“Xalqın təmsilçisi, yoxsa xalqın sınağı?”

Yazar: Mübariz Eldar oğlu
İnsanlıq aləmi qədimdən bəri bir sualın kölgəsində yaşamışdır: “Ədalət – sahibin əlində güc, yoxsa qəlbində nur olan bir məfhumdur?”
Azər Camal oğlu Badamov – bir kəndin torpağında doğulmuş, dövlətin kürsülərinə qədər yüksəlmiş bir şəxsdir. Qusarın Düztahir kəndindən çıxıb, Türkiyədə elm yolunu qət etmiş, iqtisadiyyatın müxtəlif sahələrində çörək qazanmışdır. Dövlətin idarə çarxlarında müfəttiş də olub, telekommunikasiya qovşağında rəhbərlik də edib. Və illərin sınağında, IV-dən VII çağırışa qədər – dörd dəfə Milli Məclis kürsüsündə əyləşmişdir.
Lakin burada sual doğur: — Əgər bir deputat, xalqın içindən çıxıb, xalqın səsini daşımağa gedirsə, niyə onun səsi xalqın dərdindən uzaq düşür?
Bu gün qanunla müəyyən edilən məvaciblər – bir tərəfdə 7455 manat aylıq gəlir, digər tərəfdə isə, vətən uğrunda canını, qanını, sağlamlığını fəda etmiş bir qazinin aldığı 80 manat. Bu rəqəmlərin dili yoxdur, amma vicdanı silkələyən bir fəryadı var.
Bir tərəfdə – sərhədlərin açılıb-açılmamasını müzakirə edən kürsü,
Digər tərəfdə – sərhədi keçmək üçün təyyarə biletinə gücü çatmayan, ayaqları Vətən torpağında möhkəm basan, amma qonşu elə ayaq basmaq üçün əlində gücü olmayan qazilər.
Böyük ariflər demişkən: — “Ədalət – haqqın yerini tapmasıdır. Haqq isə yalnız kağızda yazılanda deyil, könüldə yaşanda doğrudur.”
Bu millətin seçilmişləri xalqa güc göstərmək üçün deyil, xalqın gücünü artırmaq üçün seçilib. Çünki kürsü – imtiyaz taxtı deyil, məsuliyyət məqamıdır. O məqam ki, orada oturanın əlində iki tərəfli bir tərəzi olmalıdır: bir gözündə öz məvacibi, digər gözündə xalqın ruzisi.
Əgər bu tərəzi bir gün əyilərsə, tarix şahidlik edəcək: xalqa xidmət borcu olanlar, xalqın imdadına yetişməyənlər, öz adlarını daş üzərində yox, qum üzərində yazmış olacaqlar. Qum isə külün önündə susmaz.
İndi siz deyin, rəy bildirin: görək, bu beş qat Milli Məclis deputatı haqlıdırmı?
Haqlı olmaq – qanun maddələrinin arxasında gizlənməkdirmi, yoxsa vicdanın aynasında özünü görmək?
Çünki qanun – bəzən daş kimi sərt, bəzən də kağız kimi yüngül olur. Amma vicdan – dağ kimi əyilməzdir.
Bütün peyğəmbərlər, bütün övliyalar, bütün müdriklər bir həqiqətə işarə ediblər: Ədalət – kimin güclü, kimin zəif olmasında deyil, haqqın yerini tapmasındadır.
Sual budur: xalqın içindən çıxıb, xalqın kürəyində yüksələn biri, xalqın çörəyini, göz yaşını, qürurunu bölüşməzsə, o hələ də xalqın təmsilçisi sayıla bilərmi?
Bir qazi – canının bir parçasını Vətən torpağına qoyub gəlmişsə və qarşılığında aldığı məvacib onun sərhəddən kənara bir addım atmasına imkan vermirsə, bu ədalətmi, yoxsa yalnız bir rəqəmin verdiyi təskinlikdir?
Bəlkə də deputatın dediyi “Quru sərhədlərin açılmasına tələsməyin” cümləsi, onun üçün sadəcə siyasi strategiya, amma xalq üçün – ayağına vurulan görünməz qandaldır.
Çünki insanın yolu bağlananda, yalnız sərhəd deyil, ümid də bağlanır.
Fəlsəfə bizə öyrədir ki, azadlıq yalnız fiziki məkanın deyil, həm də ruhi məkənin genişliyidir.
Bir millət öz qazisinin ayağını kəsib, deputatının cibini doldurursa, orada yol tıxanmışdır – yalnız sərhəddə deyil, vicdanda.
Sonda deyək: — Əgər bir gün hər kəsin haqqı özünə verilərsə, deputatın maaşı ilə qazinin haqqı arasında uçurum qalmazsa, o gün sərhədlər açılmasa belə, millətin qəlbində azadlıq bayrağı dalğalanar.
Yox əgər, uçurum dərinləşərsə, sərhəd açıq olsa belə, millət özünü əsir hiss edər.