Erməni faşistlərinin törətdiyi Qaradağlı qətliamından 32 il keçir
Vahidov Qurban
Araşdırmaçı-analitik
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. Yerevanda və ermənilərin Qərbdə olan himayədarları tərəfindən hazırlanmış plana uyğun olaraq 1988-ci ilin əvvəllərindən etibarən Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında vilayətin Ermənistana birləşdirilməsi üçün Xankəndidə və Yerevanda tətillər keçirilir, mitinqlər təşkil edilirdi. Vəziyyət getdikcə daha da gərginləşir, Qarabağın dağlıq hissəsində azərbaycanlı əhaliyə qarşı təzyiqlər, təqiblər, silahlı hücumlar təşkil edilirdi. Əsas məqsəd azərbaycanlıları Dağlıq Qarabağdan sıxışdırıb çıxarmaq idi. 1991-ci ilin sonları — 1992-ci ilin əvvəllərində Qarabağda vəziyyət daha da ağırlaşdı. Erməni silahlıları Qarabağın dağlıq hissəsində azərbaycan Türkləri yaşayan kənd və qəsəbələri mühasirəyə alaraq bir-birindən təcrid edir, daha sonra işğal edərək, dinc əhaliyə divan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar. 1991-ci ilin noyabr — 1992-ci ilin fevral aylarında Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər.
Erməni faşistlərinin Qarabağda Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətlərdən biri də Qaradağlı qətliamıdır. Əslində, 1992-ci il fevralın 17-də Qaradağlıda törədilən qətliam bir günün, bir gecənin qətliamı deyil, iki əsrə yaxın erməni millətçiləri tərəfindən azərbaycan türklərinə qarşı ardıcıl olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.
Azərbaycan Respublikası Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycan Türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan xalqına bəslədikləri nifrətin nəticəsi idi.
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid oldu.
1990-cı il noyabrın 24-də 3 nəfər kənd sakini Xocavənd-Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirildi. 1991-ci il yanvarın 9-da kəndə gələn UAZ markalı avtomaşın ermənilər tərəfindən atəşə tutuldu, bir nəfər öldürüldü, 4 nəfər yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını dəyişdi. Ermənilər 1991-ci il martın 8-də kəndin yaxınlığında 2 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Həmin il iyunun 28-də kəndin yanındakı fermada 6 sakin — 3 kişi və 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5-6-cı kilometrliyində erməni quldurları tərəfindən atəşə tutuldu. Avtobusdakı 40 nəfərə yaxın sərnişindən 2 kişi, 6 qadın həlak oldu. 1992-ci il yanvarın 8-də kəndin yaxınlığında daha bir soydaşımız vəhşicəsinə qətlə yetirildi, 100-ə yaxın qoyun ermənilər tərəfindən qənimət kimi aparıldı.
1991-ci il dekabrın 19-da Xocavənd kəndi, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndi işğal edilərək yandırıldı. Növbəti hədəf Qaradağlı idi. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün yaxınlaşırdı.
1992-ci il fevralın 14-də erməni quldurları xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə hücuma keçdilər.
Fevralın 17-də soyuq, çovğunlu və qarlı gündə 117 nəfər əsir alındı, onlarca mülki şəxsi isə qətlə yetirildi. Mənbələrdə yazılana görə, Qaradağlı kəndində 91 nəfər — kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək güllələndi. 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürüldü. Girovluqda olan 8 kənd sakinini ermənilər əzab və işgəncələr verərək amansızlıqla qətlə yetirdilər. Dörd nəfər müxtəlif vaxtlarda şəhid oldu. Beş nəfərin taleyi bu günə qədər məlum deyil.
Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.
Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülüb. 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılıb, 2 nəfərin isə başı kəsilib. Əlbəttə, məsələyə siyasi nöqteyi-nəzərdən yanaşsaq, qisasın qiyamətə qalmadığını əminliklə deyə bilərik.
Faciənin şahidi Oruc Əliyev ötən illərə baxmayaraq, o günləri xatırlayanda hələ də dəhşətə gəldiyini qeyd edərək: “Ermənilər fevralın 14-də kəndə hücum etdilər. Düşmənə inadla müqavimət göstərdik, gecə-gündüz vuruşduq. Fevralın 17-də silah-sursatımız qurtardı. Ermənilər əsir aldıqları dinc kənd sakinlərini iki “KamAZ” markalı maşına mindirərək apardılar. Bəzilərimizi kəndin kənarındakı “Pir” deyilən yerə piyada apardılar. Yaşlı qoca Şahmurad kişini yolda öldürdülər. Sonra Eldarı yerə yıxdılar, ağacla döyüb öldürdülər. Bəylik bağından keçib Tut bağının kənarında “KamAZ”ı saxladılar. 10 nəfər əsirin güllələmək üçün “KamAZ”-dan enməsini tələb etdilər. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə atdı. Bilmirəm nə qədər faşist həlak oldu, bundan sonra bizə atəş açmağa başladılar. Maşında olanların çoxu şəhid oldu. Mən yaralandım. Sonra maşın yola davam etdi. Yolda Elmdarı düşürdülər. Onun haqqında daha heç nə eşitmədik. Malıbəylidəki körpünün üstündə məni və bir neçə kənd sakinini digər həmkəndlilərdən ayırıb Xankəndinə apardılar. Bizi səhərə qədər döydülər. Səhər küçəyə çıxanda gördüm ki, kəndlilərimiz həbsxananın qarşısında yerə yıxılıb, ermənilər onların cəsədlərini tapdalayır. Bizi “KamAZ”a mindirib Əsgərana apardılar. Əzablı günlərimiz Əsgəranda başladı. Ağlasığmaz işgəncələrə məruz qaldıq, döyüldük, ac qaldıq. Bir gün erməni nəzarətçi İlqara dedi ki, səhərə kimi üzünün bir tərəfindəki tükləri əlinlə yolmasan, səni güllələyəcəm. Səhərə qədər birimiz İlqarın üzündəki tükləri yolduq, o birimiz üfürürdü… Sonra İlqar bizdən ayrırdılar. İki Qaradağlı və 28 Xocalı sakini bir yerdə saxlanırdı. Hər gün bizi döyürdülər. Xocalının işğalından üç gün sonra məni yenidən döyməyə apardılar. Qayıdanda məni olduğum kameraya yox, xocalılıların saxlandığı kameraya saldılar. Kamerada xeyli Xocalı sakini var idi. Ermənilər tez-tez gəlir, qapını açır, onları bıçaqla, tapança ilə öldürürdülər. Səhərə qədər dördü hələ sağ idi, hamısı öldürüldü.
Bizimkilər Ağdamdan Əsgərana hücum etdilər. Ermənilər Əsgərandan çıxırdılar, bizi Noragah kəndinə aparıb anbarın zirzəmisinə saldılar. Ermənilər mənim və digər girovların qızıl dişlərini çıxartdılar. 43 gün orada qaldıq. Bizi buzlu suda saxladılar, döydülər, işgəncələrə məruz qoydular. Xocalı sakinlərinin bir qismi aclıqdan, soyuqdan, döyülməkdən öldü… Sağ qaldım, amma əsirlikdə çəkdiklərimi, o dəhşətli günləri, əzabları ağır yük kimi özümlə daşıyıram” — dedi.
Kərkicahanda, Meşəlidə də oxşar qətliamlar törədilib. Əslində müstəqillik uğrunda çalışan, mübarizə aparan hər kəsə divan tutulurdu. Düşmən Qaradağlı istəyinə tam nail ola bilmədi. Beləliklə, çox keçmədən rus və erməni birləşmələri Xocalı soyqırımını törətdilər. Qoca, uşaq bilmədən qeyri-insani addımlar atıldı. Təəssüf ki, Qaradağlı soyqırımı indiyədək lazımi qədər öyrənilməyib. Biz bu faciəni həm araşdırmalı, həm də dünyaya çatdıraraq erməni faşistlərini Beynəlxalq Haaqa Məhkəməsinə verməliyik.