21.11.2024

“Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır“ — MİRZOYAN

“Ermənistan əhalisi Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Anadolu” Agentliyinə müsahibəsində deyib.

“Ötən aylarda Ermənistan və Türkiyə arasında baş vermiş mühüm epizodları xatırlatmaq istərdim. İki ölkənin liderləri açıq bəyanatlarla çıxış edərək, danışıqlara başlamağa hazır olduqlarını bildiriblər. Daha sonra Moskva və Vyanada artıq iki görüş keçirmiş xüsusi nümayəndələr təyin olundu və onlar münasibətlərin tam normallaşmasına yönəlmiş ilkin şərt olmadan danışıqları davam etdirməyə razılıq verdilər. Mən Antalyaya Ermənistan hökumətinin Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmaq və regionda dinc və davamlı inkişaf dövrünü açmaq üçün siyasi iradəsini bir daha təsdiqləmək üçün səfər etdim.

Ümumiyyətlə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesini müsbət qiymətləndiririk.

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır. Türkiyəli həmkarımdan onların da prosesi sona çatdırmaq üçün siyasi iradələrinin olduğunu eşitmək məni sevindirdi. İndi dünyada hadisələr çox sürətlə inkişaf edəndə konkret addımlar atmaqdan çəkinməməliyik.

İnsanlar artıq İrəvandan İstanbula birbaşa uçuşlardan istifadə edirlər. Sərhədlərin açılması iki ölkə arasında kommunikasiyaya, ticarət-iqtisadi əlaqələrə, insanlar arasında təmaslara və ümumilikdə regionda sabitliyə müsbət təsir göstərəcək.

Mənim səfərim yüksək rütbəli erməni rəsminin son on ildə Türkiyəyə ilk gəlişidir. Əgər nizamlanma prosesi rahat getsə və müsbət nəticələr əldə etsək, qarşılıqlı səfərlər də mümkündür.

Ümumiyyətlə, Ermənistan əhalisi Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Bu, rəy sorğularında da özünü göstərir. Təbii ki, həm Ermənistan, həm də Türkiyə cəmiyyətində bu prosesə şübhə ilə yanaşan qruplar var.

Bu məsələlərin həllində hər iki tərəfin rəsmiləri liderlik etməlidir. Çavuşoğlu ilə görüşüm zamanı bəzi ağrılı məqamlarla bağlı fikir mübadiləsi apardıq və ümid edirəm ki, bunlar nəzərə alınacaq”, — Ermənistan XİN rəhbəri qeyd edib.

Mənbə: Yenisabah.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: