Vahid Əhmədovdan MÜHÜM AÇIQLAMA
Azərbaycanın işğal edilmiş ərazilərində “qondarma” prezident və parlament seçkilərinin keçirilməsini qondarma xunta rejimi və Ermənistan tərəfindən Azərbaycana birbaşa təcavüzün və işğalın davamı kimi qiymətləndirirəm. Prezident İlham Əliyevin 2020-ci il iyunun 3-də Tərtər Olimpiya Kompleksinin açılışı zamanı bu məsələ ilə bağlı söylədiyi fikirlərlə tam razıyam və müdafiə edirəm. Dünyanın əksər ölkə və beynəlxalq təşkilatlarının bu şounun nəticələrini tanımaması bizim işimizin haqq işi olmasını bir daha sübüt etdi. Həmişə olduğu kimi, bu dəfə də Avropa Şurasının susması, ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəccüb və təəssüf hissi yaratdı. Bir qrup ermənpərəst Avropa parlamentarilərin təsiri altında Azərbaycanın ərazi bütövlüyü istiqamətində apardığı haqq işini müdafiə etmədi, qondarma seçkilərə münasibət bildirmədi.
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu təşkilat Azərbaycanın sərbəst siyasət yeritməsini həzm edə bilmir, müxtəlif bəhanələr gətirməklə Azərbaycanın uğurlarına, ərazi bütövlüyünün bərpa edilməsi istiqamətindəki fəaliyyətinə dəstək verməyərək, qaralama siyasəti aparır. Azərbaycanda yaradılmış demokratik mühit, əmin-amanlıq, əhalinin tam təhlükəsiz həyat sürməsi, azad fikir söyləməsi fonunda, əksər Avropa ölkələrindəki əhaliyə qarşı qeyri-insani rəftarlar, zorakılıq halları nədənsə Avropa Şurası Parlament Assambleyasının gözündən yayınır, heç bir münasibət bildirilmir. Təbii ki, bu hallar bizdə — Azərbaycan Parlamentinin üzvlərində Avropa Şurasının demokratik dəyərlərdən uzaq olduğu, ikili siyasətin təmsilçisi və aparıcısı fikrini yaradır. Belə böyük bir təşkilatın kimlərinsə təsiri altına düşməsi, məruzəçilərin müxtəlif adlar altında xaricdə gizlənmiş və Azərbaycan haqqında böhtan və iftiralar yayan qruplardan yararlanması bu təşkilatın imicinə ləkə gətirir.
Mən hər zaman fikrimi azad və birbaşa deyən şəxs olmuşam və indi də deyirəm ki, bizim haqq işimizə Avropa Şurası tərəfindən olan münasibət bizdə bu quruma qarşı təəssüf və nifrət hissi yaradır. Bu qədər qaçqın və köçkünün, əsirlikdə saxlanılan minlərlə insanın, girov götürülmüş və uydurma ittihamlarla həbs edilmiş Azərbaycan vətəndaşlarının hələ də azad edilməməsində Avropa Şurası Parlament Assambleyasının bizə qarşı apardığı qərəzli siyasətin də payı vardır. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti bəyənir və tələb edirik ki, Azərbaycana olan münasibət tam dəyişdirilməlidir, Avropa Şurası ölkəmizdə olan problemlərə ədalətli yanaşma nümayiş etdirməli, həllinə dəstək verməlidir.
Vahid Əhmədov
Milli Məclisin üzvü