15.10.2024

Azərbaycan ədalətli sülhün tərəfdarıdır…

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

XƏZƏR RAYON SAKİNİ

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdə  Ermənistan  dövləti 30 il ərzində  törətdiyi  təxribatların davamı olaraq  Azərbaycana qarşı  növbəti dəfə təxribata əl atdı.  Rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını almaq üçün əks-həmlə əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları  Müzəffər Ali Baş Komandan,  cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə möhtəşəm tarixi Qələbə qazandı və illərlə davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

Qazanılan Zəfər  ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, yüz minlərlə soydaşımızı öz dədə-baba  yurduna qayıtmasına  zəmin yaratdı. Azərbaycan dövləti  bununla sübut etdi ki, artıq,  “Dağlıq Qarabağ” adlı coğrafi ad mövcud deyil. Ermənistanın apardığı işğalçılıq siyasəti beynəlxalq miqyasda heç kimə sirr deyil.  Ermənistan rəhbərliyi dərk etməlidir ki,  heç bir sahə də Azərbaycanla rəqabət aparmaq gücündə deyil. Ermənistan anlamalı idi  ki, uzun müddət  suveren qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil. Vətən müharibəsində qazanılmış Qələbə nəticəsində Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi və Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan xalqı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi. Ermənistan tərəfindən işğal zamanı şəhərlərimiz, kəndlərimiz, mədəni, dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Həmçinin, işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunub. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır.

İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bildiyimiz kimi, artıq, “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılmışdır. COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün Azərbaycan tərəfindən yüksək səviyyəli iclasının keçirilməsi təklifi irəli sürülmüşdür.

Təəssüf ki,  Ermənistan rəhbərliyi və onun havadarları beynəlxalq ictimaiyyət və  təşkilatların qəbul etdiyi qətnamələrin, qərarların ziddinə gedərək işğalçılıq siyasətini davam etdirirdi. 30 ilə yaxın keçirilən görüşlər, aparılan  danışıqlar  ağ  kağız üzərində yazılmış adi bir yazı olaraq qalırdı. Ermənistan  işğalçılıq siyasətini davam etdirmək üçün min bir bəhanə gətirərək olanları  pərdələmək və Azərbaycanı  bu vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan  heç vaxt buna razı ola bilməzdi. Artıq buna son qoyulmaq vaxtı gəlib çatmışdı.

Azərbaycan xalqının Vətən müharibəsindəki göstərdiyi birlik, həmrəylik, iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Demək lazımdır ki, Rəşadətli Azərbaycan Ordusu təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmamış, Ermənistanın havadarları ilə müharibə apararaq mötəşəm  Qələbə qazanmışıq.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli  Ordumuz və qəhrəman Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ermənilərə, onun havadarlarına  tarixi dərs vermiş oldu. İşğaldan azad olunmuş  tarixi Azərbaycan torpaqlarında  üçrəngli bayrağımız  dalğalandı.  10 noyabr 2020-ci il tarixdə  Ermənistan məğlub olduğunu rəsmən elan edərək  Azərbaycan qarşısında diz çökdü.  Bu qələbə ilə Azərbaycan dövləti Ermənistan işğalçılıq siyasətinə son qoymuş oldu.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin, yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!.. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!..

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: