Ermənilərin əsir götürdüyü Tamaranın fəryadı — «Məni xilas edin»

26.07.1992-ci ildə Azərbaycanın Tovuz rayonunda ermənilər tərəfindən girov götürülən 22 yaşlı Tamara Hüseynovanın ailəsinə yazdığı məktublar gənc və müdafiəsiz bir qızın fəryadıdır: “Anam, qardaşım! Zindanda çürüyən canım sizə qurban, məni axtarın. Hər gün «ana, bacı, qardaş» deyə ağlayıram. Yalvarıram, nə olar, məni erməni əsirliyindən qurtarın!»
İyulun 30-da Tamaranın radio vasitəsilə Azərbaycan Respublikası Ağstafa rayonu icra başçısının müavini İlham Orucovla telefon əlaqəsi baş tutdu. Tamara, Ermənistanın Berd rayonunda saxlanıldığını söylədi. Avqust ayında, Azərbaycan və Ermənistan sərhəd bölgəsi nümayəndələrinin görüşündə Ermənistan Kəşfiyyatının polkovniki Aleksandr Tovmasyan, polis rəisi Çarlz, Daşnaksütyunun Şəmsəddin mahal başçısı Robert, Tamaranın Ermənistanın Berd rayonu Paravakar kəndində axtarışda olan Mger Alaverdiyanın evində saxlanıldığını təsdiqlədilər.

Noyabrın 6-da Şamir Alaverdiyan (ünvanı: Yerevan-74, Nijnıy Şenqavit küç, 35 / 22.) Tamaranın qardaşı Akif Hüseynova zəng edərək, Tamaranı axtarışda olan Mger Alaverdiyan ilə dəyişmək istədiklərini bildirdi. Akif Şamir Alaverdiyanla bir neçə dəfə Tbilisidə görüşdü və ondan digər məhbusların və girovların da siyahısını götürdü.
1993-cü ilin noyabr ayında Volodya adlı erməni Azərbaycan Kəşfiyyatının Qazax bölgə müdiri Aydın Muradovla və 23.06.1994-cü ildə Ermənistan Kəşfiyyatının Novemberyan bölgə müdiri Alik Sarumyan, Helsinki Vətəndaş Assambleyasının nümayəndəsi Arzu Abdullayeva ilə görüşündə Tamara Hüseynovanın Ermənistanda fərdi evdə saxlanıldığını təsdiqlədi.
Mger Azərbaycanda olmadığından ermənilər Tamaranı geri qaytarmaq üçün 2000 dollar istədilər. Tamaranın ailəsi tələb olunan pulu tapa bilmədi.
Azərbaycan Tamaranın geri qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdikdə, erməni tərəfi Tamaranın məktubunun Tamaraya aid olmadığını iddia etdi. Azərbaycan Respublikasının Əsir və Girov Götürülmüş şəxslər üzrə Dövlət Komissiyası göndərilən yazını Tamaranın evdə qalmış məktubu ilə müqayisə edərək, onun həqiqətən də Tamara tərəfindən yazıldığını müəyyən etdi.
Bütün sübutlar beynəlxalq təşkilatlara təqdim edildi. Bundan sonra Tamaradan heç bir xəbər çıxmadı. Dövlət Komissiyasının arxivində Tamaranın yazdığı məktublar, suallar, cavablar, yazışmalar və Akif Hüseynovun bacısının izlərini axtararkən, ermənilərdən aldığı siyahılar hələ də Tamaranın erməni əsirliyindən xilas olunmasını gözləyir. Tamaranın özü yoxdur, ancaq səsi həmişə qulaqlarımızda qalacaq:
«Məni zindandan qurtarın!»
Dr. Aygün Həsənoğlu

