«Müharibə veteranı» statusunu təsdiq edən vəsiqələr necə veriləcək?
44 günlük Vətən müharibəsi iştirakçıları hər gün «Müharibə veteranı» statusunu təsdiq edən vəsiqələrinin verilməsi lə bağlı müraciətlər edirlər.
Məsələylə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.
Vahid Abdurəhmanov
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini
Vahid Abdurəhmanov bildirdi ki, bu günədək Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) on minlərlə bu səpkidə sorğuya cavab verib. Son vaxtlar müraciətlər daha da çoxalıb. Hətta aidiyyatlı qurumlar da müraciət edənləri gülməli olsa da, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) göndərirlər. Onlar gənc olsalar da bizim döyüşçü qardaşlarımızdır. Onların problemləri elə bizim problemlərdir. Daim onlarla birgə olmağa çalışmışıq və bu gün sıralarımızda onların sayı 25 min nəfərdən artıqdır.
Nazirlər Kabinetinin Qərarıyla yaradılmış komisiyadan məsələ ilə bağlı verilmiş cavabda deyilir: «Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına uyğun olaraq, müharibə iştirakçılarına «Müharibə veteranı» adı və vəsiqəsi vətəndaşın xidmət keçdiyi (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək».
V. Abdurəhmanov qeyd etdi ki, 44 günlük Vətən müharibəsi iştirakçıları tezliklə «Müharibə veteranı» statusu alacaqlar. AVMVİB-yə üzv olmuş gənc döyüşçülərin demək olar ki, sənədlərini yoxlayıb Nizamnaməmizə uyğun olaraq üzvlüyə qəbul etmişik. Ona görə də elə bir problemləri olmayacağını düşünürük. Ona görə də qəbul edilmiş Qərarı bir daha diqqətə çatdırırıq: -Azərbaycan Respublikası Nazirlər Kabineti 31 yanvar 2021-ci il tarixli 24 nömrəli qərarı ilə bu barədə xüsusi komissiya yaratmışdır. Onun mətni aşağıdakı kimidir: «Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri Yaqub Eyyubov — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisinin müavini Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisinin müavini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini.
2. Komissiyaya tapşırılsın ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Müəyyən edilsin ki:
3.1. Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir;
3.2. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər.
Elnur Səlim