Vətənə xidmət endirimlə deyil, vicdanla qiymətləndirilməlidir

Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə: “Nazirlər Kabinetinin qərarına əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması) ödədikləri vəsaitin 20 faizi qədər maliyyə yardımı ödənilir. Bu ödənişlər aylıq olaraq sahibkarların hesabına köçürülür və 10 il müddətinə şamil edilir. Nazirlər Kabinetinin son qərarı ilə bu yardımın əhatə dairəsi daha da genişləndirilib.” Əlbəttə, bu qərar iqtisadi inkişaf baxımından müsbət və alqışa layiq addımdır. Lakin bir vətənpərvər, bir döyüşçü, bir müharibə veteranı olaraq bir sual məni düşündürür: İşğaldan azad edilmiş torpaqları canı, qanı, sağlamlığı bahasına azad edən, ömrünü səngərlərdə qoyan veteranlara bu güzəştlər niyə şamil olunmur?! Sahibkar yaxşıdır, ölkə iqtisadiyyatı inkişaf etməlidir – buna etiraz yoxdur. Amma gəlin reallığı unutmayaq: Bizlər – yəni veteranlar, o torpaqlar uğrunda döyüşdüyümüz, qanımızı axıtdığımız vaxtda, bir çox “sahibkar”lar o cəbhə arxasında milyonlar qazanır, oğullarını xaricdə oxudur, 2 milyonluq saat taxır, dollarla siqaret yandırır, ayı ovuna çıxırdı! İndi isə həmin “sahibkarlar” yenidən imtiyazlı təbəqəyə çevrilir, qazilərin, döyüşçülərin dayağı olan veteran təşkilatlarına hücum çəkərək qaralama kampaniyaları aparırlar. Bunun adı ədalət deyil! Bunun adı vətənpərvərlik siyasəti deyil! Bəs bir sual da var, hörmətli oxucular: — 44 günlük Vətən Müharibəsində Füzulinin azad olunması uğrunda döyüşən igid qardaşım mükafatlandırılırsa – çox gözəl, haqqıdır, halal olsun!
Amma bəs 1991-94-cü illərdə biz həmin torpaqlar uğrunda döyüşərkən harada idik?! O zaman döyüşdüyümüz yerlər Vətən deyildimi?! Əgər vətən idisə, niyə o döyüşlərdə igidlik göstərənlərə bu gün “Füzuli uğrunda”, “Laçın uğrunda” medalları verilməsin?! “Biz qazilərin gücü, şəhidlərin qanı bahasına 20 faiz torpaqlarımızı azad etdik. Onlar üçün nə etsək azdır.” Demişdi. Elə isə sual budur: — O “azdır” dediyimiz qəhrəmanlara bu vətən daha nə verəcək?! Əgər onların zəhməti, qanı, sədaqəti unudulursa — deməli, Vətən yaddaşında bir nasazlıq var!
Mən bu qərarı alqışlayıram, amma ədalətin tək tərəfli olması ilə razı deyiləm. Bu torpaqlara sahibkarların pulu yox, veteranların qanı bahasına sahib çıxıldı. Bunu unudan Vətən — sabah yenə eyni səhvi təkrarlayar! Oxucularımdan xahişim odur ki, bu yazıya münasibətinizi bildirin.
Bəlkə də mən səhv düşünürəm… Amma mənim vicdanım susmur
Mübariz Eldar oğlu
“Veteran.az” qəzetinin Şirvan–Salyan regional yazarı