18.08.2026

18 Avqust – Sərhəd Qoşunları Günüdür

Bu gün Azərbaycanda Sərhəd Qoşunları Günü qeyd olunur.

Azərbaycan sərhədçiləri ölkənin dövlət sərhədlərinin mühafizəsini həyata keçirərək ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

Sərhəd qoşunlarının şəxsi heyəti Azərbaycanın müstəqillik illərində dövlət sərhədlərinin qorunması istiqamətində mühüm xidmətlər göstərib. Sərhədçilərimiz müxtəlif dövrlərdə dövlət sərhədində baş verən təxribatların qarşısının alınmasında və ölkənin müdafiəsində üzərlərinə düşən vəzifələri yerinə yetiriblər.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində də döyüş əməliyyatlarında iştirak edərək ərazilərimizin işğaldan azad olunmasına töhfə veriblər. Döyüşlər zamanı sərhədçilərimiz mərdlik və şücaət nümayiş etdirib, onların arasında Vətən uğrunda şəhidlik zirvəsinə ucalan və yaralanaraq qazi olan hərbi qulluqçular da olub.

Azərbaycanın tarixi Zəfərindən, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra dövlət sərhədlərinin etibarlı mühafizəsi yeni mərhələyə qədəm qoyub. Hazırda sərhədçilərimiz ölkəmizin sərhədlərinin keşiyində xidmətlərini davam etdirirlər.

18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə sərhədlərimizin keşiyində dayanan bütün hərbi qulluqçularımızı və veteran sərhədçilərimizi təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Vətən uğrunda şəhid olmuş sərhədçilərimizin və bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

AVMVİB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: