01.07.2025

Qəhrəman kəşfiyyatçı təltif edildi

AVMVİB Zaqatala rayon şöbəsinin üzvü Aqil Mürsəl oğlu Əhmədov AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edilib.


Təltif mərasimində Aqil Əhmədovu təbrik edən AVMVİB sədri Füzuli Rzaquliyev Azərbaycan kəşfiyyatçılarının qəhrəmanlıqlarla dolu həyat yollarından danışdı. O, bildirdi ki, Aqil Əhmədov da belə örnək qəhrəmanlarımızdandır. Bu gün qəhrəmanımızı təltif etməkdən qürur duyuruq. Zəfər müjdəli və ünvanlı mükafatlar almasını arzu edirəm.


Mərasimdə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov da çıxış edərək əfsanəvi kəşfiyyatçılarımızı xatırlatdı və A. Əhmədovu təltif münasibətiylə təbrik etdi.

Xatırladırıq ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birinci qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.


Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət qrupun 7 üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə qərarı da çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.


Xatırladaq ki, onların hər birini mərhum Prezident Heydər Əliyev «Azərbaycan Bayrağı» ordeni ilə təltif edib:


— Leytenant Ağayev Elxan Ataxan oğlu;

— Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu;

— Çavuş Rzayev Anar Üzeyir oğlu;

— Çavuş Mustafayev Dinar İbrahim oğlu;

— Çavuş Həsənov Aqşin Əli oğlu;

— Çavuş Ələkbərov Nizami Səfi oğlu;

— Çavuş Cavadov Fariz Şamil oğlu.


Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə isə can sağlığı versin!


Təbrik edirik!

E. Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: