01.07.2025

OLAN, OLMAYAN AĞDƏRƏ — VIDEO

Redaksiyadan: Bu məqalə köhnə olsa da aktuallığını itirmədiyinə görə yenidən dərc etmək qərarına gəldik. Həm də bu günlərdə «Vətən naminə inkişafa doğru» İctimai Birliyinin Ağdərə rayon Bakı təşkilatı yaranması bu yazını bir daha aktuallaşdırdı. Hanı Ağdərə? Çıxışçıların bir qismi bu suala, qeyriləri isə başqa suallara cavab axtarırdılar…

Soruşsalar Azərbaycanın hansı rayonları işğal altındadır, əzbər sadalamağa başlayacaqsınız: Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə.

Ağdərə? Nə Ağdərə? Azərbaycanda belə rayon var?

Yoxdur. 1992-ci ildə, Əbülfəz Elçibəyin prezidentliyi zamanı Ağdərə ləğv olunaraq üç qonşu rayon — Kəlbəcər, Tərtər və Ağdam arasında bölüşdürülüb.

Azərbaycanın inzibati-ərazi bölgüsünə görə, Ağdərə rayonu yoxdursa, deməli, bizim işğal altında olan Ağdərə adında rayonumuz da yoxdur. İşğal altında olan — Ağdərənin Kəlbəcər, Tərtər və Ağdam arasında bölünmüş hissələridir.

Buradan nə çıxır? O çıxır ki, işğal altında olan bölgələrin siyahısına Tərtərin də bir hissəsini əlavə etməliyik. Axı, dediyimiz kimi, Ağdərənin bir hissəsi də Tərtərə birləşdirilib.

Tərtər və işğal? Axı müharibənin hər üzünü görmüş Tərtər camaatı hər zaman fəxr edir ki, davada rayonun bir qarışı da düşmən əlinə keçməyib?

Görürsüzmü necə dolaşıq bir vəziyyətdir? Belə çıxır biz heç hansı rayonlarımızın işğal olunduğunu dəqiq bilmirik.

Mətləbə keçməzdən öncə bir sualın da üzərində baş sındıraq. Soruşsalar hazırda ölkədə Dağlıq Qarabağdan qaçqın düşmüş nə qədər adam var, yəqin Şuşadan, Xankəndidən, Xocalıdan, Xocavənddən qovulmuş azərbaycanlılarla yanaşı ağdərəliləri də saymaq istəyəcəksiniz. Ancaq saya bilməyəcəksiniz. Çünki keçmiş Ağdərə rayonundan qovulmuş azərbaycanlılar 1992-ci ildən bəri rəsmən ağdərəli deyillər, kəlbəcərlidilər, ağdamlıdılar, tərtərlidilər.

Bu da bir dolaşıqlıq. Axı biz həmişə deyirik Dağlıq Qarabağdan ən azı 55 min azərbaycanlı qovulub. Belə çıxır indi bu siyahıdan haradasa 14 mini çıxmalıyıq. İşğala qədər ağdərəli azərbaycanlılarının sayı təqribən bu qədər olub.

Dağlıq Qarabağ münaqişəsi başlayanda bu keçmiş muxtar vilayət 6 şəhər-rayondan ibarət idi: Stepanakert, Əsgəran, Mardakert, Martuni, Hadrut və Şuşa. 1990-91-ci illərdə Azərbaycan parlamentinin qərarıyla Stepanakertin adı Xankəndiyə, Mardakertin adı Ağdərəyə dəyişdirildi. Əsgəran rayonu ləğv edilərək Xocalı kəndinin bazasında yaradılmış Xocalı şəhərinə qatıldı. Martuni və Hadrut rayonları Xocavənd adıyla birləşdirildi. 1992-ci ildə isə, xatırlatdığımız kimi, Ağdərə üç yerə bölünərək tarixə qovuşdu.

Ağdərənin ləğvini o zaman həm rayon əhalisi, həm bütövlükldə Dağlıq Qarabağın azərbacanılı icması, həm də ayrı-ayrı ictimai-siyasi dairələr narazılıqla qarşılamışdılar. Üstündən ötən 27 ilə yaxın zamanda da məsələni dəfələrlə gündəmə gətiriblər. Bəzilərinin fikrincə, Ağdərinin və ağdərəlilərin «yoxluğu» (əslində dırnaqsız da yazmaq olar) Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla çözümü halında Azərbaycanın ziyanına işləyə bilər. Söhbət Dağlıq Qarabağa qayıtmalı olan azərbaycanlıların sayı, işğal altındakı bütün yurdlarımıza sahib durmaq imkanlarımız kimi məsələlərdən gedir.

Ağdərə rayonunu bərpa etmək lazımdırmı? Lazımdırsa, bunu reallaşdırmağa nə mane olur?

«Media forum» saytı bununla bağlı Dağlıq Qarabağdan olan şəxslərin münasibətini öyrənib.

Xankəndi seçki dairəsindən deputat Həvva Məmmədova «Media forum» saytının əməkdaşı ilə söhbətində bildirib ki, Ağdərə rayonunun bərpası xahişiylə Milli Məclisə dəfələrlə müraciət olunub: «Xüsusilə Ağdərə rayonunun sakinləri çox müraciət edib. Ona görə ki, Ağdərə camaatı 3 rayon arasında bölüşdürülüb. Bu isə onların bir icma kimi toparlanmasına mane olur, sosial problemlərinin həllində çətinliklər yaradır».

Millət vəkili rayonun bərpası ilə bağlı hazırda heç bir problemin olmadığını bildirib: «Milli Məclis Ağdərənin statusunun qaytarılması ilə bağlı məsələyə baxacaq. Deputatlar bu təklifi parlamentdə qaldıranda Milli Məclis rəhbərliyi onu rədd etməyib. Mən dəqiq bilirəm ki, Milli Məclisin gündəliyində bu məsələ var. Sabah işğaldan azad olunanda Dağlıq Qarabağın sakinləri öz yurdlarına qayıtmalıdır, o cümlədən də Ağdərə camaatı. Biz də çox maraqlıyıq ki, Ağdərə əhalisi 3 rayon arasında parçalanmasın, onların vahid icra strukturu, müxtəlif yerlərdə yaşayan insanların sosial problemlərini araşdıra biləcək qurumları olsun. İnanıram ki, növbəti iclasların birində bu məsələyə baxılacaq və rayonun statusu qaytarılacaq».

Ağdərəli jurnalist, Qarabağ müharibəsi veteranı Xaqani Rzaquliyev qeyd edib ki, Ağdərə rayonu Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi: «Bu gün-sabah sülh sazişi bağlananda əhalinin geri qayıtmaq məsələsi ortalığa çıxsa, 14 min Dağlıq Qarabağ azərbaycanlısı kənarda qalacaq. Rayonun ləğvindən 16 il keçir. Bir-iki ilə rayonun ləğvindən sonra doğulan ağdərəlilər şəxsiyyət vəsiqəsi alacaq və onlar ağdərəli hesab olunmayacaq, kəlbəcərli, ağdamlı, tərtərli hesab ediləcəklər. Deməli, Dağlıq Qarabağın azərbaycanlı icması azalacaq. Sabah kimə sübut edə biləcəyik ki, biz ağdərəliyik? Bu baxımdan rayonun bərpasını vacib hesab edirəm».

Keçmiş döyüşçü hesab edir ki, statusun bərpası o qədər də çətin bir iş deyil: «Sadəcə, bu problemi görüb, başa düşüb və ağdərəliləri dinləmək lazımdır».

Şuşa Rayon İcra Hakimiyyəti aparatının rəhbəri Vəzir Səfixanov da Ağdərənin bərpa olunmasına tərəfdardır: «Bölünmə Dağlıq Qarabağdan olan azərbaycanlıların sayını süni sürətdə aşağı salıb».

Ağdərəli hüquqşünas Yalçın İmanovun firincə, Ağdərənin statusunun bərpasına ehtiyac var: «Bu, ən azı rayondan qaçqın düşmüş sakinləri xeyli sayda bürokrpatik əziyyətdən xilas etmiş olardı. Digər tərəfdən, statusun bərpası bütün ölkəyə səpələnmiş rayon sakinlərinin toparlanmasına, problemi, dərd-səri ilə kompakt halda məşğul olmasına imkan yaradardı. Bunu reallaşdırmağa nə mane olur? Heç nə, bircə siyasi iradə lazımdır».

Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə «Media forum» saytına deyib ki, Ağdərə rayonunun bərpası məsələsinə baxmaq üçün icra hikimiyyətindən, prezidentdən komissiyaya təklif daxil olmalıdır. Bizim münasibətimizə gəlincə, Ağdərənin bərpasına tərəfdarıq».

Xankəndidən 62 kilometr şimalda yerləşən Ağdərə rayonu 1930-cu ildə yaradılıb. 1939-cu ilədək Cerabert adlanıb. 1960-cı ildə şəhər tipli qəsəbə, 1985-ci ildə şəhər statusu alıb. Sahəsi 1705 kvadrat kilometrdir. 57 kəndi var.

İşğala qədər Ağdərənin 14 kəndində (Sırxavənd, Bəşirlər, Qaraşlar, Qaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.Redaksiyadan: Bu məqalə köhnə olsa da aktuallığını itirmədiyinə görə yenidən dərc etmək qərarına gəldik…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: