Çin virusu: Koronavirus nədir və nə dərəcədə narahat olmalı?
James Gallagher — Səhiyyə və elm müxbiri /BBC/
Son zamanlaradək elm üçün naməlum qalan virus Çində kəskin ağciyər xəstəliklərinə səbəb olur. Onu artıq digər ölkələrdə də aşkar ediblər.
2019-nCoV adlanan virus ilk olaraq dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb. Fevralın 24-də bildirilib ki, Çində təxminən 77 min insan bu virusa yoluxub, ölənlərin sayı 2,600-ə yaxındır.
Virus 30 başqa ölkədə də tapılıb, 1200 nəfərin bu xəstəliyə yoluxduğu, 20 nəfərin isə öldüyü bildirilir.
Yeni aşkar olunan virus sətəlcəm xəstəliyinə səbəb olur. Bu daima narahatlıq doğuran haldır və səhiyyə işçiləri hazırlıq tədbirlərinə başlayıblar.
Bəs görəsən yeni virusun yayılması müvəqqəti alovlanmadır, yoxsa bu, daha ciddi təhlükənin ilk təzahürüdür?
Bu necə bir virusdur?
Çin rəsmilərinə əsasən, xəstəliyi doğuran yeni koronovirusdur.
Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər.
2002-ci ildə Çində koronovirusun doğurduğu Şiddətli Kəskin Respirator Sindromu (Sars) 774 nəfərin ölümünə bais olmuşdu.
«Sars yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq», — Wellcome Trust-dan doktor Josie Golding deyir.
Simptomlar nə qədər ağırdır?
Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin hospitalizasiyasına ehtiyac yarana bilər.
Virusla bağlı məlumatların çoxu xəstəxanadakı müalicə vaxtı toplanılıb. Mülayim və ya simptomsuz keçən xəstəliklər barədə məlumatlar mövcud deyil.
Koronavirus qrupuna aid viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə olunan simptomlara səbəb ola bilər.
«Yeni bir koronavirusa rast gələndə simptomların nə qədər şiddətli olduğunu öyrənmək istəyirik. Simptomlar soyuqdəymə vaxtı yer alan simptomlardan daha şiddətli olur və bu, narahatedicidir, lakin onlar Sars qədər ciddi deyil», — Edinburgh Universitetindən Prof. Mark Woolhouse bildirir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), donuz qripi və Ebola epidemiyası vaxtı olduğu kimi, qlobal miqyasda ictimai səhiyyə ilə əlaqədar fövqəladə vəziyyətin elan edilməsini nəzərdən keçirir.
Nə qədər ölümcüldür?
On yeddi nəfərin virusdan öldüyü məlumdur. Bu, qeydə alınmış halların yalnız üç faizinə bərabərdir. İnfeksiya yalnız müəyyən müddətdən sonra ölümcül olur, buna görə də xəstələr arasında tələfatların sayı arta bilər.
Qeydə alınmayan yoluxma hallarının sayı barədə məlumat mövcud deyil.
Virus haradan gəlib?
Yeni virusların ortaya çıxması mütəmadi prosesdir.
Bəzi hallarda bir müddət gözə dəyməyən virus heyvanlardan insana ötürülə bilər.
«Keçmişdə ortaya çıxan xəstəliklərin yayılmasına nəzər salsaq, yeni koronavirusun heyvanlardan (insana) keçməsini görərik», — Nottingham Universitetinin virusoloqu prof. Jonathan Ball deyir.
Yarasalarda başlayan Sars palma pişiklərinə — onlardan isə insanlara keçdi.
2012-ci ildə Yaxın Şərq tənəffüs sindromu (Mers) baş qaldırdı. O vaxtdan bəri bu xəstəliyə düçar olan 2,494 xəstədən 858-i vəfat edib.
Lakin müntəzəm olaraq birhürgüclü dəvələrdən keçən yoluxma halları qeydə alınır.
Hansı heyvandan ötürülüb?
Heyvanların saxlanıldığı yer (virusun yayılmağa başladığı ilk məkan) aşkar edildikdən sonra problemin həlli xeyli asanlaşır.
Koronavirus hadisələri Uhandakı Cənubi Çin Dəniz Topdan Satış Bazarı ilə əlaqələndirilir.
Bəzi dəniz məməliləri (Ağ balina kimi) koronovirus daşıyıcısı ola bilər. Lakin böyük bir ehtimalla virusun daşıyıcısı bu bazarda satılan toyuq, yarasa, dovşan və ya ilan kimi vəhşi canlılardan biri olub.
Niyə Çin?
Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar, professor. Woolhouse deyir.
«Növbəti alovlanmanın Çində və ya dünyanın bu hissəsində əmələ gəlməsi heç kimi təəccübləndirməyib».
Virus insandan insana asanlıqla ötürülürmü?
Virus ortaya çıxanda Çin rəsmiləri, onun insandan insana ötürülmədiyini dedilər. Amma bu cür halların yer aldığı artıq təsdiqlənib.
«Gün kimi aydındır ki, virus insandan insana ötürülür», — Oxford Universitetindən prof. Peter Horby deyir.
«Mühüm sual onun nə qədər yoluxucu olmasıdır».
Sars insanlar arasında asanlıqla yayılır, lakin Mers-ə yoluxmaq üçün çox sıx təmasda olmaq lazımdır.
Yeni virus ağciyərləri hədəfə alır, buna görə də, onun daha çox öskürək və asqırma yolu ilə yayıldığını demək olar.
Bəzi insanların infeksiyaya daha həssas olub-olmadığını da müəyyən etmək vacibdir.
Virusun nə vaxt yoluxucu olduğu da müəyyənləşməyib. Bu, simptomların başlanmasından əvvəl, yoxsa sonra baş verir?
Nə qədər sürətli yayılır?
Belə görünə bilər ki, bir həftədən az bir müddət ərzində xəstələrin sayı 40-dan 500-ə çatıb. Ancaq bu yanlış təəssüratdır.
«Yeni» sayılan halların əksəriyyəti artıq mövcud idi və onlar nəzarət gücləndirildikdən sonra aşkara çıxdı. Lakin mütəxəssislər hesab edir ki, xəstələrin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır.
«Çox güman ki, Uhanda yeni koronovirusun səbəb olduğu orta və kəskin respirator xəstələrin sayı hazırda deyiləndən xeyli yüksəkdir».
Xəstəliyin episentri Uhan şəhərində yerləşır. Lakin Tailand, Yaponiya, Cənubi Koreya və ABŞ-da da belə halların qeydə alındığı göstərilir.
Xəstələrin demək olar ki, hamısı Uhana səfər edənlərdir. İstisnanı Tailandda baş verən bir yoluxma halı təşkil edir. Burada yoluxma mənbəyi heyvan olub.
Çin Yeni il bayramı ilə bağlı səyahət edən yüz milyonlarla insan virusun daha sürətlə yayılmasına şərait yarada bilər.
Virus mutasiya edə bilərmi?
Bəli, virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini gözləmək olar. Ancaq bunun mümkün nəticələrini izah etmək daha çətindir.
Yeni koronavirus bir canlıdan digərinə ötürülür.
Mutasiya nəticəsində onun insandan insana keçməsi asanlaşa bilər. Həmçinin, xəstəliyin simptomları da kəskinləşə bilər. Bunlar alimlərin diqqət mərkəzində qalan məsələlərdir.
Virusu necə dayandırmaq olar?
Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir.
Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər.
Əlavə olaraq — kütləvi toplaşmağa və səyahətə məhdudiyyətlər qoyula bilər.
Çin hakimiyyətinin reaksiyası necə olub?
Çinin Milli Səhiyyə Komissiyası bildirib ki, sakinlər Uhan şəhərini tərk etməməlidir. Girişə də məhdudiyyətlər tətbiq olunmaqdadır.
Yayılma riskini minimuma endirmək üçün xəstələr təcrid olunmuş vəziyyətdə müalicə edilir.
Səyahət edənlərin temperaturunun yoxlanılması kimi, bir sıra tədbirlər görülür.
Dəniz məhsulları bazarı dezinfeksiya üçün bağlanılıb.
Dünya necə reaksiya verir?
Əksər Asiya ölkələri Uhandan gələn səyahətçilərin yoxlamalarını gücləndirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəxanalara ünvanladığı xəbərdarlığında yoluxma hallarının arta biləcəyi bildirilir. Sinqapur və Honqkonq, Uhandan gələn sərnişinləri yoxlayır.
Buna bənzər addımlar ABŞ və Britaniya da elan olunub. Hərçənd ki, bu cür tədbirlərin effektivliyi ilə bağlı suallar mövcuddur.
İnfeksiya baş verərsə, onun ilk simptomları özünü beş gündən sonra göstərir və bu deməkdir ki, xəstə özünü pis hiss edənə kimi dünyanın bir başından o biri başına maneəsiz səyahət edə bilər.