12.06.2026

Rusiya-Ukrayna müharibəsi Kremlin qarşısında getdikcə daha mürəkkəb problemlər yaradır

Almaniyanın nüfuzlu BILD nəşrinin yaydığı təhlilə əsasən, Rusiya–Ukrayna müharibəsi Kremlin qarşısında getdikcə daha mürəkkəb problemlər yaradır. Məqalədə qeyd olunur ki, Rusiya ordusu hər ay təxminən 35 min ölü və yaralı verir. Müharibənin başlanğıcından bu günə qədər ümumi itkilərin 1,5 milyon nəfərə yaxınlaşdığı bildirilir. Bu rəqəm müharibədən əvvəl Rusiyanın 18–59 yaşlı kişi əhalisinin təxminən 3 faizinə bərabər hesab edilir. Böyük insan və texnika itkilərinə baxmayaraq, cəbhədə əldə olunan nəticələr Kremlin gözləntilərini doğrultmur. Eyni zamanda, Ukraynanın uzaqmənzilli pilotsuz uçuş aparatlarının Rusiyanın daxili bölgələrinə qədər çatması müharibənin artıq sərhəd bölgələri ilə məhdudlaşmadığını göstərir.

BILD yazır ki, Rusiya böyük itkilər versə də, cəbhədə ciddi strateji uğurlar qazana bilmir. Məlumata görə, 2026-cı ilin əvvəlindən Rusiya qüvvələri təxminən 220 kvadrat kilometr ərazidə irəliləyiş əldə etsə də, Ukrayna son aylarda 189 kvadrat kilometr ərazini geri qaytarmağa nail olub. Bu səbəbdən minlərlə hərbçinin itkisi müqabilində əldə olunan nəticələr gözlənilən səviyyədə qiymətləndirilmir. Ukraynanın uzaqmənzilli pilotsuz aparatları artıq müntəzəm şəkildə Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarını, hərbi bazaları və mühüm infrastruktur obyektlərini hədəfə alır. Hətta Moskva və ətraf bölgələr də zaman-zaman hücumlara məruz qalır. Bu isə uzun müddət müharibəni uzaqdan izləyən Rusiya cəmiyyəti üçün yeni və narahatedici reallıq yaradır.

Məlumata görə, Ukrayna qüvvələri bəzi istiqamətlərdə taktiki təşəbbüsü yenidən ələ almağa başlayıb. Ukrayna tərəfinin əsas məqsədi hər kilometr irəliləyişin Rusiya üçün mümkün qədər ağır itkilərlə nəticələnməsidir. Ekspertlərin fikrincə, artan hərbi itkilər, zəif döyüş nəticələri və ölkə daxilində yaranan təhlükəsizlik problemləri Kremlin üzərində həm hərbi, həm iqtisadi, həm də psixoloji təzyiqi daha da artırır. Bununla belə, analitiklər müharibənin yaxın zamanda başa çatacağı barədə qəti proqnoz verməyin hələ tez olduğunu vurğulayırlar.

Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: