Şəhidlər Xiyabanına «çəpər çəkənlər» kimlərə xidmət edir?
Sən, şəhid oğlu şəhid! İstəmə məndən məqbər,
Sənə ağuşunu açmış və durur Peyğəmbər!
(M. Akif)
Şəhid məzarı bir yurdun sahiblik möhürüdür. Şəhid məzarlarının müqəddəsliyindən üstün məqam yoxdur. Azərbaycanda ən müqəddəs məkan dedikdə ağlımıza gələn ilk məkan da elə Şəhidlər Xiyabanıdır.
Məhəmməd peyğəmbər (s.a.s) şəhidlər haqda deyib: «Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar».
Amma ölkədə nədənsə və hansısa düşmən kolonun xidmətçıləri qəsdən, son illər ərzində «Şəhid adlarının əbədiləşdirilməsi haqqında» NK -nin qərarını maddə-maddə dəyişmiş, Şəhidlər Xiyabanını isə hissələrə bölərək məzarları həmşəyaşıl liqastura bəzək kolları ilə «çəpərləmişlər». Yəqin ki, bu işdə tək məqsəd erməni təcavüzünün qurbanlarını şəhərə gələn qara-qura ərəb qiyafəli milliyəti bilinməyənlərdən və avropalılardan gizləmək sifarişi verilmişdir. Məsələ ilə bağlı həyacan siqnalı çalan AVMVİB sədrinin I müavini Kamil Şirinov öz facebook səhifəsində videolar və status paylaşıb.
Bizim sayta açıqlama verən AVMVİB sədrinin I müavini Kamil Şirinov bildirdi ki, bu işi şəhidlərimizə təhqir kimi qəbul edirik. Yaşıllıq əkməklə güya abadlıq işi aparanların ağaclar boy verdikcə şəhid məzarlarının görünməzliyi fonunda, onların bəd niyyətləri daha aydın görünməkdədir. Adicə tanıdığımız döyüş dostlarımızın məzarlarını çətinliklə tapsaq da keçib ziyarət etməyə, fatihə oxumağa yol qalmayıb. Şəhidlikdə bu ağac ideyasını irəli sürən şəxsin tapılıb yoxlanması vacibdir. Yüzlərlə şəhidin məzrını qonaqlardan gizləməklə bizə verilən mesajı yaxşı anlamaqdayıq. Bu şəxslər şəhidlər arasında da ayrımçılıq etməyə başlayıblar. Şəhidin haqqına girənin bu ölkədə yaşamaq hüququ yoxdur. Səsimizi aidiyyatlı orqanlara çatdırmalıyıq. Şəhidlər öz məzarlarını qoruya bilməsələr də onların minlərlə veteran qardaşları hələ ki, sağdır. Bu məsələni təcili ictimailəşdirmək lazımdır…
K. Şirinov yaxın günlərdə bu məsələni AVMVİB İdarə Heyətinin müzakirəsinə verməyi planlaşdırır. Bununla bağlı Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edəcəyik. Bu işi görənlər, niyə köhnəlmiş məzarları təmir etmək əvəzinə yaşıl ağaclarla öz bacarıqsızlıqlarını gizləməyə üstünlük verirlər. Bütün məzar cərgələri birinci cərgəyə uyğunlaşdırılmalıdır. Çanaqqala şəhidliyinə baxın belə ağaclar varmı? Sədrin I müavini, bu ağacların təcili oradan yığışdırılmasının vacibliyini və bu hörmətsizliyi düşünən beyinsizlərin cəzalandırılmasını istədiyini qeyd etdi. Çünki bu işin arxasında məkrli niyyətin olması aşkardır.
Mövzuya qayıdacağıq…
Müəllif: Azər BAYRAM