Abenin öldürülməsi ilə gündəm gələn “Moon” təriqəti haqda şok faktlar! — YAPONİYANI ÇALXALAYAN QƏTL OLAYININ GİZLİNLƏRİ
Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin öldürülməsi ilə gündəmə gələn “Moon” təriqəti yenidən dünyanın diqqət mərkəzinə düşüb. «Dünya Sülh və Birləşmə üçün Ailə Federasiyası» və ya sadəcə olaraq «Birlik kilsəsi» kimi tanınan bu təşkilat 1954-cü ildə bugünkü Şimali Koreyada fermer ailəsində anadan olmuş Sun Myung Mun tərəfindən yaradılmışdır.
Bir müddət işsiz qalan və tək yaşayan 41 yaşlı Tetsuya Yamaqami onun ailəsinin anasının kilsəyə verdiyi ianələrə görə dağıldığını, keçmiş baş nazir Şinzo Abeni isə qrupa dəstək verdiyi üçün öldürdüyünü bildirib. Hədəf seçilən sekta Yamaqaminin anasının donor olduğunu etiraf etsə də, nə qədər pul köçürdüyünü açıqlamayıb. Bəyanatda deyilir: “İnanənin miqdarı şəxsdən asılıdır, onun açıqlanması ilə bağlı heç bir məcburiyyət yoxdur”.
Kilsənin Yaponiya bölməsinin rəhbəri Tomihiro Tanaka Abe və təcavüzkarın bu təriqətə üzv olmadıqlarını, ola bilsin ki, qatilin keçmişdə anası ilə birlikdə tədbirlərə qatıldığını deyib.
Məlumata əsasən, 1998-ci ildə kilsəyə qoşulan ana 2002-ci ildə müflis olub. Ancaq pandemiyanın əvvəlində kilsə tədbirlərində iştirak etməyə və yenidən ianə verməyə başlayıb.
Təriqətin yaranması
İsanı gördüyünü və Tokioda mühəndislik təhsili aldığını deyən Sun Myung Moon tərəfindən qurulan təriqət tez bir zamanda Yaponiya və ABŞ-da özünə tərəfdarlar toplayıb. Mun 1970-ci illərin əvvəllərində ABŞ-a köçüb və sonrakı illərdə vergidən yayındığına görə burada 11 ay həbsdə yatıb.
Üzvləri «Moonies» adlanan bu sektaya 2012-ci ildə Mun vəfat edəndən bəri onun həyat yoldaşı Hak Ja Han rəhbərlik edir. 2012-ci ildən bu yana kilsənin ardıcıllarının sayı azalsa da, hələ də 3 milyon civarında olduğu bildirilir.
Təriqətin məqsədi
Koreya müharibəsindən dərhal sonra yaranan sekta ilkin olaraq anti-kommunist mövqeyi ilə tərəfdar toplayıb. Lakin stadionlarda minlərlə cütlüyün iştirakı ilə keçirilən kütləvi toy mərasimləri ilə medianın diqqətini çəkib. Evlilik bu təriqət üçün çox vacibdir. Fərqli millətlərdən olan üzvləri razılaşdırılmış nikah yolu ilə evləndirərək “multikultural dünya” yaratmaq məqsədi daşıyır. Üzvlərə camaatdan kənarda evlənmək qadağandır və boşanmalar nadirdir.
“Moon” dini icmadan daha çox şirkət idarə etdiyinə görə tənqid olunur. Kilsə bir çox ölkədə, xüsusilə ABŞ və Cənubi Koreyada təhsilə sərmayələr qoyur. Ən çox səslənən etirazlardan biri də ianələrin şəffaf şəkildə yoxlanılmamasıdır.
Abe ilə nə kimi bağlantısı olub?
Abe Yaponiyanın Şinto dini qurumunun üzvü olsa da, “Birlik kilsəsi”nin bir neçə tədbirində iştirak edib. Təriqət Yaponiyaya ilk gələndə Abenin baş nazir olan babası Nobusuke Kişi qrupun fəaliyyətlərində iştirak edərək Tokioda qərargah tikmək üçün öz torpağını onlara verib. Şinzo Abe 2006-cı ildə bir qrup yapon hüquqşünas tərəfindən camaatdan pul qoparmasının qurbanı olduğu üçün tənqid edilib.
Bu arada Şinzo Abeyə sui-qəsdi törədən Tetsuya Yamaqaminin hadisədən bir gün əvvəl “Birlik kilsəsi”nə aid sahəyə gedərək qurbanını hədəfə alma məşqi keçirdiyi üzə çıxıb.
Yeri gəlmişkən, Şinzo Abenin hakimiyyəti dövründə arzuladığı konstitusiya dəyişikliyi indi mümkün ola bilər. Dünən keçirilən seçkilərdə Abenin rəhbərlik etdiyi Liberal Demokratlar (LDP) və digər konstitusiya tərəfdarı partiyalar parlamentin hər iki palatasında lazımi səs çoxluğu əldə ediblər. Baş nazir Fumio Kişida dünənki zəfər nitqində ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra yazdığı pasifist konstitusiyanı dəyişdirmək üçün məsələni ən qısa zamanda parlamentin gündəliyinə çıxaracaqlarını bildirib.
Qeyd edək ki, Yaponiya konstitusiyasının 9-cu maddəsi klassik mənada orduya malik olmağı qadağan edir, əvəzində “özünümüdafiə qüvvəsi”ni nəzərdə tutur. Yaponiya konstitusiya dəyişikliyi ilə Çin təhlükəsinin artdığı bir mühitdə döyüşçü ordusuna sahib olmaq istəyir. Lakin müşahidəçilər qeyd edirlər ki, xalqın prioriteti konstitusiya dəyişikliyi deyil, iqtisadi böhrandan xilas olmaqdır.
Mənbə: Qafqaz.media