44 günlük Vətən Müharibəsinin zəfəri Rusiyadan necə görünür?
Mən Rusiyanın Moskva şəhərində yaşayan, Rusiya vətəndaşı, azərbaycanlı iş adamı 20.12.1960-cı il təvəllüdlü Fuad Furudun oğlu Rzayev bu yazını işıqlandırmaqda məqsədim 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimizə ölkə hüdudlarından kənardan, Rusiyadan baxdıqda necə göründüyünü Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. Qeyd edim ki,bu günə qədər yaşadığım Rusiyada Azərbaycan xalqının nümayəndəsi olaraq layiqli imicinin qorunması istiqamətində əlimdən gələni əsirgəməmiş, qürbətdə olmağıma baxmayaraq daima Azərbaycan dövlətinin, onun Prezidentinin apardığı daxili və xarici siyasəti dəstəkləmiş, hər zaman xalqımın yanında olmuşam.
Heç şübhəsiz ki,2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi, orada qazanılan qələbə qürur verici idi. Müharibə nədir, mən bunu bütün varlığımla hiss edib yaşayan, anlayan bir insanam. Çünki özüm 1988-ci ildən başlanan erməni faşizminin törətdikləri ağır cinayətləri, vəhşilikləri görmüş,canlı şahidi olmuşam. Mən o döyüşlərdə ön cəbhədə idim. O illərdə bir gün də olsa qəhrəman oğullarımızın yanından ayrılmamışdım. Xüsusilə 1992-ci ildə Qarabağın dilbər guşələrindən biri olan Ağdamda,milli qəhrəman Allahverdi Bağırovun batalyonunda əsgərlərimizin əzmini, cəsarətini görüb bacardığım bütün maddi və mənəvi köməklikləri etmişəm. O vaxt cəbhəyə lazım olan bir çox ərzaq məhsullarının, siqaret, dərman və digər həyati vacib ləvazimatların çatdırılması ilə bərabər dəfələrlə incəsənət xadimlərinin və müğənnilərin cəbhə bölgəsinə səfərini şəxsi vəsaitim hesabına həyata keçirmiş, iğid əsgərlərimizə mənəvi dəstək olmaq üçün konsert proqramları təşkil etmişəm. Bunu təsdiq edən rəsmi sənədlər, video görüntülər də hal-hazırda var. Bu bir azərbaycanlı, qeyrətli oğul kimi mənim şərəf borcum idi. Bu vətənə, bu millətə əgər az da olsa bir qatqım olduğu üçün çox xoşbəxtəm.
Bu yazını yazmaqda məqsədim heç də bir vaxtlar etdiklərimi reklam etdirmək deyil. Mənim reklama ehtiyacım yoxdur. Zatən o dövrün insanları ,əsgərləri və məni tanıyan hər kəs bunu bilir. Sadəcə bir çoxları kimi illərdir mənimdə bir niskilim var idi. Belə ki, o dövrün səriştəsiz rəhbərlər arasında gedən çirkin oyunların nəticəsində Qarabağ torpaqları erməni faşistləri tərəfindən işğal olunmuşdu. Tam səmimi qəlbdən bildirirəm ki,əgər o dövrlərdə Azərbaycanda indiki hakimiyyət olsaydı erməni dığaları Qarabağ torpaqlarını əsla işğal edə bilməzdilər. O vaxtlar Qarabağ torpaqları siyasi oyunların qurbanı oldu. Çünki Azərbaycanın qeyrətli, igid, mərd oğulları bu gün olduğu kimi,onda da yeterincə idi. Onların şücaəti sanki yeri göyü inlədirdi. O dövrlərdə döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da çox oldu, hətta bu gün belə o döyüşlərdən aldığı qəlpə yaralarının nişanələrini daşıyan oğullarımız da var.
1995-ci ildən etibarən Rusiyanın Moskva şəhərində yaşayıb buranın vətəndaşı olmağıma baxmayaraq qəlbimlə, ruhumla, bütün mənliyimlə Azərbaycana bağlı olan bir şəxsəm. Azərbaycanın acısı da,sevinci də,qələbəsi də, uğuru da mənimdir. İllərdir Moskva şəhərində yaşamağıma baxmayaraq hər zaman Azərbaycan dövlətinin və onun dövlətçiliyinin apardığı siyasəti bəyənib dəstəkləmişəm. İstər mərhum prezident Heydər Əliyevin, istərsə də ulu öndərin siyasi kursunun layiqli təmsilçisi İlham Əliyevin apardığı daxili və xarici siyasəti təqdirəlayiq hesab etmişəm. Məqamında qeyd edim ki, yadıma mərhum prezident ulu öndər Heydər Əliyevin son sözlərindən biri düşdü: «Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri hətta Qarabağ problemini sizin dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə də böyük ümidlər bəsləyirəm.Bir gün üçrəngli bayrağımızın Qarabağda dalğalanacağına əminəm!»
Bəli, biz də buna inanırdıq,əmin idik ki,mərhum prezident Heydər Əliyevin yarımçıq qalan işlərini məhz ulu öndərin bayraqdarı olan İlham Əliyev cənabları yekunlaşdırcaqdır. Çünki İlham Heydər oğlu Əliyev ulu öndərin siyasi kursunun ən layiqli təmsilçisi olaraq Azərbaycanın inkişafı naminə yeritdiyi düzgün daxili və xarici siyasəti ilə özünü bir mükəmməl siyasətçi kimi artıq təsdiqləmişdi. İllərdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin yanında Azərbaycanın Birinci vitse–prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da gördüyü işlər danılmaz faktlardandır.Azərbaycan dövlətinin inkişafında, apardıqları daxili və xarici siyasətində, elmin inkişafında, din dəyərlərin qorunmasında, iqtisadiyyatın güclənməsində ümumiyyətlə bütün uğurlarının altında bu şəxsiyyətlərin əziyyəti, uğuru,qələbəsi vardır. İstər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, istərsə də Mehriban xanım Əliyeva illərdi ki, Azərbaycanın inkişafı, tərəqqisi yolunda, daxili və xarici siyasətində keşməkeşli yollar keçmiş, beynəlxalq arenalarda dövlətimizi layiqincə təmsil edib,sözlərini bütün dünyaya çatdırmışdırlar. Mən Rusiyada yaşamağıma baxmayaraq, bütün bunları heyranlıqla izləyib, qürur hisləri keçirirəm.
Heç kimə sirr deyil ki, 30 ilə yaxın sürən müharibə şəraitinin çox hissəsini, Azərbaycan dövlətinə rəhbərliyə başladığı ilk gündən son ana qədər İlham Əliyev çox çalışdı ki, qan tökülməsin, Azərbaycan xalqı bir daha şəhid verməsin,sülh yolu ilə torpaqlarımız erməni vandalizmindən xilas olunsun. Lakin bəzi siyasi oyunlara görə bu proses baş tutmurdu. Bir çox əngəllər yaradılırdı. Nəhayət, səbr kasası doldu. Ali Baş Komandan döyüş əmri verdi.Və öz rəsmi “tvitter” səhifəsində çıxış edərək Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşməyə dəvət etdi. Prezidentin çıxışından bir kəlməni xatırlatmağı özümə borc bilirəm: «Biz birlikdə güclüyük!Qarabağ torpaqları Azərbaycanındır! İşğal altında olan bütün torpaqlarımız azad ediləcək, ata-baba ocaqlarından didərgin düşmüş məcburi köçkünlər öz doğma el obalarına geri qayıdacaqlar. Üçrəngli bayrağımız Qarabağ torpağında dalğalanacaqdır».
Bəli, Azərbaycan haqlı davasında öz qələbəsini qazandı,üçrəngli bayrağımız Qarabağ torpağında dalğalandı.Bu qələbənin qazanılmasında Azərbaycan ordusunun, əsgərinin rolu danılmazdır. Onlar döyüş meydanında öz canlarını düşmən mərmisinə qarşı sipər etdilər. İstər 1992-1993-cü illərdə birinci Qarabağ döyüşlərində, istərsə də 2020-ci il sentyabrın 27-de başlanan 44 günlük Vətən müharibəsində Qarabağ torpaqları qəhrəman şəhidlərin, igid oğulların qanları ilə suvarılıb. Lakin bu yerdə, məqamında qeyd edim ki, bu qələbədə Azərbaycan prezidenti cənab İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva böyük əzm nümayiş etdirdilər. Bir qürurverici faktı da qeyd edim ki, döyüş başlanan gündən onlar döyüşçü paltarı, hərbi uniforması geyindilər. Döyüşü yaxından izlədilər. Hər an, hər saniyə qələbə üçün üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdilər. Hətta qələbə qazanılandan sonra belə Qarabağ torpaqlarına şəxsən o uniformada getdilər. Bu fakt bir çox dövlətlərin televiziya kanallarında, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə öz əksini tapdı. Onların istər Qarabağın dilbər guşəsi olan Şuşada, Cıdır düzünə, istərsə də Ağdamda, Cümə məscidində olan görüntülərini mənimlə bərabər qürbət ölkədə yaşayan bütün soydaşlarımız iftixar hissi ilə izlədik.
Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra öz prezidenti İlham Əliyevi tarix yazan sərkərdə adlandırdılar. Heç bir mübaliğəsiz qeyd etmək lazımdır ki, bu gün istər ulu öndər Heydər Əliyev, istər Respublika prezidenti İlham Əliyev, istərsə də Birinci vitse–prezident Mehriban xanım Əliyeva adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran fenomen şəxsiyyətlərdir. Nə qədər ki, Azərbaycan adlı dövlət var, nə qədər ki,Azərbaycan xalqı var onların şəxsiyyətləri, onların vətən üçün etdiklərini əsla unudulmayacaqdır. Əlbəttə, bu yolda həm 1991-94-cü illərdə, həm də 44 günlük Vətən müharibəsində doğma torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri və döyüşdən -döyüşə atılan igid qazi və əsgərlərimizin göstərdikləri şücaətlər də heç bir zaman unudulmayacaq.(pravdainfo.org)