sənətdən xəbərsiz bir-neçə redaktorcuğa bu oğurluğun şərəfsizlik olduğunu desəm də ciddiyyətini başa sala bilmədim. Çünki hazırda Azərbaycan jurnalistikası aysberqlə toqquşmuş «Titanik» gəmisinə bənzəyir.

Lap bir film kimi. Hər bir Cek Douson öz Rouz Dyuitt Byukeyteriylərini bu sənətdə «media kapitanı» elan edib. Allahınız olsun, bu sənət dünyada dövlətlərin siması sayılır. Sənətə hörmətiniz olmadığını bilirəm, heç olmasa Dövlət Babaya hörmət edin…


Jurnalistika özünə aid olmayanlardan xilas olmalıdır…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: