24.11.2024

Sahil Babayev qazilərə verilən protezlərin qiymətini AÇIQLADI

“Bu günədək 7 mindən çox şəxs sosial-psixoloji, reabilitasiya xidmətləri ilə təmin olunub”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AZTV-nin “Hədəf” verilişində deyib.

“Ən önəmli istiqamətlərdən biri odur ki, əzalarını itirmiş qazilərimiz üçün dünyada mövcud olan ən müasir dördüncü nəsil elektron protezlər təmin edilib. Rəqəm olaraq qeyd edim ki, öz əzalarını itirən 182 qazimiz var. Artıq onlardan 140-ı protezlərlə təmin olunub. Bu protezlərin dəyəri belədir: itirilən əzanın oynaqlarının sayına görə 30-100 min manat arasında aşağı əzalar üçün, 100-250 min manat arasında yuxarı əzalar üçün sərf olunur. Bunu tam şəkildə dövlət əvəzsiz olaraq ödəyir. Onların təkrar həyata inteqrasiyası, cəmiyyətdə öz yerlərini tam tapmaları, eyni zamanda, onların sosial və peşə reabilitasiyaları üçün əhəmiyyət kəsb edən proqram uğurla icra olunur”, — nazir çıxışında qeyd edib.

Həmçinin nazir bildirib: “Azərbaycan nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu səpkidə geniş proqram icra edir. Şəhid ailələrinə, müharibə əlillərinə bu günə kimi 11 000 mənzil təqdim edilib. Onların da 1 600-ü bu il təqdim olunub. Hədəfimiz 3 000-dir. Proses davam edəcək”.

Nazir qeyd edib ki, 11 000 mənzil yüz milyonlarla manat vəsait deməkdir. Bu, kifayət qədər geniş, maliyyə tutumlu, böyük rəqəmdir.

“Müharibə əlillərinə təqdim edilən avtomobillərin sayı artıq 7 200-ü ötüb. Bu illər ərzində müharibə əlillərinə 7 200 avtomobil əvəzsiz olaraq təqdim edilib. Artıq bu il də 100 avtomobil təqdim olunub və proses ilin sonuna kimi davam edəcək. Bunlar postmüharibə paketinin sadəcə bir hissəsi idi. Postmüharibə paketi daha geniş idi və bu paketin anonsunu da cənab Prezident ötən ilin son günlərində imzaladığı sərəncam və fərmanlarla verdi”, — nazir bildirib.

«Düşünürük ki, cari ay ərzində də Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillərlə təmin olunacaq. Bu, geniş paketin tərkib hissəsidir. Əlbəttə bu paketin icrası dövlətin şəhid ailələrinə, müharibə əlillərinə verdiyi önəmin, diqqətin bariz təzahürüdür”, — Sahil Babayev əlavə edib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: