Əmanətə sədaqət, Turana doğru müqəddəs yolçuluq
Fəna aləmindən bəqa mülkünə köçmək, cismin torpağa tapşırılıb ruhun əbədiyyət günəşinə qovuşmasıdır. Kamil insanlar ölmür, onlar sadəcə məkan dəyişib, qoyduqları əməllərin, müqəddəs idealların nurunda yaşamağa davam edirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mərhum sədri, unudulmaz ustadımız Füzuli Ədiboğlunun qəfil haqq dünyasına qovuşması hər birimizin qəlbini dərin bir hicran və həsrət atəşi ilə yandırdı. Uca Yaradandan Füzuli müəllimə və bu müqəddəs Vətən torpağının hər qarışı uğrunda canını fəda etmiş bütün şəhid fədailərimizə rəhmət diləyirik.
Ruhları şad, məkanları cənnət olsun! Lakin kədər insanı ümidsizliyə sürükləmək üçün deyil, əksinə, onu daha böyük bir məsuliyyətə və əmanətə sadiqliyə kökləmək üçündür. Cəmiyyətimizin iş axarının dayanmaması, müqəddəs yolumuzun yarımçıq qalmaması naminə AVMVİB İdarə Heyətinin 16 noyabr 2026-cı il tarixli qərarı ilə Vahid Abdurəhmanovun birliyimizin sədri təyin olunması, həm Neftçala rayon şöbəsi, həm də şəxsən mənim üçün zamanın ruhuna uyğun, tam isabətli, müdrik və layiqincə verilmiş bir qərardır. Bu təyinatda ilahi bir hikmət və ruhi bir davamlılıq vardır. Vahid müəllimin özünün də dərin bir ehtiramla ifadə etdiyi kimi: — «Biz bu təşkilatı Füzuli müəllimin fikirini və şəhidlərimizin əmanətlərini qorumaq üçün davam etdirməliyik.» Bəli, bu, sadəcə təşkilati bir vəzifə deyil, şəhid qanı ilə yoğrulmuş bir əmanətə sadiqlik andıdır!
Yadımdadır, rəhmətlik Füzuli müəllim mənə xitabən belə demişdi: «Seyyidim, əvvəl sağal gəl, birinci Zəngəzurda o yolu bərabər yürüyək, sonra isə Turanın Qızıl Almasına doğru adımlayaq.» Bu sözlər təkcə bir arzu deyil, həm də böyük bir məfkurənin – Vətən eşqinin və Turan sevdasının vəsiyyəti idi.
Bu gün o müqəddəs yolu – əvvəlcə Zəngəzur dəhlizindən keçib, sonra böyük Turanın Qızıl Almasına doğru uzanan o şərəfli cığırı məhz Vahid müəllimin rəhbərliyi altında addımlamaq tam məqsədəuyğundur. Çünki Vahid müəllim hər zaman həm Füzuli müəllimin, həm də bütün AVMVİB üzvlərinin sevimlisi, təşkilatımızın döyünən ürəyi və damarlarından axan qanı olmuşdur. Dəfələrlə həm hüquqi, həm də ictimai məsələləri «Dayı»dan – Füzuli müəllimdən məsləhətləşərkən mənə belə deyərdi: «Seyyidim, mənə bunları demə, get Vahid müəllimlə məsləhətləş, o, hüququ daha yaxşı bilir.» Bu etimad – ustadın müridinə, sərkərdənin silahdaşına verdiyi ən ali mənəvi zəmanət idi. Şərq fəlsəfəsində deyildiyi kimi, eşq və sadiqlik birləşəndə qarşıda heç bir sədd dura bilməz. Mən bir rayon sədri olaraq başda Vahid müəllim olmaqla, bütün AVMVİB ailəsini bu şərəfli və məsuliyyətli təyinat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İlahi! Bu müqəddəs və şərəfli işimizdə bizlərə öz dərgahından yardımçı ol. Təşkilatımızın üzərində dolaşan qara buludları, kədər və qüssəni rəhmət küləyinlə dağıt. Birliyimizi sarsılmaz, sıralarımızı mətin, sözümüzü kəsərli, yolumuzu isə işıqlı eylə. Bizləri şəhidlərimizin ruhu və Füzuli müəllimin əmanəti qarşısında üzüağ, alnıaçıq çıxar. Qədəmlərimizi Zəngəzurun zirvələrinə, könüllərimizi isə uca Turanın Qızıl Almasına qovuşdur. Amin!
✍️ Seyyid Mübariz Eldar oğlu
AVMVİB Neftçala rayon şöbəsinin sədri