8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ TARİX, DÖVLƏT SUVERENLİYİ VƏ GƏLƏCƏK İNKİŞAF STRATEGİYASI
ADPU-nun baş müəllimi, b.ü.f.d. Balaxanova Qumru Vasif qızı
Vətən müharibəsinin gedişində Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyi və Ali Baş Komandan kimi fəaliyyəti Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə nail olmasında mühüm rol oynamışdır. Dövlət başçısı uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmiş, beynəlxalq təşkilatlarda və diplomatik platformalarda ölkəmizin hüquqi mövqeyini müdafiə etmişdir. Xüsusilə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasının təmin edilməsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin mühüm istiqamətlərindən biri olmuşdur. 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək ölkənin ərazi bütövlüyünün müdafiəsi istiqamətində hərbi əməliyyatların başladığını bildirmişdir. Müharibənin 44 günü ərzində dövlət başçısı xalqa müntəzəm müraciətlər etmiş, beynəlxalq media qurumlarına müsahibələr vermiş, Azərbaycanın mövqeyini tarixi faktlar və hüquqi əsaslarla izah etmişdir.
Bu çıxışlar həm ölkə daxilində informasiya təminatının gücləndirilməsinə, həm də beynəlxalq ictimaiyyətin müharibənin gedişi barədə məlumatlandırılmasına xidmət etmişdir. Prezident İlham Əliyevin müharibə dövründəki mövqeyinin mühüm xüsusiyyətlərindən biri qarşıya qoyulmuş məqsədlərdən geri çəkilməməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını əsas prinsip kimi müdafiə etməsi idi. Dövlət başçısı müxtəlif çıxışlarında Ermənistan rəhbərliyindən işğal edilmiş ərazilərdən çıxmaq üçün konkret tarix və qrafik təqdim etməyi tələb etdiyini, belə bir razılıq əldə olunacağı təqdirdə hərbi əməliyyatların dayandırılmasının mümkünlüyünü bildirmişdir. Bu mövqe Azərbaycanın hərbi əməliyyatlarla yanaşı, münaqişənin siyasi-diplomatik həllinə də üstünlük verdiyini göstərirdi. Müharibənin gedişində Azərbaycan Ordusunun əldə etdiyi uğurlar dövlət başçısının rəhbərliyi altında həyata keçirilən hərbi-siyasi strategiyanın mühüm nəticələrindən biri oldu. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin azad edilməsi, strateji yüksəkliklərin və çoxsaylı yaşayış məntəqələrinin nəzarətə götürülməsi əməliyyatların sonrakı mərhələləri üçün əlverişli şərait yaratdı. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyinə həlledici təsir göstərdi.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın azad edildiyini rəsmi şəkildə bəyan etdi.. Dövlət başçısının həmin müraciətdə səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi Zəfər tarixinin rəmzi ifadələrindən birinə çevrildi. Prezidentin “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı dövlət mövqeyini və xalqın tarixi gözləntilərini ifadə edən mühüm mesaj kimi yadda qaldı. Bu müraciət yalnız hərbi uğurun ictimaiyyətə çatdırılması deyil, eyni zamanda müharibənin gedişində əldə edilmiş nəticələrin siyasi və mənəvi əhəmiyyətinin vurğulanması baxımından da diqqətəlayiq idi. 2020- ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutuldu. Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-nin Zəfər Günü elan edilməsi Şuşanın azad edilməsinin dövlətçilik tariximizdəki xüsusi əhəmiyyətini təsdiqlədi.
Bu qərar hər il həmin tarixi hadisənin qeyd olunmasına, şəhidlərin xatirəsinin yad edilməsinə və Vətən müharibəsinin tarixi nəticələrinin gələcək nəsillərə çatdırılmasına hüquqi əsas yaratdı. Prezident İlham Əliyevin müharibə dövründə nümayiş etdirdiyi siyasi qətiyyət, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, şəhid və qazilərimizin fədakarlığı, xalqın vahid məqsəd ətrafında birləşməsi Zəfərin əldə olunmasının əsas amilləri kimi qiymətləndirilə bilər. Bu tarixi hadisə göstərdi ki, dövlətin strateji məqsədlərinə nail olunmasında siyasi iradə, milli birlik, güclü müdafiə potensialı və ardıcıl dövlət siyasəti mühüm əhəmiyyət daşıyır.