Mübariz Eldar oğlu yazır…
Hörmətli AVMVİ Birliyinin dəyərli, igid və qəhrəman üzvləri!
Başda dəyərli sədrimiz Füzuli Rzaquliyev olmaqla, hər birinizi dərin ehtiramla salamlayır, Uca Yaradan tərəfindən insana bəxş edilən ən böyük nemət — can sağlığı və möhkəm iradə arzulayıram.
Tarixin çətin sınaqlarından alnıaçıq çıxmış bir toplum kimi yaxşı bilirik ki, haqq yolunda yürüyənlər hər zaman müqavimətlə üz-üzə qalır. Son dövrlərdə QHT-lərə, xüsusilə də veteran birlik və təşkilatlarına qarşı aparılan qərəzli hücumlar, qaralama kampaniyaları təəssüf ki, bizim təşkilatdan da yan keçməmişdir.
Vaxtilə Vətənin ağır günündə müxtəlif bəhanələrlə ölkəni tərk etmiş, müharibənin məsuliyyətindən yayınmış bəzi ünsürlərin bu gün məhz veteran təşkilatlarını hədəf alması təsadüfi deyil. Bu, dövlətçiliyə, xalq-ordu-lider birliyinə qarşı yönəlmiş düşünülmüş və məqsədli cəhdlərin tərkib hissəsidir.
Unutmuruq ki, bir zamanlar əlillərin hüquqları süni maneələrlə məhdudlaşdırılaraq, onların narazılığından daxili gərginlik yaratmaq istəyən qüvvələr mövcud idi. Məqsəd Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə qarşı yönəlmiş gizli fitnə ocaqları yaratmaq idi. Lakin sağlam düşüncəli, dövlətinə sadiq veteranlar olaraq biz buna imkan vermədik. Bu gün də eyni ssenarinin müxtəlif formalarda təkrarlandığını görürük.
Məhz bu reallıqlar fonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi mühüm fikirlər hər birimiz üçün mənəvi dayaq və yol göstəricisidir. Cənab Prezident həmin çıxışında daxili çətinliklərə dözməyin yolverilməz olduğunu, problemlərin gizlədilmədən açıq şəkildə dilə gətirilməsinin vacibliyini xüsusi vurğulamışdır. Eyni zamanda əvvəlki illərdə səsləndirdiyi “Mənə siqnal verin” çağırışı dövlət rəhbərinin xalqa və xüsusilə də Vətənə xidmət etmiş insanlara açıq və məsuliyyətli münasibətinin bariz nümunəsidir.
Biz də məhz bu dövlətçilik mövqeyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə rəsmi teleqram ünvanladıq.
Teleqramın mətni:
Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Neftçala rayon veteranları Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti qətiyyətlə dəstəkləyir. Təşkilatımızın üzləşdiyi bəzi hüquqi və inzibati çətinliklərin aradan qaldırılması üçün Sizin müdaxilənizi və müvafiq göstərişlərinizi xahiş edir, qəbulunuza ümid bəsləyirik.
Neftçala rayon şöbəsinin sədr müavini
Rahim Manafov
Hazırda qardaş Türkiyə Respublikasında müalicə aldığım üçün təşkilatdakı cari işlər təşkilatın psixoloqu və sədr müavini Rahim Manafov tərəfindən icra olunur.
Bu müraciəti yazmaqda əsas məqsədim bütün təşkilat üzvlərinə səslənərək deməkdir:
Biz bu torpaq uğrunda birlikdə qan tökdük, can verdik, can aldıq, lakin heç vaxt başımızı aşağı əymədik. Bu gün də eyni birlik və iradə ilə, daxildən və xaricdən yönələn zərərli niyyətli ünsürlərdən təşkilatlarımızı və cəmiyyətimizi tam şəkildə təmizləməliyik.
Vətənə sədaqət yalnız səngərdə deyil, mənəvi mövqedə, əxlaqi duruşda və haqqı demək cəsarətində özünü göstərir. Bizim yolumuz haqq yoludur, bu yol isə ancaq birliklə qorunur.
Dərin hörmətlə,
Mübariz Eldar oğlu
AVMVİB – Neftçala rayon şöbə sədri
“Veteran.az” qəzetinin Şirvan–Salyan regional yazarı