“YA QƏHRƏMAN, YA GENERAL, YA DA ŞƏHİD OLACAĞAM” — Bir qazinin döyüş hekayəsi
«Qolum sanki havadan asılı qalmışdı. Bəlkə də bir tikə ətin ilişkisi olmasaydı yerə düşəcəkdi. Qalxmaq istədim. Ayağım sözümə baxmadı. Elə bildim ki, onu da itirmişəm. Birinci partlayış ayağımı, ikincisi isə qolumu yaralamışdı. Yenidən təkan verəndə üçüncü minanın lap yaxınlığında olduğumu anladım. Deyəsən uca Yaradanın nəzəri üstümdə imiş. Yoxsa üçüncüdən qurtulmaq mümkün olmazdı.
Günəş ətrafı yenicə işıqlandırmışdı. Ağrılar içində qıvrılırdım. Amma çalışırdım ki, kimsə hiss eləməsin. Hələ üstəlik həmin partlayışda Fuad Əsgərov bir gözünü itirmişdi. Nədənsə, daha çox onun halına acıyırdım. Tapançaya əl atdım, yerində yox idi. Avtomatı da götürmüşdülər. Hamının çıxması üçün əmr etdim. Üç nəfər qaldıq. Sanitar Şahin Ağayevə dedim ki:
-Silahımı verin, siz də çıxın!
-Silahları uşaqlar apardı.
— Elə isə öz avtomatını ver!
-Yox, verə bilmərəm!
Heç qumbaranı da vermədilər. Məqsədimi anlamışdılar. Bilirdilər ki, düşmənin içinə girib onlarla birgə özümü də partladacağam. Odur ki, «ya birgə çıxmalıyıq, ya da ölümə birgə gedəcəyik” deyib israr etdilər.
Xeyli yol getdik. Mənə elə gəlirdi ki ayağım yerində deyil. Şahin Ağayev yaralarımı sarısa da qan yenidən şoralanırdı. Taqətdən düşürdüm yavaş-yavaş. Artıq gözümün önündə ulduzlar sayrışırdı…
Gözlərimi açanda kimsə məni şillələyirdi.”
İstəkli oxucu, bu hekayət yaralansa belə üç minadan salamat qurtulan, ölümü gözləri ilə görən, ağrılar içində qıvrılarkən silahdaşlarına həyan olmağa çalışan kapitan Anar Məmmədova məxsusdur.
Anar məmləkətimizin baş şəhərində dünyaya göz açıb. Xətaidəki 64 saylı məktəbi başa vurandan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimi olub. Tarixə olan marağı qarı düşmənin zaman-zaman vurduğu yaraların acısını yaşatdırıb ona. Qardaşının və dayılarının hərbi libasını arabir geyinərək «mən də bu libasın sahibi olmalıyam, düşməni yalnız dizimin təpəri, qolumun qüvvəti ilə deyil, həm də ağlımın, savadımın gücü ilə yenməliyəm!” deyib arzularına çatmaq üçün həm də fiziki cəhətdən özünü hazırlayıb. Karate və taekvando ilə mütəmadi məşğul olub.
***
-«20 Yanvar dəhşəti, Xocalı soyqırımı və xalqımıza qarşı törədilən digər qətliamlar uşaq yaddaşımda dərin iz buraxmışdı. O qanlı olayları unutmaq mənim üçün çox çətin idi. Elə ona görə də içimdə nifrət hissi boy atırdı. İnanırdım ki o hiss bir gün öldürücü silaha çevrilib düşmənə tuşlanacaq.
Mehman dayım 20 Yanvar qırğını zamanı ağır yaralanmışdı, Abbasağa dayım da müharibə veteranı idi. Onları görəndə qürur duyurdum. Elə bilirdim ki, ən qorxmaz, ən cəsur insanlardı dayılarım. Hərdən onların hərbi libasını geyinib kəməri bağlayırdım belimə. Bax onda hərbçi olacağıma ümidim haha da artırdı.
Dayım 20 Yanvard ağır yaralansa da Qarabağ savaşında da iştirak eləyirdi. Hər dəfə o dəhşətli mənzərələri efir vasitəsilə izləyir, dayımın döyüş haqqında fikirlərini eşitmək, yaxud düşmənə vurduğu zərbədən söz salmağını istəsəm də, necə deyərlər, məni başından eləyirdi.
Beləcə, 11-ci sinifdə oxuduğum zaman qəti qərar verdim ki, hərbçi olacaq, düşmənə qarşı savaşacağam.”
Anar sənədlərini hazırlayıb Heydər Əliyev adına Ali Hərbi Məktəbə təqdim eləyəndə nə atasının, nə də anasının xəbəri vardı. O yaxşı bilirdi ki, etirazla qarşılanacaq. Çünki böyük qardaşı Azər artıq həmin məktəbin kursantı idi. Yəni iki qardaşın biri hərbçi olacaqdısa, digəri valideynlərinin qulluğunda durmalıydı. İradə ana oğlunun atdığı addımdan xəbər tutanda artıq gec idi. Hətta o gün Anar atasının xəbər tutmaması üçün anasına o ki var yalvardı da. Çünki atasının atacağı addımı təxmin eləmişdi.
Beləcə, Azər qardaşı Anarla hərbi məktəbin həyətində rastlaşanda gözlərinə inanmadı:
-Xeyir ola, mənimlə görüşə gəlmisən?
-Yox, hərbçi olmağa gəldim.
-Necə yəni, imtahansız qəbul olur?
-Narahat olma qardaş, imtahanlardan müvəffəqiyyətlə keçmişəm, artıq kursantam.
Azər çaşıb qalsa da, qardaşının boynunu qucaqlayıb uğurlar dilədi. Az sonra Yaşar kişi də oğlunu hərbi libasda görüb xeyir-dua verdi.
İllər bir-birini əvəzlədikcə təhsil müddəti də başa çatdı.
Anar o günləri belə xatırlayır: — Pəncərənin önündə əyləşmişdim. Xəyalım məni heç vaxt görmədiyim Laçına, Şuşaya, Kəlbəcərə, Ağdərəyə, Ağdama çəkib aparmışdı. O yerlərdə olmaqdan qürur duyurdum. Bir də axı özümə söz vermişdim, söz vermişdim ki, düşmən caynağında inləyən o torpağı azad eləmək üçün varlığımı əsirgəməyəcəyəm. Odur ki, illərdən bəri arzu və istəklərimdən çələng hördüyüm cib dəftərçəmə yeni bir cümlə də əlavə elədim: «YA QƏHRƏMAN, YA GENERAL, YA DA ŞƏHİD olacağam.”
**
Anar Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində dinləyici kursunu bitirdikdən sonra «N” saylı hərbi hissədə (Mingəçevirdə) kəşfiyyat bölüyündə tağım komandiri kimi fəaliyyətə başladı. O gün fərəhindən qəhərlənmişdi Anar. Bir zaman qardaşının və dayılarının hərbi libasını geyinib qürurlanan Anar artıq hərbçi idi, hətta çiynində qoşa ulduz parlayırdı.
-Yox, mən burada qalıb işləyə bilmərəm, axı özümə söz vermişəm. Namərd düşmənlə çəkəcəyim haqq-hesabım var, — düşündü Anar. Və komandanlıqdan xahiş elədi ki, ön xəttə göndərilməsi üçün razılıq versin.
Anar düşmənin ən çox hədəfdə saxladığı Ağdama yola düşdü və kəşfiyyat bölməsinin kəşfiyyat rəisi kimi fəaliyyətə başladı.
-O zaman düşmən tez-tez atəşkəsi pozur, mövqelərimizi atəşə tuturdu. Özlərini qalib göstərmək, üstünlük qazanmağa çalışırdılar. Hər dəfə də sərt müqavimətimizlə rastlaşaraq geri çəkilirdilər.
Talış kəndi istiqamətində düşmənin arxasına keçib əməliyyat keçirir, növbəti hücum üçün kəşfiyyat məlumatları əldə etməyə çalışırdıq. Axı kəşfiyyat ordunun görən gözü, eşidən qulağı, düşünən beynidir. Beləcə, Gülüstan qalasının həndəvərində lazımı məlumatları əldə edə bildik.
Hər zaman kəşfiyyata gedərkən elə bir zaman seçirdik ki, sübhə yaxın olsun. Çünki o zaman yuxunun ən şirin vaxtı, yəni düşmənin mürgü vuran vaxtıdır. Elə bir zamanda maneələr də aradan qalxır.
Gülüstan istiqamətində xeyli irəlilədik, hər tərəf meşəlik olduğu üçün qismən ləngisək də təyin olunan mövqeyə zamanında çatdıq. Çünki saat beş-altı radələrində fəaliyyətə keçəcəkdik. Bəzən gedəcəyimiz istiqamətdəki ətraf postlara minaatanlarla öncədən zərbələr endirirdik ki, hədəfimizi təyin edə bilməsinlər, yaxud da basqın edəcəyimizdən xəbərsiz olsunlar. Belə olan təqdirdə minaatanların zərbəsindən sonra kəşfiyyatın hərəkətindən zərrə qədər şübhələnmirdilər. Çünki bu taktikanı dəfələrlə təcrübədən keçirmişdik. Ona görə də hər hücumda 4-5 silahlını cəhənnəmə göndərirdik.
Sol tərəfimiz Qarqarçay, sağ tərəfimiz isə Xaçınçay idi. Geniş bir ərazi olsa da nəzarətdə saxlamaq üçün tez-tez kəşfiyyata çıxırdıq. Çünki son vaxtlar düşmən mütəmadi olaraq atəşkəsi pozur, adamı çilədən çıxarırdı.
Komandanlıqdan razılıq alan kimi qarşıdakı postun ətrafında minaları basdırıb geri çəkildik. Az keçmədi ki, partlayışın yaratdığı toz dumanı səmanı bürüdü. Məhz həmin gün iki erməni silahlısı həyatla vidalaşmalı oldu, digər ikisi isə ağır yaralandı.
***
Ərazidə bir-birindən aralı iki ferma vardı. Biri neytral zonada, digəri isə düşmənin arxasında idi. Ermənilər hansı əraziyə sahib olduqlarını təyin etmək üçün sərhəd çəkmişdilər. Hər sütunun yanında nəyinsə simvolu olan üçbucaq işarələr vardı. Neytral ərazidəki fermanı ələ keçirib üçbucağı götürdükdən sonra elə oradaca post qurduq. Ermənilər xəbər tutanda artıq bir həftə idi ki, orada idik. Hücum etməyə cürət etmədilər. Amma üçbucaq üçün çox yalvardılar, «geri qaytarın” deyə. Hansı bir anlamı kəsb etdiyini bilməsək də, onlar üçün dəyərli bir əşya idi o üçbucaq. Ona görə də qətiyyətlə uşaqlara tapşırdım ki, onu əldən verməsinlər. Beləcə, həmin ərazidə xeyli sayda mina «əkdik”. Təbii ki, barını ermənilər «dərəcəkdi”.
Elə bu ərəfədə qonşu postların birindən bizimlə əlaqəyə girdilər. Xəbər verdilər ki, qarşı tərəfdəki səngərdə erməni hərbçiləri dikdirə çıxıb əl-qol hərəkətləri ilə havada nəsə cızırlar. Ehtiyatı əldən verməyin! Bu, vaxtında verilmiş məlumat idi. Təcili postu tərk elədik, yenicə aralanmışdıq ki, az öncə durduğumuz mövqeyimizi gülləbaran etdilər. Bəlkə də bir an geciksəydik – oradan — o güllə yağışında qurtula bilməyəcəkdik.
Düşmənin silahları susmaqda ikən onları əks tərəfdən atəşə tutduq. Məhv edildiyimizi zənn edən düşmən güllə yağışının yerini də təyin etməkdə şaşırdı. Şıdırığı döyüş dağları, daşları qabağına qatıb aparan sel kimi qorxunc idi. Amma əsgərlərimiz ölümə meydan oxumaqda idilər. O gün qorxmaz oğulların cəsarəti məni daha da ürəkləndirdi. Onda bir daha hiss elədim ki, məmləkəti düşmənlərdən təmizləmək üçün bir həftə çox olar.
Ayıqlığı ilə fəndgirliyi ilə seçilən Aslan çox cəsur oğul idi. Sanki qurd ürəyi yemişdi. Düşmənin üzərinə ayaq üstə yeriyirdi. Elə bil ölüm ondan çəkinirdi. O, pulemyotun qaqqıltısından vəcdə gəlirdi elə bil. Pulemyotun arxasına keçən kimi alıcı quşa dönürdü. Heyif ki, bu amansız savaşdan qurtula bilmədi. Yanındakı silahdaşının dediyinə görə, alnındakı qırmızı nöqtədən – düşmənin hədəfindən yayınmaq üçün təkrar-təkrar xəbərdarlıq etsə də: «Mən heç nədən qorxmuram, öz torpağımdamı gizlənəcəyəm?!”- deyərək daha da od püskürüb düşmənə sarı.
Dörd-beş saatlıq döyüşdən sonra düşmən o istiqamətdə güllə atmağa ethiyat edirdi.
***
Anar komandirlik etdiyi dəstəsi ilə birlikdə növbəti dəfə Gülüstan qalasının arxasına keçdi. Nə yorulmadı, nə usanmadı. Hər an öndə, qabaqda oldu. Hətta komandanlıqdan irad tutdular ki, çox qabağa keçmə, çünki düşmən hədəfi daim komandirləri nəzarətdə saxlayır. O, gülümsəyərək cavab verdi: «Türklər demiş: Söz konusu Vatansa, gerisi tafarruatdı. Mən əsgəri təkbaşına göndərə bilmərəm, komandir öndə olmalıdır ki, əsgər arxalı, dayaqlı olduğunu hiss etsin!”
Artıq əsgərlərimiz postun beş addımlığında idi. Nişançılar hədəfin göründüyünü söyləyən kimi komandir Məmmədov atəş əmri verdi. O gün amansız savaş neçə-neçə silahlını qanına qəltan elədi.
Gənc olmasına baxmayaraq, hər bir əsgərə xüsusi diqqət və qayğı göstərən, kəşfiyyat və döyüş zamanı əsgərlərdən öndə olan, qorxmazlığı, diribaşlığı ilə seçilən, ağıllı taktiki gedişləri ilə düşməni tora salan komandir Məmmədov həmin döyüşdə düşmən gülləsindən yayınsa da, təəssüf ki, minalardan qurtula bilmədi.
Ağdamın Əfətli, Çıraqlı, Baş Qərvənd, Çəmənli, Goranboyun Gülüstan, Talış və neçə-neçə kənd uğrunda həm kəşfiyyatda, həm də qızğın döyüşlərdə mərdliklə vuruşaraq kapitan rütbəsinə qədər yüksələn Anar Məmmədov, müasir ordumuzun bəlkə də ən gənc kəşfiyyat komandiridir.
Ehtiyatda olan zabit, kapitan Anar Məmmədov müdavimi olduğu hərbi məktəbdə sabahın komandirləri olan gənclərə texnikanın və döyüşün sirlərini öyrətməklə məşğul olsa da, yenə də savaş üçün hazır olduğunu söyləyir. Hətta sol qolunu qurban verməklə ölümə qalib gələn Anarın ən böyük bir arzusu da var. Deyir ki, «Kaş müharibə yenidən başlaya, torpaqlarımızı azad edək və düşmənlə sərhəddə ən yüksək zirvəyə bayrağımızı sancam!”
Bəli, cənab kapitan, o gün uzaqda deyil, inanırıq, inanırıq ki, SİZİN və sizin kimi oğulların sayəsində bayrağımız o zirvələrdə dalğalanacaq!
ÖTƏRXAN ELTAC |News12.az|