27.07.2024

Sultan II Əbdülhəmidin sərvəti

Əvvəlcədən qeyd edim ki, Sultan Əbdülhəmid Türkiyə tarixində, əsasəndə XX əsr tarixində, haqqında ən çox araşdırma apardığım və şəxsiyyətinə ən çox hörmət etdiyim siyasətçilərdən biridir. 34-cü Osmanlı sultanı olan II Əbdülhəmid Türkiyə tarixində ən çox mübahisəsi aparılan şəxslərdəndir. Lakin mövzumuz siyasi karyerası və şəxsi həyatı deyil. Uzun yazı olsa da, ümid edirəm ki maraqlı olacaq. Bu yazının hazırlanması aşağı-yuxarı 6 illik araşdırmalarımın nəticəsidir. Yazının ərsəyə gəlməsində mənə köməklik göstərən Türk tarix qurumunun üzvlərindən professor Mətin Hülaküyə, Sultanın nəvələrindən, xanədan üzvü Nilhan Osmanoğluna, və adlarını xatırlamadığım digər bütün şəxslərə dərin təşəkkürlərimi bildirirəm.

II Əbdülhəmidin digər mübahisəli məsələsi onun var-dövlətidir. II Əbdülhəmid şahzadəliyindən bəri əmisi Sultan Əbdüləziz və qardaşı V Murad kimi birja oyunlarına son dərəcə maraqlı idi. Lakin bu sultanlar arasında sərvətini ikiqat artıran II Əbdülhəmid oldu. O, nəinki 9000 qızıl pul müavinətini ikiqat artırdı, həm də o vaxt Osmanlı pulu ilə 60.000 lirəyə bərabər olan mərasim xərclərini taxta çıxanda öz cibindən ödədi. Onun taxta çıxanda 100 min qızıl sərvətinin olduğu güman edilir. Əbdülhəmidin şahzadəliyi zamanı mailiyyə müşavirliyi edənlər Yunan əsilli Bankir Yorqo Zarifi və oğlu Leonidas Zarifi idi. Taxta çıxdıqdan sonra belə onlar öz xidmətlərini davam etdirdilər. Qazandığı pullarla qızıl istiqrazlar alır, hətta Anadolu Şimendifer və Saloniki limanından istiqrazlar alaraq qazancda pay sahibi olurdu. Böyük təsərrüfatlara da sahib idi. Boya, qoyun və buğda ticarəti ilə məşğul idi. Osmanlı mailiyyəsində sultanların mülkləri ilə «Xəzineyi Xassə Nəzarəti» adlı bir nazirlik məşğul olurdu. Şahzadəlik dövründə mal əldə etmək və saxlamaqla maraqlandığı bilinən Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Xəzineyi Xəssa şəkili dəyişməyə başladı. Tək bir şəxsdən çox xanədana aid olan “Əmlakı şahanə” adlı daşınmaz əmlakın böyük hissəsi xəzinəyə verildi və onların mülkiyyət sənədləri Sultan Əbdülhəmidin adına verildi. Müzakirələrdən biri belə başladı. Çünki Əbdülhəmidin atası Əbdülməcid də daxil olmaqla heç bir Osmanlı sultanı “Xəzinə-i Xassə”, “Əmlak-i Şahanə”, “Əmlak-i Hümayun” kimi adlar altında qeyd olunan daşınmaz əmlaklardan əldə etdiyi gəliri özünə məxsus kimi götürməyi düşünməmişdir. Mərhum sultan Əbdülməcid xəzinəyə aid olsun deyə öz pulu ilə aldığı Rəsulayn fermasının sənədini belə öz üzərinə götürməmişdir. Eləcə də, Əbdülhəmidin qardaşı Vahidəddinin də meyxanadan başqa daşınmaz əmlakı olmamışdır. Digər tərəfdən, II. Əbdülhəmid taxta çıxanda nəinki Akop, Ohannes və Mixail Portağal paşalar xəzinə başçısı oldular, həm də imperiyanın az qala hər küncündə tərk edilmiş torpaqlar, təsərrüfatlar və bir çox başqa gəlir gətirən yerlər ələ keçirildi. Fərmanlarla bu xüsusi xəzinənin mülkiyyəti və bəzilərinin mülki sənədləri də Sultan Əbdülhəmidə verilirdi. Üstəlik, atası Əbdülməcidin xəzinəyə təhvil verdiyi Rəsulayn fermasının və digər daşınmaz əmlakın mülkiyyət sənədlərini belə götürdüyü iddia edilir və o, bəzi şəxslər tərəfindən mirasda bacı-qardaşların hüquqlarını pozmaqda və mənimsəməkdə ittiham olunur. 1903-cü ildə II. Əbdülhəmidin dünyanın 3-cü ən zəngin adamı olduğu bildirilir. Deutsche Bank of Berlin, Reichsbank, İngiltərə Bankı, Amerikanın Nyu York Bankında və Fransada naməlum bir bankda 250 milyon dollara yaxın sərvətinin olduğu, Anadoluda qurğuşun mədənlərindən tutmuş fermalara qədər bir çox daşınmaz əmlakın sahibləri arasında olduqu bildirilir. Başqa bir mənbə Osmanlı imperiyasının mülklərində II Əbdülhəmidin 11.000 mülkiyyət sənədi olduğunu iddia edir. Müasir Türk tarixçilərindən birindən rastıma belə bir qaynaq da çıxdı:

» …Əbdülhəmidin Anadoluda 2300-dən çox daşınmaz əmlakı var. Bu daşınmaz əmlakın 1 milyon 250 min hektarı hələ də II Əbdülhəmidin qeydiyyatındadır. Balkanlarda 4 min 280 daşınmaz əmlak qeydiyyatı var. Bu mülklərin 220 min hektarı hələ də II Əbdülhəmidə məxsusdur. Balkan ölkələrinin xəzinədarlığında 560 min hektar qeydə alınıb. Yaxın Şərqdə ümumilikdə 1107 qeyd var. Bu qeydlərin 1 milyon 482 min hektarı hələdə Sultanın adındadır.

Sultanın adına bugündə qeydiyyatlı olan mallar Anadoluda, Balkanlarda, Yaxın Şərqdə və Frakiyada, dolayısıyla imperiyanın hər nöqtəsində sahibsiz olaraq qalmaqdadır. Əbdülhəmidin adına olan daşınmaz əmlaklar əsasən — tarla, bağ, bağça, qoruq, imarət, dəyirman, mədən, dükan şəkilindədir.

Anadoludakı mal varlığı:

🇹🇷 Türkiyənin İstanbul, İzmir, Balıkesir, Çanaqqala, Tekirdağ, Adıyaman, Dənizli, Sakarya, Giresun, Aydın, Sivas, Əskişəhir, Bursa, Kocaeli, Burdur, Manisa, Kırklareli və Ədirnə bölgələrində yer alır.

Balkanlardakı mal varlığı:

🇬🇷 Yunanıstanda 2843,

🇦🇱 Albaniyada 1424,

🇧🇬 Bolqarıstanda 8,

🇲🇰 Makedoniyada 5.

Yaxın Şərqdəki mal varlığı:

🇸🇾 Suriyada 390,

🇱🇧 Livanda 333,

🇰🇼 Fələstində 223,

🇮🇶 İraqda 83,

🇸🇦 Ərəbistanda 60,

🇮🇱 İsraildə 10,

🇱🇾 Liviyada 8.

Bu qeydlərin 3 milyon 482 min hektarı hələ də II Əbdülhəmidin adınadır.

Kadıköy körpüsü əslində II Əbdülhəmidin şəxsi mülküdür. Onun həmçinin Aləmdağ meşələri, Həkimbaşı, Beykoz, Qurbağalı dərələrində təsərrüfatları, Beşiktaş və Tophanedə mağazaları var.

Salonikinin yarıdan çoxu Əbdülhəmidin şəxsi mülküdür…

Yalova, Yenişehir, Aydından başqa Qüds, Hələb, Həma, Hums, Bəsrə, Mosul, Ərbil, Kərkük, Dəclə, Amara, Bağdad, Mədinədə çoxlu torpaqları var. Həmçinin Albaniyada Yanya, Vardar düzənliyinin çox hissəsi İkinci Dünya Müharibəsi zamanında istismar edilmişdir və onlarda Əbdülhəmidin şəxsi sərvətləri arasındadır.»

II Əbdülhəmidin xüsusilə neft strategiyasına görə Anadolu xaricində torpaqlar aldığı, bu torpaqlar işğal olunsa belə, şəxsi mülklərə heç bir halda toxunula bilməyəcəyini nəzərə alaraq bir çox torpaqları və daşınmaz əmlakı öz mülkiyyətinə çevirərək işğaldan xilas etməyə çalışdığı iddia edilir. Məntiqli olduğunu fikirləşərək məndə bu fikirin üstündə dayanıram… 2-ci məşrutiyyətdən (1908) sonra Türkiyədə konstitusiyalı monarxiyasının elan edilməsindən sonra II Əbdülhəmid əmlakının və gəlirinin bir hissəsini dövlət xəzinəsinə keçirdi. 31 mart 1909 hadisəsindən sonra II Əbdülhəmidin sənədə yazılan mal-dövlətinin böyük bir hissəsi İttihad və Tərəqqi Komitəsinin rəhbərləri və hökumət tərəfindən dövlət xəzinəsinə keçirildi. Lakin Sultan Vahdəddin 8 mart 1920-ci il tarixli fərmanla bu malları xəzinəyə qaytardı. Beləliklə, II Əbdülhəmidin ailəsinin vərəsəlik hüququ olduğu görünsə də, işğalçı qüvvələrlə Osmanlı imperiyası arasında imzalanan Sevr müqaviləsinin 240-cı maddəsinə əsasən bu mülklərin müsadirə ediləcəyini bildirdi. Lakin Türkiyə Cümhuriyyəti Osmanlı İmperiyasının imzaladığı bu müqaviləni qəbul etmədi və nəticədə Qurtuluş Savaşında qalib gəldikdən sonra müqavilə qüvvəyə minmədi. Bu səbəbdən də varislər tərəfindən həm ölkə daxilində, həm də xaricdə bir çox iddialar qaldırılmış, lakin bu günə qədər varislərin çoxu uğur qazana bilməmişdir.

Digər tərəfdən, 1930-cu ildə ABŞ-da bəzi mətbuat orqanlarında onun doqquz dul qadınının və on üç övladının 5 illik məhkəmə çəkişməsindən sonra mülkündən 50 milyon ABŞ dolları təzminat alındığı, əmlakının isə 1,5 milyard ABŞ dolları dəyərində olduğu iddia edildi.

Digər tərəfdən sərvətlə bağlı mübahisələrə səbəb olan bir sahədə Əbdülhəmidin əsas kolleksiyası olan zərgərlik malları idi. Çünki istər satınalma yolu ilə, istərsə də başqa, onun müxtəlif üsullarla əldə etdiyi qiymətli zərgərlik kolleksiyası var idi. Bu kolleksiyadakı broşlardan bəziləri, məsələn, 1908-ci ildə hazırlanmış Hooker Zümrüd broşu əsrin ən diymətli daşı idi. Onun Əbdülhəmidin tapşırığı ilə xaricə Parisə aparıldığı da iddia edilir.

Bundan əlavə, 31 Mart qiyamını yatırmağa gələn hərəkat ordusunun bəzi əsgər və zabitləri Yıldız Sarayına və hətta hərəmxanaya doğru gedərək intizamsızlıq nümayiş etdirərək qarətlə məşğul olmuşlar və bu talan zamanı Sultanın hər cümə salamında faytonunda daşıdığı, içində tam 419 ədəd qiymətli ləl-cəvahirat olan çantası bu şəxslər tərəfindən alınaraq satıldığı ehtimal edilirdi. Ancaq çanta kimlərsə tərəfindən gizlədilmişdi və iki ildən sonra təkrar ortaya çıxdı. II. Əbdülhəmidin sahib olduğu bu ləl-cəvahirat dolu çantanın 1911-ci ildə Liviyaya desant çıxaran İtalyanlara qarşı Türklərin müdafiəsini dəstəkləmək və donanma üçün yeni gəmilər alınması üçün Osmanlı mailiyyəsinə pul yığmaq üçün dövlət tərəfindən satılması istənilirdi. Sultanın ləl-cəvahiratının Parisdə məşhur hərrac şirkəti tərəfindən hərraca çıxarılması qərara alınıb və bu məqsədlə dövlət tərəfindən Parisə bir çanta daş-qaş göndərilib. Osmanlı hökuməti Fransada zərgərlik mütəxəssisi Robert Linzelerə satış icazəsi verdi. Qiymətli cəvahiratların sığortalanması, onların nümayişi, mətbuatda reklamı və kataloqların çapı xərcləri Linzelerin üzərinə düşəcəkdi. Satışdan sonra toplanan pulun 3%-ni Linzeler alacaqdı. Toplanan pullar Parisdəki Osmanlı bankına yatırılacaqdı. Hərrac 1911-ci il noyabrın 27-dən dekabrın 11-dək keçirildi və bütün parçalar, o cümlədən «Şərqin Ulduzu» və digər bütün ləl-cəvahirat satıldı. Satışdan sonra yığılan pul təqribən 7 milyon frank idi, lakin təəssüf ki, pul banka yatırılmayıb. Fransız zərgərlik mütəxəssisi Robert Linzeler pulu mənimsəyib. Təəssüf ki, bu pulu heç vaxt almaq mümkün olmadı. II Əbdülhəmidə aid ləl-cəvahiratlar hətta 1960-cı illərdə də hərrac salonlarında görünürdü; hazırda həmin parçalar Avropada zəngin insanların əlindədir.

Bir faktıda diqqətinizə çatdırım ki, Sultan Əbdülhəmidin şəxsi malı olan, dünyanın ən qiymətli daşlarından sayılan 94.78 karatlıq «Şərqin ulduzu» almazı, hal hazırda keçmiş İngilis futbolçusu David Bekhemin oğlu Bruklin Bekhemin Amerikalı qayınanası Klavdiya Peltzin boynundadır..

Yazını bitirən zaman təqvimə baxdım, 10 fevral 2024. Təsadüf ya nə bilmədim. Bugün həmdə Sultan Əbdülhəmidin vəfatının 106-cı ilidir. Uca Allahdan rəhmət diləyib, hörmətlə yad edirəm.

Rafael Dağlı

J1hI6ut.jpg J1hI49I.jpg J1hIPwX.jpg J1hIg8N.jpg
Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: