Prezident gec-tez bu məsələni eşidəcək və kimlərisə cəzalandıracaq… – Hərbi ekspert
«İkinci Vətən Müharibəsində iştirak edən əsgərlərə veteran vəsiqələrinin verilməsi prosesi sürətləndirilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O, müharibədə iştirak edən əsgərlərin sağlamlığını itirdiyini vurğulayıb:
«Döyüşlərdə yaralanan, sağlamlığını itirən və itirməyən hərbçilərə orden-medallar verilib, amma veteran vəsiqəsi də verilməlidir. Döyüşdə iştirak edən və təltif olunan hərbçilər niyə veteran vəsiqəsi ala bilməsin? Orden-medal verilibsə, deməli, həmin əsgərlərin müharibədə iştirakı rəsmən təsdiqlənib. Veteran vəsiqəsinə görə onlar ayda 80 manat müavinət alacaq. İndi belə çıxır, məhz bu 80 manat səbəbindən də hərbçilərə veteran vəsiqəsinin verilməsini ləngidirlər. Proseslər sürətlənməlidir”.
Ədalət Verdiyev bildirib ki, əlillik dərəcələrinin verilməsi ilə bağlı baş verən dəyişiklikləri və bu mövzuda mövcud olan sualları cavabdeh orqanlar acıqlamalıdır:
«Onları efirə dəvət edirlər, lakin gəlib bu məsələlərə aydınlıq gətirən yoxdur. Ona görə də tənqid obyektinə çevriliblər. İkinci bir məsələ — müharibədə yaralanan, əlil olan və ya orden-medal alan hərbçi veteran vəsiqəsi almaq üçün niyə və nəyi gözləməlidir? Siyahılar ordenə təqdimat yazanların əlindədir. 80 manatdan ötrü Qalib Əsgəri süründürmək olmaz. Gec-tez Prezident Əliyev bu məsələni eşidəcək və əmin olun ki, buna görə cəzalananlar da olacaq”.