20.05.2024

“Çörəkpulu” dayandırılacaq? — Rəsmi açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu”nun avqust ayından etibarən dayandırılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan “Veteran.az”a verilən məlumatda görə, müavinət Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Qayda əsasında təyin edilir və hər ay ödəniş aparılır.

“Qaydanın 2.13. bəndinə əsasən, məcburi köçkün statusu olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil edilmir.

Vahid aylıq müavinət dövlətin sosial müdafiə aləti kimi həqiqətən ağır şəraitdə yaşayan, gəlirgətirən fəaliyyətdən müxtəlif səbəblərə görə kənarda qalan, sosial müdafiəyə xüsusi ehtiyacı olan məcburi köçkünlərə verilir.

Mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyəti — şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürmək olan fəaliyyətdir. Bu fəaliyyətlə məşğul olanlar dövlət vergi orqanında qeydiyyata alınır və onlara Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) verilir.

Vergi orqanında qeydiyyata düşərək qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məcburi köçkünə öz yaşayış səviyyəsini yaxşılaşdırmaq imkanı qazandırır, dövlət belə şəxslərin sahibkarlıq imkanlarının genişləndirilməsinə dəstək verir və onlar sosial müdafiəyə xüsusi ehtiyacı olmayan vətəndaşlar sayılırlar.

Onu da qeyd edək ki, VÖEN-i olan məcburi köçkün vətəndaşlara yalnız onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır. İqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər. Belə halda vergi orqanına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşın vahid aylıq müavinət almasına yenidən imkan yaranır.

Bir daha xatırladırıq ki, vahid aylıq müavinətin şamil edildiyi məcburi köçkünlərin siyahısında hər ay dürüstləşdirmə aparılır. Mövcud Qaydanın tələblərinə uyğun gəlməyən hallarda müavinət verilməsi dayandırılır”, — məlumatda vurğulanır.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: