«Prezident ölkədən kənarda istefa verib» — Ermənistan parlamentinin üzvü
Ermənistanın istefa verdiyini elan etmiş Prezidenti Armen Sarkisyan respublikanın hüdudlarından kənardadır.
Bu barədə parlamentin “Ermənistan” müxalif fraksiyasından olan deputatı Andranik Tevanyan bildirib.
“Respublika Prezidenti vəzifəsini tutan şəxsin xaricdən istefa verdiyini elan etməsi utancvericidir”, — Tevanyan feysbukdakı hesabında yazıb.
Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan dünən istefa verdiyini açıqlayıb. O qeyd edib ki, Prezident ölkə və millət üçün indiki çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir göstərmək üçün lazımi alətlərə malik deyil.
Yanvarın 18-də Prezidentin mətbuat xidməti məlumat yayıb ki, Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərini başa vurduqdan sonra lazımi tibbi müayinədən keçmək üçün qısamüddətli məzuniyyətə gedib. Prezidentin məzuniyyətdən qayıtması barədə məlumat verilməyib.
Mənbə: Report