08.11.2026

Vətən sadəcə torpaq parçası deyil — dəruni eşqin təzahürüdür

Əziz və hörmətli millətim, can Azərbaycan xalqı! Bəşər tarixində elə müqəddəs anlar və uca zirvələr var ki, onlar sadəcə təqvim rəqəmləri ilə deyil, ruhun səmasında yanan əbədi məşəllərlə ölçülür. Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi adından və şəxsən öz adımdan – varlığın və mənəviyyatın ən uca zirvəsi olan 8 Noyabr — Zəfər Günü münasibətilə ürəkdən, can-dildən təbrik edirəm. Başda gözüyaşlı, amma qürurlu şəhid ailələrimiz olmaqla, bu torpağın hər qarışı üçün canından keçən qazilərimizi və bütün Türk dünyasını, bütöv türk camiəsini bu mübarək bayram münasibətilə qucaqlayıram. Vətən sadəcə torpaq parçası deyil; o, insanın ruhunun kök saldığı, Həqiqətə (Mövlaya) qovuşduğu ilk ünvan, dərûnî eşqin təzahürüdür.

Sufi üçün dünyəvi eşq ilahi eşqə körpü olduğu kimi, Vətənə olan məhəbbət də uca Yaradana sevginin yer üzündəki ən ali təcəssümüdür. 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıq, xalqımızın dəmir yumruq kimi birləşməsi və illərlə həsrətini çəkdiyimiz Şuşanın azad edilməsi – məhz bu ilahi eşqin, sadiqliyin və haqqın batilə qalib gəlməsinin tarixi dastanıdır. Bu Zəfər milli qürurumuzun, milli ruhumuzun əbədi dirçəliş rəmzinə çevrildi. Klassik ədəbiyyatımızın böyük simaları fani dünyada əbədiyyət qazanmağın sirrini «özündən keçməkdə» – yəni fədakarlıqda görürdülər. Zəfər sevincini yaşayarkən, bu gün başımızı uca edən şəhidlərimizi dərin ehtiramla, təmiz dualarla anırıq. Onlar canlarını bu torpağın əbədiyyəti, azadlığı uğrunda fəda edərək haqq aşiqi kimi ucaldılar. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Şəhidlərimizin əmanəti olan qazilərimizin və müharibə veteranlarımızın göstərdiyi şücaət, şəhid ailələrinin səbri və mərdliyi qarşısında dərin ehtiramla baş əyirik.

Biz Neftçala təşkilatı olaraq onların hər an yanında olmağı, dərdlərinə məlhəm olmağı özümüzə mənəvi borc, haqq yolu bilirik. Neftçalanın Mərd Oğulları: Şərəf və Vəfa Salnaməsi Xüsusilə vurğulamaq istərdim ki, qədim Xəzərin sahilində boy başa çatan, köksündə vətən sevgisi gəzdirən Neftçalamızın igid və qəhrəman oğulları da bu şanlı dastana adlarını qızıl hərflərlə yazdılar. Vətənin darlığında sinəsini sipər edən, döyüş meydanında cəsarəti ilə dastan yazan Neftçala şəhidlərinin müqəddəs ruhları qarşısında baş əyirik. Onların hər biri bizim üçün təkcə bir qəhrəman deyil, mənəviyyatımızın, sadiqliyimizin və qürurumuzun sönməyən ulduzudur.

Neftçalanın qaziləri, veteranları və o məğrur şəhid anaları, ataları bizim ən əziz baş tacımızdır. Mənəvi borcumuzdur ki, bu qəhrəmanlıq irsini göz bəbəyimiz kimi qoruyaq Şərq fəlsəfəsi öyrədir ki, ötən günlərin xatirəsi gələcəyin işığını yandırmalıdır. Əminəm ki, xalqımız bu qələbə ruhunu, sadiqlik və vətənpərvərlik duyğularını gələcək nəsillərə ötürəcək, dövlətimizin müstəqilliyini və qazandığımız tarixi nailiyyətləri daim qoruyacaqdır. Zəfər Günümüz mübarək olsun!Yaşasın müstəqil və müzəffər Azərbaycan!

Hörmət və dərin ehtiramla,
Seyyid Mübariz Eldar oğlu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: