Gün bu gündür: Azərbaycanın Müstəqillik Günü!
AVMVİB sədri Füzuli Rzaquliyev, bu tarixi gün münasibətiylə Azərbaycan xalqını bütün keçmiş döyüşçülər adından təbrik etdi. Xlqımıza daha firavan həyat, bu müstəqilliyin qürurunu yaşamağı və işğal torpaqlarımızın düşməndən təmizlənəcəyi günləri arzuladı.
Müstəqilliyin əbədi, üç rəngli Bayrağın daim uca olsun, Məmləkətim!
Xatırladaq ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul edildi.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı yekdilliklə qəbul edildi.
1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında ümumxalq səsverməsi — referendum keçirildi. Referendum bülletenlərində yalnız bir sual vardı: “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı dövlət müstəqilliyinin lehinə səs verdi.
1992-ci ilin mayında Milli Məclis (parlament) Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadındır), bir müddət sonra isə Dövlət bayrağı və üzərində alov dilləri olan səkkizguşəli ulduz təsvir edilmiş Dövlət herbini təsdiq etdi.