27.07.2024

Azərbaycanda hərbi qulluqçular ev almaq problemi ilə üzləşib

Nazirlər Kabinetinin 2021-ci ilin yekunlarına dair hesabatına görə, 480 tam təmirli mənzilin hərbi qulluqçuların mülkiyyətinə verilməsi nəzərdə tutulub. Bu məqsədlə 35 milyon manat vəsait ayrılıb. Ehtiyatda olan hərbi qulluqçü M.H də dövlətin bu qərarından bəhrələnmək istəyir. Amma ona ev vermirlər. 

M.H 22 il hərbi xidmətdə olub. O, bu xidmət dövrünün 20 ilini Azərbaycan Respublikasının Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətdə olub. M.H bu xidmətlərini əsas gətirərək ev üçün müraciət etsə də  heç bir nəticə əldə edə bilməyib.

«Mən 2002-ci ilin aprelindən 2021-ci ilin mayına kimi gizir kimi xidmət etmişəm. Müharibə vaxtı səhhətimdə problem olmuşdu. Təxris olunduqdan sonra da başım müalicələrə qarışdı. Ötən ilin sentyabrında dostlarım ilə görüşəndə məsləhət gördülər ki, ev növbəsinə dayanım. O günə kimi mənim qanunlardan xəbərim yox idi.  Dostlarımın məsləhəti ilə ev üçün müraciət elədik. Əvvəlcə, İcra Hakimiyyətində bəhanə elədilər ki, ev yalnız qazi və veteranlara verilir. Dedim ki, mən veteran ya qazi kimi yox, 20 il qüsursuz hərbi xidmət edən biri kimi müraciət edirəm. Mənə yenə bəhanələr gətirdilər ki, 20 il xidmət etməyib. Elə şərait yaradırlar ki, biz ev götürməkdən könüllü imtina edək. 3 vəkil yanına getdim, maraqlandım və nəticə olaraq deyildi ki, sizə ev düşür. İndi bir vəkil ilə danışmışıq və yazılı müraciət etmişik. Biz indi o müraciətə cavab gözləyirik. İmtina gəlsə məhkəməyə verəcəyik. Gülməli haldır, amma ki haqqımız olanı normal şəkildə ala bilmirik», — o bildirir. M.H söyləyir ki, ev üçün müraciət edərkən eyni problemdən əziyyət çəkən 10-a yaxın insan görüb. «Bəzi hərbçi dostlarımız rahat şəkildə ev alıb, bəziləri isə bizim kimi problem ilə üz-üzə qalıb. Dövlət qurumları da tədbir görmür, Prezidentin sərəncamını qulaq ardı edirlər»,- o əlavə etdi. 


Prezident İlham Əliyevin  2011-ci ildə imzaladığı sərəncam ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. 

Bu fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya təşkil edilib. Komissiyaya daxil üzvlər isə Maliyyə Nazirliyi, Müdafiə  Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəsmiləri də daxildir. Hərbi analitik, «M5 müdafiə və strategiya» jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulunun açıqlamasına görə, qüsursuz hərbi xidmət məsələsinə dəyişiklik edilə bilər. «Azərbaycanda hərbi qulluqçulara ev verilməsi siyahıyaalma ilə keçirilir. Burada yanlış nəsə görmürəm. Amma qüsursuz hərbi xidmət məsələsinə dəyişiklik edilə bilər. Xidmət varsa qüsur olar vəya olmaz əgər hərbi qulluqçu xidməti zamanı hər hansı səhv edirsə bununla bağlı qanunla nəzərdə tutulmuş cəzasını alır.  Hərbi qulluqçunu özünün və ailəsinin haqqı olan evdən məhrum etmə vəya təminatının gecikdirilməsi kimi nəzərdə tutulmamış yöntəmlərin icrası ədalətsizlik sayılır. Xidmətdə yol verdiyi nöqsana görə cəzalanmış bir şəxs artıq gərəkli cəzasını alıb vəya cəriməsini ödəyibsə siyahıya əlavə edilməsi və evlə təmin olunması onun hüququdur», — ekspert deyir.

Hərbi ekspert Ədalət Verdiyev düşünür ki, hərbçilərə ev verilməsi qeyri-şəffaf həyata keçirilir. 

«Hərbçilər ev almaq üçün siyahıya alınır. Amma bu siyahı ictimaiyyətə açıq deyil. Zabitlər özləri də nə vaxt ev alacaqlarını bilmirlər. 30 ildir ki, xidmət edən hərbi qulluqçular var ki, hələ də ev ala bilməyib. Siyahıda olub-olmadığından isə xəbərsizdir. Əgər biz türk ordu modelinə keçiriksə, bu sahələrdə də həmin model tətbiq edilməlidir. Bəzən rayon qeydiyyatına görə, problem olur. Ya da haqsızlıq baş verir. Məsələn, yaxşı qulluq edən hərbi qulluqçu rayon qeydiyyatında olduğu üçün həmin bölgədən daha ucuz ev ilə təmin olunur. Ondan zəif qulluq edən isə qeydiyyatda olduğu Bakıdan bahalı ev sahibi olur. Bu da qeyri-şəffaflıq ilə birbaşa bağlıdır» , — Verdiyev deyir.  Verdiyev bildirir ki, bu sistem dəyişilərsə büdcəyə də müsbət təsir göstərə bilər.  «Zabit hərbi xidmətdən təxris olunarkən 20 illik müddəti başa vurubsa ona müəyyən məbləğ ödənilə bilər. Həmin müvafiq ödəniş ilə qulluqçu istədiyi yerdə mənzil ala bilər. Bu, narazılığı da aradan qaldırar. Çünki zabitlər ordudan təxris olunduqdan sonra ev növbəsi çatana kimi yerli icra orqanları ona müəyyən qədər məbləğ ödəyir. Bu da büdcəyə əlavə xərc sayılır. Bu və digər formada alternativlər mümkündür. Lakin nə Müdafiə Nazirliyi, nə də aidiyyatı strukturlar məsələ ilə bağlı tədbir görür.

Görünür ki, bu məsələnin həlli hərbi qulluqçulara veriləcək mənzillər ilə bağlı olan tikinti şirkətlərə və Mənzil Kommunal İstismar Sahələrinin maraqlarına uyğun deyil. Buna görə də illərdir ki, məsələ öz həllini tapa bilmir», hərbi ekspert vurğuladı. Aprelin 20-də Müdafiə Nazirliyi dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, «miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçulara müraciət edib.

«Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, «miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:


— Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;

— Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);

— Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).


Ehtiyatda olan (zabit, gizir, «miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.


Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, «miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcək.

Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2)
Telefon: (012) 539-23-55″, — müraciətdə deyilir.  Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilməlidir.


İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış polkovnik rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara qanunvericiliydə müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilməlidir.


Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdir.

Ləman Qasımova

mənbə: www.anews.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: