SAVAŞ HEKAYƏTLƏRİ — 3: Onlar doğma yurdu öz canları kimi qorudular…
Xaqani Ədəboğlu
Bu xəyal deyil, olmuş savaş həqiqətləridir…
Savaş hekayətlərimiz davam edir. Şahidi və iştirakçısı olduğum olayları olduğu kimi sizlərə təqdim etməkdə məqsədim Dağlıq Qarabağın az saylı azərbaycanlılarının əsil qəhrəmanlıq mücadiləsində necə tənha buraxılmasını sizlərin diqqətinə çatdırmadır. Bu gün yalançı qəhrəmanların meydan suladığı bir dönəmdə əsil savaş xatirələrini hər kəsin oxuması vacibdir. Çünki buradakı hadisələr Ağdərə rayonunun say-seçmə igidləri ilə seçilən Baş Güneypəyə, həmçinin Ortapəyə, Xatınbəyli, Sırxavənd, Manikli kəndinin süqutuyla bağlıdır. O günün şəhidlərini — Əvəz Novruzov, Ziya Novruzov (şəhid ata-oğul), İsa Novruzov, Aslanov Qəzənfər, Qurban Göyüşov, Ələddin Abdullayev, Möhü İbrahimov, Nizami Musayev və digər şəhidlərimizi rəhmətlə anırıq. Məkanları cənnət olsun!
Ağdərənin kolanı ellərinin Tanrının ümüdinə buraxıldığını dəfələrlə yazmışam. O dağların qoynunda Tanrı ilə baş-başa bir elat mövcud olmaq uğrunda mübarizə aparırdı. Hər kəs bizə qarşıydı. Elə bunun nəticəsi olaraq bu gün bu əhalini üç rayon arasında bölüşdürüblər və heç bir rayon bizim əhaliyə doğma münasibət bəsləmir. Dağlıq Qarabağın ikinci çoxluq toplumuna sahib olan bir rayonu parçalayan gicbəsərlərin bu əməlinə bu günədək ad tapa bilməmişik…
Həqiqətən də Ağdərənin Manikli, Xatınbəyli, Ortapəyə, Baş Güneypəyə kəndlərində bircə nəfər də kənar əsgər, köməyə gələn qüvvə olmayıb. Əhalinin silahlanması da elə kənd ağsaqqallarının şəxsi əlaqələrinin hesabına mümkün olmuşdu.
12 mart 1992-ci il. Bu kəndlərin süqut etdiyi gündür. Strateji cəhətdən sərt mövqedə yerləşən kəndlərə şimal-qərb (Qaramalıq) və şimal-şərqdən (Sığnaq), şərq (Sırxavənd) və qərb (Manikli) cinahlarından eyni vaxtda hücum başayır. Günortaya yaxın (təxminən 15:00 radələrində) kənd ərazi müdafiə dəstələri bütün mövqelərdən düşməni vurub çıxarmağı bacarır. Ortapəyə və Başgüneypəyə döyüşçülərinin rəşadətli dirənişini görən düşmənə saat 16:00 radələrində helikopterlərlə əlavə qüvvə çatdırılır. Sonralar danışdırdığım Ararat adlı hərbi əsirdən öyrəndim ki, hücumda Əskəran polku, Mardakert polku, 366-cı alay, 7 — ci ordunun hərbi-desant qüvvələri, həmçinin tam heyətlə məhv edilmiş Dağ-piyada desant rotası və ayrı-ayrı hissələr iştirak ediblər. Düşmənin raportunun ələ keçmiş stenoqramında itkilər 289 nəfər canlı qüvvə və 11 ədəd texnikanın minaya düşdüyü xəbər verilmişdi. 13 mart 1992-ci il bu döyüşün nəticəsinə görə İrəvanda ilk dəfə müharibə əleyhinə mitinqlər keçirildi. Hər qarış uğrunda ölüm-dirim savaşı gedən günlərdə Dağdağanlı dərə ilə Şirinsu dərəsinin qovşağında Dağ-Piyada desant rotasının məhv edilməsinin detallarını sizlərə anladacağam.
O qəhrəmanlıq savaşının qısa hekayəti canlı şahidlərin anlatdıqlarıdır. Ağdərənin tanınmış ziyalılarından olan, müharibə veteranı Namaz Balakişiyev o günləri belə xatırlayır: «Həmin gecəni Yura Ələkbərovla Topxana postunda idik. Gecə Çldranda maşın karvanı və hərəkətlilik vardı. Ara -sıra atılan fişənglər və atəş səslərindən şübhələnsəm də post yoldaşlarım bu qarda kimsənin gəlməyəcəyini dedilər. Qar qurşağa qədərdi. Tezdən postdan kəndə doğru yenəndə kolların arasında üşəndim. Sən demə düşmən gecənin qaranlığında kəndin mərkəzinə uzanan dərələrlə irəliləyib mövqe tutmuşdular. Gecəni yuxusuz qaldığıma görə evə keçib mürgüləmək istəyirdim. Biz aylar idi ki, yatağa paltarlı və silahla uzanıb yatırdıq.
Az keçmiş qardaşım Əvəz Balakişiyev Şirinsu dərəsində kimlərinsə olduğunu dedi. Cəld qalxdım və düşmənin kəndə daxil olmaq üzrə olduğunu görüb atəş açdım. Mövqe tutduqdan sonra atışma başlandı. Yuxudan oyanan kənd sakinləri öncə heç nə anlamadan atəşi özümüzünkülər açdığını düşünüb gileylənənlər də oldu. Düşmən qüvvələri kəndin mərkəzinə uzanan ikinci Hoza bulağı dərəsindən kəndə daxil olmuş və evlərindən bayıra çıxan Möhü kişini və onun həyat yoldaşı Əfruz İbrahimovları şəhid etmişdilər. Atışma səsinə Qəzənfər Aslanov (şəhid) düşməni atəşə tutdu. Demək olar ki, kəndin bütün istiqamətlərində şiddətli atışma başlamlışdı. Dağdağanlı dərədə mövqe tutmuş düşmən inadla kəndə soxulmağa çalışırdı. Mənim tutduğum mövqe onların irəliləməsinə imkan vermirdi. Mənim yanımda patron daşıyan 13 yaşlı Bəxtiyar qolundan güllə yarası aldı. Ona ilkin tibbi yardım göstərdik. Döyüş anbaan şiddətlənirdi. Bir döyüşçü öz mövqeyini 9:00-dan atəş altına düşdüyünə görə döyüşün sonunadək tərk edib dəyişə bilməmişdi.
Artıq İsmayıl Həsənov Kəmərli qayada mövqe tutmuşdu. Kəndin müdafiəçiləri Qorxmaz Talıbov, Həsən (Arşı) Gülməmmədov, Ələddin Abdulayev (şəhid), Nizami Musayev (yaralı olaraq Xatınbəyli kəndinədək aparılıb, şəhid), Cabir Moylanverdiyev, İbrahim Moylanverdiyev, Sərvər Həsənov, Ziyadxan Ələkbərov, Hikmət Novruzov (qardaşı və atası şəhid), Nəsibov Müzəffər (yaralanıb), David Abdullayev, Arif İsmayılov, Cəbrayıl Həsənov, Qəhrəman Bayramov və başqaları bir qutu F-1 götürərək Dağdağanlı dərədəki mövqeləri ələ keçirdilər»…
Ön mövqeləri ələ keçirmiş döyüşçülərdən olan Qorxmaz Talıbov o günü belə xatırlayır: «Biz Namaz Balakişiyevin və İsmayıl Həsənovun düzgün mövqe seçmələrinin hesabına dərəyə cəmləşmiş düşməni mühasirəyə ala bildik. Atəşin sıxlaşmasından sonra yaxınlıqdan: «Valera spuskaysya» -deyə səs eşitdik. Sən demə düşmənin bir çoxu dağdağan ağaclarına çıxıb atəş açırmışlar. Şiddətli döyüşlər zamanı cığırın alt hissəsindəki 7 nəfər düşmən döyüşçüsü gəbərdildi. Bizdən isə qəhrəmancasına döyüşən Ələddin Abdullayev şəhid oldu və Nizami Musayev ağır surətdə yaralandı. Düşmənin geri çəkilməsinə imkan vermirdik. Radist erməni efirə çıxıb kömək istəyirdi. Sözünü atəşlə ağzında qoydum. F-1-lər hər dərəyə atıldıqda yaralı qalanlar gəbərirdi. Buradan canını götürüb qaçan birini isə evlərinin pəncərəsindən görən Əsli xala bizə xəbər verdi. Erməni təpəni aşmaq üzrə idi. Elə ilk atəşlə onun bu arzusunu gözündə qoydum. Təpənin o üzünü görə bilmədi. Məhv edilmiş döyüşçülərin arasından biri başını qaldırıb «Ara atma»-deyə yalvarırdı. Müzəffər kişi onunla məzələndi və hardansa bir güllə onun yalvarışına son qoydu. Artıq Dağdağanlı və Şirinsu dərələri erməni-rus birləşmələrindən azad edilmişdi. Bütün mövqelərdə itklərimiz olsa da düşmən vurulub kəndin ətrafından çıxarılmışdı. Cabir, Arşı, Qəhrəman və əldə silah olan hər kəs ölümünə döyüşürdü. Namaz Balakişiyev və İsmayıl Həsənovun açdığı atəş bizi qoruyur və düşmənin əlverişli keçidlərini tam məhdudlaşdırırdı. Düşmən sıxışdığı yerdə bizi ölüm mələyi kimi gözləyirdilər. Sağ cinahda Ortapəyə döyüşçülərinin qəhrəmanlığı sayəsində yüksəkliklər bizim nəzarətimizdəydi.
Öldürülənlərin əksəriyyətinin ruslar və hərbçilər olması bizi şoka salmışdı. 31 nəfərin arasında cəmi 3 nəfər erməni döyüşçü var idi. Sənədi olan ruslar əsasən Rostovlu idilər. Ermənilərdən isə yalnız biri Aterkdən idi. Digər öldürülən ermənilər də Rusiya vətəndaşlarıydılar»…
Namaz Balakişiyev deyir: «Bu döyüşdə öldürülənlərin çoxu ruslar idilər. Hətta snayper qadın Yakutiyadan idi. Onun sənədinə özüm baxmışdım. Dərədə düşmən tam heyətlə məhv edilmişdi. Bu döyüşdə düşməni məhv edən döyüşçülər bu gün də yaşayırlar. Sonra da silahlarını yerə qoymadan Ağdərənin azad edilməsində ön sırada olmuşlar…
…Günortaya yaxın artıq düşmən bütün mövqeləri tərk etməyə məcbur edilmişdi. Biz kömək gələcəyinə inanırdıq. İtkilərimiz vardı. Qəhrəman döyüşçülərimiz Əvəz, İsa, Əsəddin Novruzovların müxtəlif istiqamətlərdə şəhid olduqlarını öyrəndik. Amma döyüş əhval-ruhiyyəsi yüksəkdi. Çünki bütün istiqamətlərdə üstünlüyü ələ keçirmişdik. Hərdən İsmayıl ucadan hay çəkirdi ki, bərk durun, Ağdamdan bizə güclü kömək gəlir. Az qalıb»…
…Azərbaycanın isə «əlində işi vardı». Tez-tez ağlasığmaz «220 kənd» alıb verirdilər. Silahı bizə yox, digər rayonlara verib bizə deyirdilər ki, gedin batalyon yaradırıq, gəlib sizə kömək edəcəyik. Sonadək bir ədəd qrantamyot ala bilmədik. Şəxsən özüm istəyəndə dedilər ki, bircə qrantamyot vardı onu da Zaqatala batalyonuna veririk. Qrantamyot əldə etmək üçün İsmayıl Həsənov ermənilərin Cənyataq istiqamətindəki postuna girmiş və bir dənəsini əldə etmişdi. O da bizim mərmiləri atmırdı.
Ağdərə vuruşurdu, tək-tənha vuruşurdu. Qadınlı-kişili, oğullu qızlı döyüşürdü. Tanrıdan başqa onların yanında kimsə yoxdu.
Qorxmaz Talıbov: «Həsən dayı ətraf kəndlərdən xəbər gətirəndə artıq saat 20:30 radələriydi. Dedi ki, hər iki cinah əldən gedib. Biz isə postları möhkəmləndirirdik. Vertalyotlar tökən canlı qüvvələr bütün kəndi güllə yağışı altında saxlayırdı. Yanan güllələrdən göyün üzü tutuşmuşdu. Cinahların yarılmasından sonra burada qalmaq ölüm demək idi. Kəndi tərk etməyə qərar verdik. Dərəylə yenicə tərk edilmiş Ortapəyəyə gəldik. Yaxından BMP səsi gəlirdi. Demək düşmən mühasirəni daraltmağa qərar verib. Gətirdiyimiz yaralıları Xatınbəylinin aşağı tərəfində maşında qoymağa məcbur olduq və üzü qarlı dağ meşələrinə doğru yorğun insanların məşəqqətli yolçuluğu başladı»…
Namaz Balakişiyev: «Qar qurşağa çatırdı. Sərt yoxuşları, keçilməz aşrımları 2 günə aşıb Əliağalı kəndinə çatdıq. Bizi gözləyən belə yox idi. Artıq hər kəs yerişini itirmişdi. Bir yük maşınına yığışıb Maqsudlu kəndinə gəldik. Nurəddinin qaynatası don vurmuş ayaqlarımızı özü yudu. Bir kimsə bu insanı unutmayıb. Nəinki Azərbaycan, hətta Xocalı şokunu yaşamış Ağdam da bizi çox səssiz qarşıladı»…
Mən sizə 12 hekayət yazacam. Dostlara söz verdim. Yalnız döyüş həqiqətləri olan hekayətlər. Gördüyüm və öz adım kimi inandığım həqiqətlər. Bu gün özünü qəhrəman elan edən o saxta «cigitlərə» üz tuturam: «Savaşın epiloqu olmur». Savaş elə savaşdır. O hər gün var. Onun səması güllə, torpağı isə səngərdir, ən azı məzardır.
10 il öncə rus mətbuatında illərcə oğlunu axtaran bir rus anasının müraciətini oxumuşdum. Rus «maması» doğub millətlərə yalnız bədbəxtlik gətirmək üçün böyütdüyü «soldat» oğlunu soraqlayırdı. O qadın bəlkə də həyatdan oğlunun leşini görmədən köçdü. Amma bəlkə də, o gün, elə o dərədə gəbərən terrorçulardan biri, bəlkə də «Valera» çağıran və ya çağrılan onun oğluydu. Dinc həyatını yaşayan bir kəndə erməni köpəkləriylə birgə «rus xoşbəxtliyi» gətirmişdi. Ermənilərdən pul alsaydı anasına paltar alacaqdı. Bəlkə də o dərədən çıxsaydı anasıyla oturub qazandığı pullarla, qazandığı «zəfəri» qeyd edəcəkdi və sən də «müzəffər» oğlunla fəxr edəcəkdin rus «soldatın maması». Amma Tanrının inayətiylə oğlun elə Müzəffər kişinin gülləsindən yayına bilmədi…
Savaş qorxuncdur. Savaş ölüm, dağıntı gətirir. Amma Vətən əzizdir. Ana müqəddəsdir. Barış gözəldir. Bu əziz, müqəddəs və gözəl olanı qorumaq üçün savaş mütləqdir. Sülh istəyirsənsə, savaşmalısan, güclü olmağa məhkumsan. Biz savaş istəmirik, amma savaşa məhkumuq. Bunu belə bilin, bu ölkədə yaşamaq istəyənlər bu savaşı qazanmağa məcburdurlar…
…Bir də bu əfsanəvi tarixcəni qanıyla yazmış, uğrunda öldüyü məmləkətdə məzarı belə olmayan şəhidlərimizi unutmayın…
Fotoda erməni separatçıları ilə birgə döyüşmüş və gəbərmiş rusların qəbirləridir (Xankəndi)