Şəhid Daşqının “Səni alacam” dediyi gürcü qızı Nananın dəhşətli həyat hekayəsi
Onlar 44 günlük Vətən müharibəsində tanındılar. Qısa müddətdə sosial şəbəkələrdə yayılan videolarını hər kəs izlədi. Qovuşmaları üçün dualar edildi. Və bu dualardan ən çox Daşqın Şəfiyevə pay düşürdü. Amma o, 5 noyabr Laçının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında qəhrəmancasına şəhid oldu…
Həmin o qısa videonun bir qəhrəmanı da var. Müharibə zamanı əsgərlərə zarafatla video çəkən və «30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”,- deyən gürcü qızı Nana Davidaşivili.
Modern.az-ın əməkdaşı uzunmüddətli axtarışlardan sonra gürcü qızı Nana xanımı tapıb, onun faciəli həyatı, Daşqının cavablandırdığı video və s. haqqında ətraflı söhbət edib.
Nana 7 yaşında ikən qəza nəticəsində ata və anasını itirir. 6 yaşlı bacısı ilə tək qalırlar. Qısa müddətdən sonra Gürcüstanda yaşayan Azərbaycan əsilli bir qadın, Nazlı Muradova ona və bacısına sahib çıxır. 10 il onlara ana kimi baxır, böyüdür. On ildən sonra onlar ikinci dəfə anasız qalırlar…
«Nazlı anamızın oğlu həbsxanada idi. Narkotik istifadəçisi idi. Oğlu azadlığa çıxandan sonra Gürcüstandan Türkiyəyə köçdülər. İki ildir heç bir xəbər ala bilmirəm. Sosial şəbəkədə nə qədər axtarsam da, tapa bilmədim.
Düşünürəm ki, bizi oğlundan qorumaq üçün bütün əlaqələri kəsdi və yenidən, ikinci dəfə anamızı itirdik”…
Qohumlardan heç kimlə əlaqələri yoxdur. Daha doğrusu…
«Ana tərəfdən kimsəmiz yoxdur. Bir əmim var, Almaniyada yaşayır, biz tanımırıq. Valideynlərimizi itirəndə babam əmimə zəng etdi ki, uşaqlara sahib çıx. Onun da həyat yoldaşı icazə vermədi. Dedi ki, mənim onlara baxmağa səbrim yoxdur, aparın uşaq evinə verin. Onlar bizi istəmədi, biz də onları həyatımızdan sildik. Babam çox yaşlı idi və üstəlik övlad dərdi”…
Nana Davidaşivilinin 19 yaşı var. Hazırda Tibb Universitetinin ikinci kursunda, kordiologiya üzrə oxuyur. Bacısının 17 yaşı var və 12 -ci sinifdə təhsil alır. 17 yaşa qədər Gürcüstan dövləti onlara maddi dəstək verib. Hazırda Nana həkim köməkçisi kimi çalışır və tələbə təqaüdü ilə maddi ehtiyaclarını ödəyir.
Çətin də olsa, məşhur videonu çəkilmə gününü xatırlayır…
«Mən Azərbaycanı çox sevirəm. Müharibə başlayanda biz də narahat idik. Azərbaycanlı tələbələrlə birlikdə sosial mediadan son xəbərləri izləməyə çalışırdıq. Universitetmizdə erməni tələbələr də var idi. Onlara acıq olsun deyə hər şəhər, rayon azad olunanda Azərbaycan mahnıları oxuyur, bayraqla gəzirdik.
Bir gün dərsə gəldim ki, azərbaycanlı tələbələr sevinirlər. Həmin gün hansısa şəhər işğaldan azad olunub. Mən də sevindim. Birdən kimsə dedi ki, 30 ildən sonra Qarabağı aldılar, biz yenə evdə qaldıq, alan olmadı. Bu sözə uyğun video çəkdim və gülmək üçün sosial şəbəkədə hekayə bölümündə paylaşdım. Kimsə videonu yükləyib və yaydı. Beləliklə, video Daşqına çatdı. Sonra o cavab videosu çəkdi. Dostlar həmin videonu mənə göndərdilər. Videolarımız bütün Azərbaycanda yayıldı. Düzü, bu qədər izlənilcəyini, təsəvvür eləmirdim. Əvvəli adi zarafatla başlasa da sonu göz yaşı ilə bitdi…”
Videodan sonra Daşqını axtarmadığına çox peşmandır Nana. Deyir, axtarmağa, yazmağa utandım…
«Şəhid olandan sonra telefonunu qardaşı Orxana verirlər. O videonu görəndən sonra məni axtarıb, tapdı. Yazdı ki, Daşqın şəhid olub. Həmin gün dünya başıma yıxıldı… Uzun müddət özümə gələ bilmədim, ağladım. Ölümündən sonra tanıdım, çox bağlandım. Daşqına 3 mahnı, 2 şeir yazdım…
İndi Orxanla hər gün danışıram. Anası, atası ilə danışmağa çalışdım. Heç birimiz danışa bilmədik. Qəhər, göz yaşları imkan vermədi… Orxan ən yaxın dostumdur. Və təsadüfə baxın ki, Orxanla ad günümüz də eyni gündədir. Ötən il nə o, nə də mən ad günlərimizi qeyd etdik.
Çox səmimi, mehriban insanlardılar. Daşqının ad günündə və ildönümündə evlərinə çiçək göndərdim. Onun şəhid olduğu yeri ziyarət edə bilmərəm, buna dözə bilmərəm. Amma ən böyük arzum otağını görmək və məzarını ziyarət etməkdir”.
Daşqın şəhid olandan 2 ay sonra onlar ilk dəfə yuxuda «görüşür”lər…
«Çən, duman idi. Daşqının üzünü aydın görə bilmirəm. Amma səsi açıq-aydın videolardakı səs idi. Məni dağ kimi bir yerə çağırdı: «Nana, gəl”, dedi.
Böyük düzənlik, təpəliklər olan bir yer idi. Dedi, Kəlbəcərdir. Soruşdum ki, burada üşümürsən? Yer iki hissəli idi. Bir tərəf çiçəklərlə, bir tərəf isə qarla örtülüdür. Çiçək olan tərəfi göstərib dedi ki, ən çox burada oluram. Sonra balaca bir çiçək dərdi. Əlimi uzatdım ki, götürüm, vermədi. Bir daşın üzərinə qoydu. Dedi ki, buzdu, donu açılsın, isinsin götürərsən. Çiçəyə baxdım. Bir də gördüm dumana qarışıb gedir.
Yuxuda da olsa, ona sarılmaq istəyirdim… Dağa çıxmağa kömək edəndə əlimdən tutdu. Çox yaraşıqlı və üzündə nur var idi. Qayıtmayacağını bilə-bilə, həyatda olmayan bir insanı sevmək çox çətindir. Sanki taleyimə itirmək yazılıb. Bir də üzünü görə bilməyib sevdiyim birini itirdim. Həyatda qovuşmasaq da, fotolarımızı proqramla birləşdirmək də bir təsəllidir mənə”.
Üzünü görmədiyi, uzaqdan-uzağa sevdiyi Daşqından sonra həyatında heç kim olmadı, Nananın. Və artıq olmasını da istəmir…
Mənbə: Modern.az