“Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq” — Bolqarıstan lideri
“Mədəniyyət sahəsinə gəldikdə, biz Heydər Əliyev Fondunun töhfəsini heç vaxt unutmuruq. Bizim mədəni irsimizin mühafizə edilməsi, qorunması sahəsində tarixi paytaxtımız olan Veliko Tırnovoda reallaşdırılan layihədən söhbət gedir”.
Bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
“Biz Prezident Əliyevlə müzakirə etdik ki, işçi səviyyədə də təmaslar daha fəal olsun. Çünki çoxsaylı imkanlarımız var və biz burada daha operativ olmalıyıq, bir yerdə çalışmalıyıq, bir yerdə düşünməliyik. Geosiyasi, regional vəziyyət nəzərdən keçirilib. Biz mövcud vəziyyəti nəzərə alaraq daha çevik qərarlar qəbul etməliyik ki, bu, bizim xalqlarımızın, ölkələrimizin mənafeyinə uyğun olsun. Biz SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması məsələsini də müzakirə etdik. Hesab edirəm ki, bu da bizim səmərəli əməkdaşlığımızın əlaməti ola bilər”, — Bolqarıstan Prezidenti vurğulayıb.