23.11.2024

20 Yanvar —  Cəsarət, Şücaət və Şərəf Rəmzi

Rusiyanın heç vaxt demokratik ənənəsi olmayıb və ona görə də “güclü əl” olmadan mövcud ola bilməyib. Onun bütün tarixi: knyaz Svyatoslavdan Suvorov və Jukova qədər, Parisdəki kazaklara, Zəngəzur və Qarabağın işğal edilərək ermənilərə “hədiyyə” edilməsi, Budapeştdəki sovet tanklarına, Kubadakı raketlərə, Əfqanıstanda işğalçı orduya, Bakıda 20 Yanvar qətliamı və  da daxil olmaqla — bu, hərbi-bürokratik dövlətin hərbi genişlənməsi hekayəsidir…

Novqorod və Kazan yandırıdı, insanları qırıldı, Krım tatarlardan oğurlandı, Polşa parçalandı və başlar kəsildi, Qafqazın azadlıqsevər xalqları əsarətə alındı, Orta Asiyanın müstəqil xanlıqları çar müstəmləkə qoşunları tərəfindən işğal edildi. İmperiya hər yerdə öz nizamını, yeganə “həqiqi pravoslav” inancını, bürokratik aparatını tətbiq edirdi. Beləliklə, kiçik monomilli Moskoviya quru ərazisinin demək olar ki, 1/6 hissəsini əhatə edən nəhəng “xalqlar həbsxanasına” çevrildi. Avropa həyat mədəniyyətinin olmaması kəndli məmləkətində dəhşətli antisanitar vəziyyətə, səliqəsizliyə və Rusiyanın bu günə qədər ondan qurtula bilmədiyi köhnə çirkinliyə səbəb oldu…

Planlaşdırılmış cinayət

20 Yanvar 1990-cı ildə Sovet qoşunları cinayətkarcasına Bakıya gətirildi. SSRİ tarixində ilk dəfə olaraq sovet ordusu dinc dövrdə sovet şəhərini işğal etdi. Yanvar qətliamının Sovet İttifaqının dağılması prosesinin başlanğıcı olduğu artıq heç kimə sirr deyil. Bir vaxtlar qüdrətli olan, bütün gücü ilə və bir çox günahsız vətəndaşlarının həyatı bahasına dövlət quran, faciələrə, qətllərə, qan tökülməsinə səbəb olan, insan talelərini məhv edən imperiya — dağılırdı.

bvv
20 Yanvar 1990-ci il qətliamının canisi Mixail Qorbaçov

20 Yanvar qətliamı Qorbaçovun düşünülmüş siyasətinin məntiqi nəticəsi idi. O, hakimiyyətə gəldikdən sonra Sov.İKP MK daxilində Azərbaycana və Azərbaycan xalqına qarşı Sovet İttifaqının dağılmasına yönəlmiş daha qlobal planın tərkib hissəsi olan plan hazırlanırdı. Onu həyata keçirmək üçün, ilk növbədə, nüfuzlu sovet siyasi xadimi — Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevdən yaxa qurtarmaq lazım idi. 1987-ci ildə Qorbaçov Heydər Əliyevi istefaya göndərdi, bundan sonra planın genişmiqyaslı həyata keçirilməsinə başlanıldı.

Artıq 1988-ci il fevralın 11-də Sov.İKP MK-nın şöbə müdiri V.Mixaylov Dağlıq Qarabağ ermənilərinin 9 nəfərdən ibarət nümayəndə heyətini qəbul etdi. Erməniləri yalnız bir sual maraqlandırır: “Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan ayırmaq olarmı?”. Cavab hətta separatçılar üçün də gözlənilməz və heyrətləndirici oldu: “Gedin fəaliyyətə başlayın”. Və separatçılar hərəkətə başlayırlar.

20 fevral 1988-ci il Sov.İKP MK-da keçirilən iclasdan on gün sonra Dağlıq Qarabağ Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilir. Sessiya azərbaycanlı deputatların iradəsini nəzərə almadan Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.

Xankəndi – 1988-ci il

Ermənilərin konstitusiyaya zidd olan bu qərarı Azərbaycanda və Ermənistanda siyasi vəziyyəti və millətlərarası münasibətləri son dərəcə gərginləşdirdi. 1988-ci il noyabrın 27-29-da Ermənistanın Quqark şəhərində millətçilər azərbaycanlı əhaliyə qarşı qırğın törətdilər, nəticədə 33 azərbaycan türkü həlak oldu. Quldurlar türklərin evlərini tərk etməyə məcbur etdilər.

1988-ci il. Qərbi Azərbaycan – etnik təmizləmə

Quqarkdakı qətliam əsrlər boyu öz torpaqlarında məskunlaşan azərbaycanlılara qarşı genişmiqyaslı etnik təmizləmə aparılması üçün bir siqnal oldu. 1988-ci il noyabrın sonu — dekabrın əvvəlində silahlı quldur dəstələri bir neçə gün ərzində hakimiyyətin fəal dəstəyi ilə 200 minə yaxın türkü öz doğma yurdlarından didərgin saldılar. BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının məlumatına görə, Ermənistandan 182 min türk, 18 min kürd və rus deportasiya edilib. 172 türk yaşayış məntəqəsindən əhali tamamilə qovulmuşdur.

Bu etnik təmizləmə zamanı quldur erməni silahlı dəstələri 57-si qadın və 23-ü uşaq olmaqla 216 türkü qətlə yetirdilər (Salam qəzeti, No18, 30.11.2007).  Beləliklə, erməni şovinistlərinin “Türksiz Ermənistan” ideyası Moskva hökümətinin birbaşa dəstəyi ilə  gerçəkləşdi.  1905-1907-ci illərdən başlayan, 1918-1920-ci və 1948-1953-cü davam edən etnik təmizləmə 1988-ci ildə başa çatdı. Bu dövlət siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salındı ​​və bundan sonra Ermənistan əhalisinin 98 faizini etnik ermənilər təşkil edən monoetnik ölkəyə çevrildi.

1988-ci il. “Türksiz Ermənistan” ideyası Moskva hökümətinin birbaşa dəstəyi ilə  gerçəkləşdi.

Maraqlıdır ki, türklərə qarşı son etnik təmizləmə zamanı Qorbaçov başda olmaqla mərkəzi hökumət insanlığa qarşı törədilən bu cinayəti səssizcə izləyirdi. Nə Ermənistanda yerləşən sovet ordusu, nə təhlükəsizlik orqanları, nə də Daxili İşlər Nazirliyinin daxili qoşunları bu etnik təmizləməni dayandırmaq üçün qətiyyətli tədbirlər görmədilər.

Bu arada Azərbaycanda vəziyyət durmadan pisləşirdi. 1990-cı il yanvarın əvvəlində respublikanın şəhər və rayonlarını mitinq dalğası bürüdü, bu dalğalarda xalqın Ermənistanın hərəkətlərinə qarşı qəti etirazı yüksək səslə eşidildi. Hamı sual verirdi:

-“Niyə ölkənin ali rəhbərliyi sözdə respublikanın sərhədlərinin toxunulmazlığını bəyan edir, amma reallıqda bu sərhədlərin toxunulmazlığını və Azərbaycanın suverenliyini təmin etmir?”,

— “Ölkə Konstitusiyasını daima pozan Ermənistan rəhbərliyinə qarşı niyə heç bir tədbir görülmür?”,

— “Niyə erməni separatçılarının və ekstremistlərinin əməlləri qanunun gücü ilə ən qəti şəkildə yatırılmır?” və s.

İnsanlar bu suallara cavab ala bilmirdi. Hakimiyyət xalqın inamını getdikcə itirirdi, onlar artıq hakimiyyətədn yaxşı heç nə gözləmirdilər.

Bunu respublikanın bəzi rəhbərləri də başa düşürdülər. 1990-cı il yanvarın 8-də keçirilən partiya-təsərrüfatı fəalları müşavirəsində Azərbaycan KP MK-nın katibi Həsən Həsənov demişdir: “Həm mərkəzin, həm də bizim xalqın inamsızlığı bir-birinə qarışmışdır. Hər birimizi xalqın yanında olan nümayəndə yox, Moskvaya tabe olan və onların əmirlərini yerinə yetirən kimi adam kimi görürlər. Biz dövlət məmurlarına xalqın mənafeyini qorumaq üçün yox, öz şəxsi mənfəətimizə  üstünlük verən insanlar kimi baxırlar. Bizi sözün tam mənasında manqurt adlandırırlar”.

Faciə ondan ibarət idi ki, Azərbaycan rəhbərliyi milli mənafedən çıxış edə bilmirdi və ya çıxış etmək istəmirdi, millətlərarası münasibətləri qızışdıran Sovet İttifaqını dağıtmaq məqsədi qoyan M. Qorbaçovun siyasətinin mahiyyətini anlamırdı. Ona görə də onun ikili standartlar oyunu daha çox ortada idi.

Bu barədə general-mayor Genrix Malyuşkin yazır: “Əgər Azərbaycanda fövqəladə vəziyyət və komendant saatı təkcə Bakıda və DQMV-də deyil, həm də ətraf rayonlarda elan edilibsə, Ermənistanda mövcud ağır vəziyyətə baxmayaraq, onlar (fövqəladə vəziyyət- red.) yalnız Azərbaycanla həmsərhəd olan Gorus rayonu ərazisində tətbiq olundu. Təbii ki, bu, erməni silahlılarına sərhəd boyu manevr və fəaliyyət azadlığı baxımından əlverişli şərait yaratdı”.

Dözümlülük, fədakarlıq və cəsarət sınağı

İndi bəlli olur ki, azərbaycan türklərinə qarşı etnik təmizləmə başlayanda Qorbaçov Ermənistanda niyə fövqəladə vəziyyət tətbiq etməyib. Erməni quldur dəstələri sovet ordusunun əsgərlərinin kütləvi şəkildə tərksilah edilməsini və strateji Zvartnots hava limanında hərbi anbarların ələ keçirilməsini təşkil edəndə SSRİ prezidenti boş bəyanatlarla kifayətləndi. Bundan başqa, 1990-cı il yanvarın 4-dən yanvarın 10-dək onun göstərişi ilə Ermənistana 100 tank, artilleriya və zenit qurğuları silahları verildi.

Qorbaçov və ətrafı düşünürdü ki, Azərbaycan xalqı bu dəfə də mərkəzin siyasətini səssizcə “udacaq”. Lakin bu dəfə onlar çox yanıldılar.

Yanvarın ortalarında məlum oldu ki, Ə.Vəzirovun rəhbərlik etdiyi hökumət  respublika üzərində nəzarəti itirir. Yerli hakimiyyət tədricən AXC nümayəndələrinin ixtiyarına  keçir. 15 il sonra Azərbaycan Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibov belə demişdi:

“Deməliyəm ki, ayın 18-i, 19-u, 20-nə keçən gecə, bu zaman kəsiyində iki qüvvə bir-birinə qarşı mübarizəyə başladı. Bir tərəfdə Azərbaycanda bütün vəziyyətə nəzarət edən Xalq Cəbhəsi, digər tərəfdən Kreml. Biz orada deyildik. Respublika hakimiyyəti yox idi — Qarabağ hadisələri onu tamamilə gözdən saldı” (“Azerros” №2, yanvar 2005-ci il).

Yanvarın ortalarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binası qarşısında respublika rəhbərliyinin istefası tələbi ilə davamlı mitinqlər başladı.

Yanvarın 14-də Qorbaçov Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaqı Şurasının sədri E.M.Primakovu, Sov.İKP MK katibi A.N.Girenkonu və Sov.İKP MK-nin Millətlərarası Münasibətlər şöbəsinin müdiri V.Mixaylovu “Azərbaycanda vəziyyəti normallaşdırmaq” məqsədi ilə Bakıya göndərdi. O vaxtlar respublikanı mahiyyətcə idarə edənlər məhz onlar idi.

“Azerros” qəzeti (№ 2, yanvar 2005-ci il) yanvarın 19-da saat 18.30-da bu üç Kreml emissarı arasında baş vermiş söhbətin stenoqramının bir hissəsini dərc edib:

— “A.Girenko: Azərbaycanın şəhər və  rayonlarında əhalinin Bakıda baş verənlərdən xəbəri olmamalıdır. Qoşunlar şəhərə daxil olur. Artıq əmir var,

— E. Primakov: İnsanlar bütün məlumatları televiziyadan alırlar,

— V.Mixaylov: Əlaqəni kəsmək lazımdır”.

Televiziya mərkəzinin enerji blokunun necə partladıldığı barədə ətraflı məlumat var. 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələri hərtərəfli araşdıran “Qalxan” (Щит) ictimai təşkilatının müstəqil hərbi ekspertlər qrupunun hazırladığı nəticədə belə deyilir:

“Televiziya-Radio  Mərkəzini Bakı Əlahiddə Ümumqoşun Ordusunun kursantları (160 nəfər) mühafizə edirdi. Yanvarın 19-da saat 19.00-da telemərkəzə yarıhərbi-yarıidman geyimli 4 nəfər silahlı gəlib və  onların əmirlərini mühafizəçilər qeydsiz-şərtsiz yerinə yetirib.

4 nəfər silahlı  enerji blokunun növbə rəisi İ. Hüseynov və növbənin elektriki V. Romanovdan telemərkəzin enerji təchizatının necə sıradan çıxarmağın mümkün olduğunu və  ehtiyat dizel-elektrik generatorlarının  olub-olmadığını öyrəndilər. Dindirildikdən sonra Hüseynov və Romanov binadan çıxarılaraq həbs ediliblər. Saat 19:25 enerji bloku partladılıb. Televiziya-Radio  Mərkəzininin mühafizəsindən heç bir reaksiya olmadı…”

Mütəxəssislər belə qənaətə gəliblər: televiziya mərkəzinin enerji blokunu sovet ordusunun xüsusi qrupu və ya SSRİ DTK-sı partladıb” (“Moskva News” №32, 12 avqust 1990-cı il). Maraqlıdır ki, sözün əsl mənasında, enerji blokunun partlaması ərəfəsində Azərbaycan KP MK-nın o vaxtkı ideologiya şöbəsinin müdiri Əfrand Daşdəmirov və Vyaçeslav Mixaylov televiziyada çıxış edərək Bakıya qoşunların göndərilməyəcəyi barədə məlumat vermişdilər.

Beləliklə, Moskvadan göndərilən üçlüyün qərarı ilə insanların şəhərdəki vəziyyət haqqında məlumat almaq imkanından məhrum etmək məqsədilə televiziya mərkəzi sıradan çıxarıldı.

Əgər əhaliyə qarşı hərbi gücün tətbiq ediləcəyi və fövqəladə vəziyyətin elan  olunacağı barədə əvvəlcədən xəbərdarlıq edilsəydi, insan itkisi daha az  ola bilərdi.

Bakı – 21 Yanvar 1990-cı il

Şəhər əhalisi fövqəladə vəziyyət barədə ilk elanı yanvarın 20-də səhər saat 5:30-da komendant Dubinyakın radio müraciətindən xəbər tutdu. Artıq gec idi, Bakı Sovet Ordusu tərəfindən işğal edilmiş  və günahsız insanların qanı tökülmüşdü. Bəlkə də fövqəladə vəziyyətin vaxtında elan edilməməsi Kreml və İrəvanın planlarının tərkib hissəsi olub ki, daha çox dinc insan itkisi olsun. 20 Yanvarda Kreml və İrəvanın turkofobiya düşmənçiliyinin bir digər nümunəsi kimi Krasnodardan və Stavropoldan ehtiyatda olan hərbiçi erməni millətinin nümayəndələrinin çağırılmasını qeyd edə bilərik. Bakıda bu qədər Sovet Ordusu hissələri və Daxili Qoşunların əsgərləri olduğu halda ehtiyatda olan ermənilərin cəlb edilməsinin hədəfi nə olub? Bunun ancaq bir cavabı var – Azərbaycan cəzalandırılmalı və daha çox dinc insanı qətlə yetirilməli idi.

Bu ərəfədə Qarabağda və SSSRi-da getdikcə millətlərarası münasibətlər Moskva tərəfindən getdikcə qızışdırılmağa başladı. Respublikanın hüdudlarından kənarda Azərbaycanda ruslara münasibətin dəyişməsi və onlara təhdidlər, hədələmələr ilə bağlı güclü söz-söhbətlər yayılırdı. “Rus kartı” belə oynanılırdı, hər yerdə rusları imperiyanın girovu kimi saxlamaq və sonra ruslar əzilir, təhqir edilir, təqib edilir kimi uydurma təxribat ilə Tiflisə, Baltikyanı ölkələrə,Moldovaya və Bakıya qoşun yeritmək.

Bakıya nə qədər çox ordu birləşmələri toplanırdısa, hərbçilərə, onların arvadlarına və uşaqlarına qarşı sui-qəsd barədə şayiələr bir o qədər heyrətlə yayılırdı. Amma Daxili İşlər Nazirliyinin hesabatlarında bir dənə də olsun belə hal qeyd olunmayıb. Riqa çevik polisini xatırlayın, kiminsə arvadına təcavüz olunduğu iddia edildi və bu, nəticədə Riqa sakinlərinə qarşı qətliam törədilməsinə səbəb oldu. Səkkiz ay sonra, “təvazökarlıqla” etiraf etdilər ki, həyat yoldaşı ilə «fakt» mövcud olmamışdır.

Bu zaman Azərbaycana böyük bir qaçqın kütləsi axın etdi. 200 mindən çox insan əllərinə keçən paltarı geyinib, heç bir əşya götürmədən, yanlarında  köməksiz ailə üzvləri, qucaqlarında körpə  uşaqları və qoca valideynləri ilə evlərindən qovuldular. Erməni faşistləri tərəfindən öldürülənləri sərhəddən Azərbaycan tərəfə keçirən, əyinlərində çirkli, cırıq paltarlı, döyülmə izləri olan insanlar sərt soyuqlu qış ayında dağlardan keçərək təhlükəsiz yerə gəldilər. Lakin Moskva «kor və kar oldu», əksinə, «eskalasiya etməməyi» tələb etdi.

Bakıda həqiqətənmi “erməni qırğınları” olub?. Əgər Bakıda “erməni qırğınları” olmuçşdursa  şəhərdə dislokasiya olunan SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları bu təxribatın  qarşısını niyə almayıb? Niyə güc tətbiq edərək iğtişaşların qarşısını almayıb? Bu barədə Bakının hərbi komendantı general-leytenant  V.Dubinyak: “Onların əmri yox idi!”- deyir. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı, general-polkovnik Yuri Şatalin demişdi: “Bizdən heç kim kömək istəməyib!”. O zaman Bakıda birbaşa Moskvaya tabe olan 11,5 min əsgər var idi. Asayişi bərpa etmək üçün bu sayda hərbçi ilə hadisələrə nəzarət etmək tamamilə mümkün idi.

Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun internetdə dərc olunmuş xatirələrindən belə nəticə çıxır ki, hadisələrin qarşısının alınması üçün Moskvaya müraciətlər göndərilmişdi. Yəni, ictimai gərginlik riskini azaltmaq üçün hələ vaxt var idi, sadəcə Moskvanın  bunu etmək arzusu yox idi1990-cı il yanvarın 21-də Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyində keçirilən müşavirədə 20 Yanvar faciəsinə həsr olunmuş mətbuat konfransında Heydər Əliyev öz çıxışında uzaqgörənliklə qeyd etdi ki: “Xalqla dialoq imkanları var idi, amma istifadə olunmayıb… Nəticədə yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları və SSRİ Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya gətirildi… Bunun nəyə gətirib çıxardığını, hansı faciəli nəticələrə səbəb olduğunu indi yaxşı bilirik”.

Bu qanlı faciəyə ilk münasibətini bildirən ümummilli lider Heydər Əliyev olmuşdur. O, çıxışında bu hadisəni törədənləri kəskin tənqid edib. Heydər Əliyev bu əməli qanunsuz, antidemokratik, humanizmə və ölkədə elan edilmiş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirdi.

İnsan şüurlu şəkildə hərəkətlərini özü seçir və məsuliyyətinə cavbdehdir.

Sverdlovsk qarnizonunun batalyon komandirinin müavini, sovet ordusu mayoru Viktor Trofimov Bakıya göndərilmək üçün yaradılmış xüsusi hissədə iştirakdan imtina etdi. İki həftə sonra, təqaüdə çıxmaq üçün  bir il yarım xidmət etməyə imkan verməyərək, «sovet zabitinin şərəfini gözdən salmaq» maddəsilə ordudan qovuldu. Digərləri cəllad olmağı seçdilər — Tbilisi, Bakı, Vilnüs, Riqada insanların qanını axıtmaq. Bir dəfə insan qanını dadmış heyvan adamyeyənə çevrilir.

Yanvarın 20-də bakılılar sovet əsgərlərinin avtomatında güllənin olduğuna inanmaq istəmirdilər, nədənsə güllənin boş olduğuna ümid edirdilər…

Vahidov Qurban
Araşdırmaçı – analitik

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: