Emin Həsənli: “Heç bir güc və təzyiq Türkiyəni yolundan döndərə bilməz”
Son günlər Türkiyədə lirənin dollara qarşı kəskin ucuzlaşması müşahidə olunur. Bunun bir çox səbəbləri ola bilər. Düzdür, Türkiyə hökumətinin son günlər gördüyü tədbirlər nəticəsində ucuzlaşmanın qarşısı, az da olsa, alınıb. Lakin lirənin ucuzlaşması artıq Türkiyədə fəaliyyət göstərən xarici şirkətlərin işinə öz təsirini göstərib.
Lirənin ucuzlaşmasına hansı amillər səbəb ola bilər? İqtisadi, siyasi amillərin və ya xarici təsirlərin bu məsələdə rolu nə qədərdir?
“Qardaşlığımız Əbədidir” QHT koalisiyasının sədri Emin Həsənli hesab edir ki, Türkiyədə lirənin ucuzlaşmasının iqtisadi əsaslarından çox, siyasi əsasları var.
Herbiand.az-a açıqlama verən koalisiya sədri deyib ki, bu məsələdə müəyyən iqtisadi amillər də rol oynayır. Son illər pandemiyaya görə dünya ölkələri ciddi iqtisadi çətinliklərlə üzləşib, o cümlədən də Türkiyə. Gəlirinin önəmli bir hissəsini turizm təşkil edən bir ölkə üçün pandemiyanın zərərini təsəvvür etmək çətin deyil. Lakin bu böhranın yaranmasına səbəb olan siyasi əsasları gözardı etmək olmaz:
“Son illər Türkiyə müstəqil siyasət aparır. Amerika uzun müddət Türkiyəyə müxtəlif vasitələrlə təsir etməyə çalışdı ki, Rusiyadan S-400 raketlərini almasın. Türkiyə, bununla yanaşı, ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemi də almaq istəyirdi, lakin Amerika bundan imtina etdi. Türkiyənin Liviyada, Suriyada, Orta Asiyada, Cənubi Qafqazda, Ukraynada əlaqələrinin genişlənməsi, Kipr məsələsində müstəqil mövqe tutması, dünya siyasətində böyük oyunçuya çevrilməsi bəzi dövlətlər və onların rəhbərləri tərəfindən qısqanclıqla qəbul edilir. Türkiyənin böyüməsini, türk dövlətlərinin birləşməsini istəmirlər. Ona görə də müxtəlif üsullarla təzyiq edirlər. Türkiyəyə qarşı uzun illər fəaliyyət göstərən terror təşkilatlarına davamlı olaraq silah, pul, siyasi dəstək verdilər. Ölkənin içərisində iri terror aktları törədildi. Dövlət çevrilişi və hərbi çevrilişə cəhdlər oldu. İndi də iqtisadi təsir vasitəsindən istifadə edirlər. İllərlə Türkiyəyə qarşı bu vasitələrdən istifadə ediblər. Ancaq əminəm ki, Türkiyə prezidenti və xalqı bu məsələnin də öhdəsindən asanlıqla gələcək”.
Koalisiya sədri xatırladır ki, hələ bir əsr əvvəl, Türkiyə Cümhuriyyəti qurulanda dünya güclərinə qarşı savaşan türk əsgəri gündə bir dəfə yemək yeyə bilib, normal qidalanmayıb, normal geyinməyib. Mustafa Kamal Atatürk və silahdaşları dövləti bu cür çətinliklərlə qurub:
“Əksəriyyət bu proseslərin səbəbini, Türkiyə üçün bu cür böhranlı vəziyyətin süni yollarla yaradıldığını gözəl bilir. Türkiyə xalqı lirənin ucuzlaşmasından, yaşayışlarından çox Türkiyənin müstəqil və dünyada söz sahibi olmasını istəyir. Türkiyədə o ailə, nəsli yoxdur ki, dövlətin qurulmasında xidməti olmasın. Zamanında Çanaqqala və Qurtuluş savaşında Azərbaycan türkləri minlərlə şəhid verərək, maddi və mənəvi dəstək olaraq, Türkiyə Cümhuriyyətinin qurulmasında fəal iştirak ediblər. Türkiyə də Azərbaycana həmişə dəstək verib. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakının və Azərbaycanın böyük bir ərazisini erməni daşnakların və bolşeviklərin işğalından azad edib, bu savaşlarda 1030 Anadolu türkü şəhid olub. Azərbaycan yenidən müstəqil dövlət olan zaman Ermənistan torpaqlarımızı işğal etdi. Türkiyə də buna cavab olaraq Ermənistanla sərhədləri bağladı və bu ölkə ilə bütün əlaqələri kəsdi. 44 günlük Vətən müharibəsində 83 milyonluq Türkiyə Azərbaycanın yanında oldu. Müharibə zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ölkələrinə səslənərək bildirdi ki, Azərbaycan bu müharibədə haqq savaşına qalxaraq öz torpaqlarını azad edir və heç kim onları mühakimə edə bilməz. Azərbaycan da həmişə Türkiyənin yanında olub. Ulu öndər, ümummili lider Heydər Əliyev bizi “bir millət, iki dövlət” adlandırıb. Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər zaman bəyan edir ki, biz qardaşımız Azərbaycanın yanındayıq. Azərbaycan prezidenti İlham Əliyev hər zaman Türkiyəni dəstəklədiyini açıq bəyan edir. Türkiyə-Azərbaycan qardaşlığının əbədi olmasını qeyd edir. Ona görə də bizim hər çətinlikdə Türkiyənin yanında olmağımız təbiidir”.
Emin Həsənli vurğulayıb ki, Türkiyə bu problemin də öhdəsindən gələcək. Orada yaşayan insanların böyük əksəriyyəti prezidentin siyasətini, dövlətin siyasətini dəstəkləyir.
“Aparılan islahatlar, hesab edirəm ki, lirənin möhkəmlənməsinə gətirəcək, iqtisadi böhran aradan qalxacaq. Ərdoğanın rəhbərliyi altında Türkiyə böyük uğurlar qazanıb. Ölkənin iqtisadi, siyasi və hərbi qüdrəti yüksəlir. Xüsusən də hərbi sənayenin güclənməsi dünya güclərini narahat edir. Buna baxmayaraq, Türkiyə böyüyəcək. Silah sənayesində, xüsusən pilotsuz uçan aparatlar və müasir texnologiyanın bu sahəyə tətbiqində inkişaf davam edəcək. Kipr, Cənubi Qafqaz, Orta Asiya, İraq, Suriya, Liviya məsələlərində daha qətiyyətli addımlarının şahidi olacağıq. Türkiyə 2023-cü ildə qeyd ediləcək Cümhuriyyətin 100 illiyinə daha böyük uğurlarla gedəcək”, – deyə koalisiya sədri inamını ifadə edib.
Bəxtiyar CƏFƏRLİ