Döyüş tapşırıqları zamanı yaralanmış zabitin müraciəti aidiyyəti qurumların diqqətini gözləyir
Döyüş şəraitində sağlamlığını itirmiş hərbçilərin sosial təminatı dövlət-vətəndaş münasibətlərinin ən həssas istiqamətlərindən biridir. Bu sahədə qəbul edilmiş qanunlar, Prezident fərmanları və sosial müdafiə mexanizmləri məhz belə insanların layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Lakin bəzən konkret müraciətlər göstərir ki, müəyyən qərarlar cəmiyyətdə suallar doğurur və onların yenidən araşdırılmasına ehtiyac yaranır.
Belə müraciətlərdən biri ehtiyatda olan zabit, kapitan Avdiyev Akim Şakir oğluna məxsusdur. Onun sözlərinə görə, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Ali Hərbi Məktəbi bitirib, kapitan rütbəsinə qədər yüksəlib və ümumilikdə 15 il hərbi xidmət keçib. Xidməti dövründə ən mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirib, düşmənlə təmas xəttində xidmət edib, göstərdiyi xidmətlərə görə müxtəlif təltiflərlə mükafatlandırılıb.
Avdiyev bildirir ki, xidmət zamanı iki dəfə güllə yarası alıb. Onun təqdim etdiyi tibbi sənədlərdə də bu faktın öz əksini tapdığı qeyd olunur. Məhz həmin sağlamlıq problemləri nəzərə alınaraq ona III qrup əlillik təyin edilib, əlilliyə görə pensiya və Prezident təqaüdü verilib. Beş il ərzində bu təminatlardan istifadə edən keçmiş zabit sonradan əlillik statusunun ləğv edildiyini, bununla birlikdə Prezident təqaüdünün də dayandırıldığını bildirir.
Əslində mübahisənin mahiyyəti pensiyanın kəsilməsindən daha çox yaranmış ziddiyyətlə bağlıdır. Keçmiş zabitin fikrincə, əgər dövlətin səlahiyyətli qurumları onu artıq sağlam hesab edirlərsə, bu halda onun hərbi xidmətə qayıtmasına və ya sağlamlıq vəziyyətinə uyğun əmək fəaliyyəti ilə məşğul olmasına imkan yaradılmalıdır. Əgər bu mümkün deyilsə və o, hərbi-həkim komissiyasının qərarı ilə xidmətə yararsız sayılırsa, o zaman sosial təminatın hansı əsasla dayandırıldığı aydınlaşdırılmalıdır. Onun sözlərinə görə, hərbi biletində «156 B» maddəsi əsasında hərbi xidmətə yararsız olması barədə qeyd aparılıb. Bu isə faktiki olaraq onun yenidən ordu sıralarında xidmət etməsini istisna edir. Digər tərəfdən, o iddia edir ki, bədənində hələ də bir neçə qəlpə qalır və bununla bağlı tibbi sənədlər mövcuddur. Belə vəziyyətdə ortaya çıxan sual kifayət qədər sadə, eyni zamanda hüquqi baxımdan ciddi görünür: əgər şəxs hərbi xidmətə yararsız hesab olunursa və sağlamlıq vəziyyəti tam bərpa edilməyibsə, sosial təminatın dayandırılması hansı hüquqi və tibbi əsaslara söykənir? Əksinə, əgər sağlamlıq vəziyyəti tam bərpa olunubsa, onda onun əmək hüququnun və ya hərbi xidmətini davam etdirmək imkanının necə təmin olunacağı məsələsi də cavablandırılmalıdır.
Əlbəttə, əlilliyin müəyyən olunması və ya ləğvi yalnız səlahiyyətli tibbi ekspertiza orqanlarının qərarı əsasında həyata keçirilir və bu qərarların hüquqi əsasları mövcuddur. Lakin söhbət uzun illər Vətənə xidmət etmiş, döyüş tapşırıqları zamanı yaralanmış bir zabitdən gedirsə, onun müraciətində qaldırdığı məsələlərin hərtərəfli araşdırılması həm hüquqi, həm də mənəvi baxımdan vacib görünür.
Bu yazının məqsədi hər hansı dövlət qurumunun qərarını şübhə altına almaq deyil. Məqsəd cəmiyyət üçün də maraq doğuran bir hüquqi ziddiyyətə diqqət çəkməkdir. Bir tərəfdən şəxsin hərbi xidmətə yararsız olması barədə qərar qüvvədə qalır, digər tərəfdən isə onun əlillik statusu və bununla bağlı sosial təminatı ləğv edilir. Bu iki qərarın qarşılıqlı uyğunluğu barədə sualların yaranması təbiidir.
Keçmiş zabitin müraciətində diqqət çəkən digər bir məqam isə onun sosial vəziyyəti ilə bağlıdır. O bildirir ki, əlillik statusu ləğv edildikdən sonra nə əvvəlki peşəsinə qayıda bilir, nə də sağlamlıq vəziyyətinə uyğun daimi işlə təmin olunur. Buna baxmayaraq, aliment öhdəliyini yerinə yetirə bilmədiyinə görə inzibati məsuliyyətə cəlb edildiyini, cərimə olunduğunu və sonradan 20 sutka müddətinə inzibati qaydada həbs edildiyini deyir.
Şübhəsiz ki, aliment övlad qarşısında qanundan irəli gələn məsuliyyətdir və hər bir valideyn bu öhdəliyi yerinə yetirməlidir. Lakin burada ortaya çıxan əsas sual başqadır: əgər dövlət orqanlarının qənaətinə görə vətəndaş əmək qabiliyyətlidir və artıq əlillik statusuna malik deyil, bəs niyə onun işləməsinə, gəlir əldə etməsinə və həmin alimenti ödəməsinə şərait yaradılmır? Əgər o, sağlam hesab edilirsə, niyə hərbi xidmətə yararsız sayılır və əmək bazarında öz peşəsinə uyğun fəaliyyət göstərmək imkanı əldə edə bilmir?
Bu məsələdə diqqət çəkən ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən vətəndaşın sosial təminatı dayandırılır, digər tərəfdən ondan gəlir tələb edən öhdəliklərin icrası tələb olunur. Gəliri olmayan şəxsin aliment borcuna görə məsuliyyət daşıması qanunun tələbidir, lakin həmin şəxsin işləməsinə imkan verilməməsi və ya sosial statusu ilə bağlı yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmaması problemin həllinə deyil, daha da dərinləşməsinə səbəb olur. Elə buna görə də Avdiyev Akim Şakir oğlunun müraciətində qaldırdığı məsələlərin aidiyyəti qurumlar tərəfindən kompleks şəkildə araşdırılması, həm onun sağlamlıq vəziyyətinə, həm əmək qabiliyyətinə, həm də sosial təminat hüquqlarına vahid yanaşma əsasında hüquqi qiymət verilməsi məqsədəuyğun olardı.