Ermənistanın Milli Təhlükəsizlik Xidməti 1919-cu ilə aid gizli sənədləri dərc edib
Bu barədə «Naşa Armeniya» saytı xəbər yayıb.
Sonra Bakı, İrəvana, bir diplomat olaraq, Ermənistanda təxribatçı fəaliyyət göstərən məşhur millətçi və pan-türkçü Xan Tekinskini göndərdi.
“İrəvana gəlişinin ilk günündən etibarən Ermənistanın təhlükəsizlik orqanları “diplomat”ın izinə düşdü və gizli mesajlarının məzmununu açdı.
Tekinskinin diplomat toxunulmazlığından faydalanaraq bir çox sahələrdə, o cümlədən Ermənistan ordusunun quruluşu və silahlanmasına dair məlumatlar verməsi casusluqla məşğul olduğunu təsdiqləyirdi».
Qeyd olunur ki, Tekinski Naxçıvan və Şərurun Ermənistana birləşdirilməsinə qarşı fəal idi, Bakıda bölgədəki hərbi-siyasi vəziyyət barədə məlumat vermiş, yerli tatarlarla sıx əlaqə qurmuş, onları üsyana sövq etmişdir.
Gizli qeydlərində Tekinski Ermənistan ordusunun sayı, silahları və qoşun növləri barədə də məlumatlar vermişdi. Tekinski tərəfindən casusluq fəaliyyəti aşkarlandıqdan sonra Ermənistan hökuməti Azərbaycandan diplomatını geri çağırmağı tələb etmişdi.
“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın 2-ci cildində M.Təkinski haqqında yalnız cümhuriyyət hakimiyyəti illərindəki fəaliyyəti barədə qısa məlumat verilmiş, hətta onun şəkli belə tapılmamış, anadan olma və ölüm tarixləri məlum olmadığı üçün onların yerlərində sual işarəsi qoyulmuşdur.
Bu günlərdə Ukraynanın Odessa şəhərində xidməti ezamiyyətdə olarkən Odessa vilayətinin dövlət arxivində də olduq. Oradan digər sənədlərlə yanaşı vaxtilə Novorossiysk universitetində təhsil almış azərbaycanlı tələbələrin də şəxsi işlərini aşkar edərək surətlərini gətirdik. Həmin işlər arasında Novorossiysk universitetinin hüquq fakültəsinin tələbəsi olmuş Məmməd Xan Təkinskinin də şəxsi işi var.
Kimdir Məmməd Xan Təkinski? Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M.X.Təkinskinin atasının adı qrafasında — “Ehsan xan Təkinski” yazılıb.
Şəxsi işində sinif rəhbəri Avilov tərəfindən tərtib edilərək Tiflis birinci gimnaziyasının direktoru Markovun imzaladığı Məmməd Xan Təkinskiyə verilmiş xasiyyətnamə də var. Rus dilində yazılmış həmin xasiyyətnaməni olduğu kimi tərcümə edərək burada veririk:
“Məmməd Təkinskinin xüsusi talei olmuşdur. O, öz valideynləri haqqında heç nə deyə bilmir. Ona görə ki, onları görməyib. O, 1879 — cu ildə Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olmuşdur. Maraqlıdır ki, cəmi iki yaşı olarkən 1881-ci il yanvar ayının 12-si günü baş vermiş hadisə onun yaddaşına əbədilik olaraq həkk olunmuşdur. Xatırlayır ki, çayı keçərkən az qala boğulacaqmış, valideynləri onu ruslardan ot tayasında necə gizlətmişdilər, bir köynəkdə daşın üzərində necə oturmuşdu, ruslar küçələrdə türkmənləri necə doğrayırdılar, süngünü ona tuşlamış rus soldatının əlinə necə keçmişdi. Həmin gün onun bütün doğmaları məhv olmuşdu. O, rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski tərəfindən oğulluğa necə götürülmüşdür. Orada (yəni hərbi hissədə) o, necə hamının sevimlisinə çevrilmiş və hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
Lakin dəhşətli təəssüratlar Təkinskinin həyatında öz izlərini də buraxmışdı. Bir vaxt onun bədəni tamamilə şişir. Belə hesab edirlər ki, bu əsəb sisteminin pozulmasının əlamətlərindən biridir. Bundan sonra müəyyən müddət onun dili dolaşır, topuq vururdu. Lakin müalicə olunmaqla o sağalmışdı. Son vaxtlarda isə onun bədəninin sol tərəfi yüngül şəkildə iflic olmuşdu. Xasiyyətindəki bir sıra kobudluqlara baxmayaraq, Təkinski hər halda yumşaq ürəkli, orta qabiliyyətlidir. Öz yaş həddinə görə kifayət qədər inkişaf etməmişdir. Hesab etmək olar ki, onun əsəb xəstəliklərinin əsas səbəbi gərgin əmək və asan olmayan gimnaziya kurslarının keçirilməsi zamanı beynində yaranmış əsəb gərginliyi olmuşdur. Hər halda Təkinski kifayət qədər bilikli, kifayət qədər ümumi inkişafa malik şəxs kimi gələcəkdə əgər özünə, öz qüvvəsi və zövqünə uyğun peşə seçərsə cəmiyyət üçün yararlı şəxs ola bilər.”
1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına sonralar andlı iclasçı kimi M.X.Təkinski də bu komissiyanın işinə cəlb olunması, buradakı və sonrakı fəaliyyətləri göstərir ki, o həqiqətən də Güney-Qafqazda hüquq-mühafizə, məhkəmə, prokurorluq orqanları sistemində fəaliyyət göstərmişdi. Əlbəttə bunların gələcəkdə ətraflı öyrənilməsi olduqca vacibdir.
1918-ci ildən 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutuna qədər isə M.X.Təkinski əvvəlcə cümhuriyyət hökumətinin Ermənistan Respublikasında səlahiyyətli nümayəndəsi, sonra isə Xarici İşlər Nazirliyində nazirin müavini olmuşdur. Təəssüflər olsun ki, Azərbaycanın türkmən oğlunun cümhuriyyət dövründəki fəaliyyəti də lazımınca öyrənilməyib. Onun cümhuriyyət dövründən sonrakı taleyi barədə isə əlimizdə heç bir məlumat yoxdur.
M.X.Təkinski 1919-cu il iyunun 7-də Xarici İşlər naziri M.Y.Cəfərova göndərdiyi məktubunda bildirirdi ki, ermənilər Denikinin könüllü ordusunun Bakını tutacaqları ümidi ilə sevinirlər. Baxmayaraq ki, iyunun 1-də mənim yanımda nahar vaxtı Xatisov Ermənistanın və Azərbaycanın özlərini müdafiə və müstəqilliklərini saxlamaq üçün mənafelərinin eyni olduğuna məni inandırmağa çalışırdı. Könüllü ordu ilə münasibətlərimiz pisləşərsə Ermənistan bizə qarşı düşmən mövqe tutacaq. Ona görə də Şərur- Naxçıvan bölgəsində Ermənistan üçün təhlükə yaratmaq lazımdır. Bunun üçün hərbi təşkilata pul buraxılmalıdır. Mənim həyata keçirdiyim tədbirlər nəticəsində Şərur- Naxçıvan və Ordubad vahid Milli Şurada birləşərək daim mənimlə əlaqə saxlayırlar.
1919-cu il iyun ayının 21-də M.X.Təkinski İrəvandan göndərdiyi təcili şifrələnmiş məlumatında bildirirdi ki, Naxçıvan, Şərur, Vedibasar və Şahtaxtı rayonları erməni orduları tərəfindən tutulmuş və orada erməni idarə sistemi yaradılmışdır. Naxçıvan Milli Şurası məndən xahiş edir ki, Müttəfiqlər komandanlığına bildirim ki, erməni hakimiyyəti ingilis generalı Deli və Xatisova söz vermələrinə baxmayaraq axtarışlar aparmaqla, əhalidən silahları, mebelləri, dirəkləri, taxtaları və sairəni müsadirə edirlər. Müttəfiq ordu komandanlığından xahiş edin ki, bu cür qeyri-qanuni və düzgün olmayan hərəkətlərə son qoyulsun. Culfa da ermənilərin əlindədir. Naxçıvan Milli Şurasının xahişini yerinə yetirməyi mümkün hesab edirsinizmi? Ordubadlılar hələki erməniləri yaxın buraxmırlar. Bu barədə 11 gün əvvəl ordubadlılar ermənilərə açıqca bildirmişlər. Müsəlman orduları buraxılmışdır. Yalnız 300 nəfərdən ibarət partizan dəstəsi var.
1920-ci il aprel ayının 28-də Sovet Rusiyasının XI ordusu tərəfindən Azərbaycan işğal olunduqdan sonra işğalçıların bütün vədlərinə baxmayaraq süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbərlərinə və fəallarına qarşı ciddi repressiya siyasəti həyata keçirilir. Həmin repressiyalardan sonra M.X.Təkinski haqqında da heç bir məlumat qalmamışdı. XIX əsrin 80-cı illlərində bütün ailəsi Türkmənistanda Çar Rusiyası orduları tərəfindən qətlə yetirilmiş və yetim qalmış iki yaşlı türkmən uşağı Ehsan Xan Naxçıvanski tərəfindən oğulluğa götürülərək onu Məmməd Xan Təkinski adlandırmışdı. Naxçıvanskilər nəsli ona tam ali təhsil verərək Azərbaycan üçün görkəmli bir siyasi xadim yetişdirmişdilər. Təəssüflər olsun ki, talein hökmü ilə M.X.Təkinski yenə də imtahana çəkilmiş, yenə də Rusiyanın bolşevik donu geymiş əsgərləri tərəfindən repressiyaya uğradılmış və bu günə qədər də onun son talei barədə əlimizdə heç bir məlumat yoxdur. Bu işıqlı şəxsiyyət haqqında əlavə məlumatlar aşkar etmək və açıqlamaq vətən sevgisi ilə yaşayan hər bir vətəndaşın müqəddəs amalı olmalıdır.
Yazıda erməni KİV-lərinin və Tarix elmləri doktoru Ataxan Paşayevin «Məmməd Xan Təkinski» məqaləsindən istifadə edilmişdir…
Veteran.az və Fedai.az Araşdırma Qrupu