27.07.2024

Ermənistanla sərhəddən Prezidentə MƏRUZƏ — VİDEO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri ölkəmizin suveren ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsində bayrağımızı qaldırıb.

Veteran.az xəbər verir ki, DSX-nin zabiti bayrağımızın qaldırılması barədə Ali Baş Komandana məruzə edib.

«Möhtərəm Prezident, cənab müzəffər Ali Baş Komandan, məruzə edirəm ki, tapşırığınıza uyğun olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində, Həkəri çayının üzərindəki körpünün üstündə fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımız dalğalanmaqdadır. Bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan, Qarabağ Azərbaycandır!», — məruzədə bildirilib.

Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: