Ekspertdən pensiya ilə bağlı mühüm TƏKLİF
“Azərbaycanda özəl pensiya fondlarının yaradılması çətin deyil. Lazımi normativ hüquqi sənəd layihələri hazırlanır, müvafiq prosedurlar icra edilir və fond yaradılır. Burada çətin heç nə yoxdur”.
Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Ekspert bildirib ki, nəticədə vətəndaş illərlə öz pensiya ehtiyatını toplaya bilər:
“Amma çətin olan bu fondun özünü doğrultmasıdır. Ona görə də 10 ilə çatır ki, müxtəlif vaxtlarda gündəmə gəlir və az sonra mövzu donur. Çünki bu fondun uğurlu fəaliyyəti üçün tam başqa iqtisadi şərait lazımdır. Hansı ölkələrdə (məsələn, B.Britaniya, Almaniya və s.) belə iqtisadi şərait üstündürsə, orada bu fondlar uğurla fəaliyyət göstərir.
Bunun çox sadə izahı var. Əgər ölkədə açılan müəssisələr bir neçə il sonra bağlanmırsa, investisiyaların ROİ indeksi yuxarıdırsa – investora ciddi gəlir gətirirsə, əlində pul olub iqtisadiyyata pul yatırmaq istəyən investorların və ya digər fondların investisiya həcmləri iqtisadiyyatın tələb etdiyi investisiya həcmlərini ödəməkdə çətinliklə çəkirsə, o zaman özəl pensiya fondu yaradılıb doğru idarə ediləcəyi halda böyük uğur qazana bilər. Yalnız vətəndaş bu zaman öz əlləri ilə bu gün fonda qoyduğu pulu 40-45 il sonra faizlə bərabər problemsiz şəkildə pensiya kimi alacağına əmin olar”.
“Hesab edirəm ki, bir az da gözləyək. Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi prosesinin nəticələri özəl pensiya fondunun özünü necə aparacağı ilə bağlı bir sıra suallara cavab tapmağa kömək edəcək. Əgər sərbəst vəsaitlər dövlət fonduna gəlir gətirərsə və davamlı müsbət dinamika izlənərsə, o zaman özəl pensiya fondları haqqında daha ürəklə danışmaq olar”, – qeyd edib.