22.11.2024

AVMVİB-in 25 yaşı tamam olur

Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin (AVMVİB) 25 yaşı tamam oldu. Yubiley gününün qeyd edilməsi tədbirləri və təşkilatın tarixcəsi ilə bağlı AVMVİB Mətbuat Xidmətinin rəhbəri Xaqani Ədəboğluna müraciət etdik. Müsahibəni təqdim edirik.

E.S. — 25 il öncə, məlum 26 avqust 1994-cü il. Bu tarix müharibə veteranlarına nələri andırır?

X.Ə. — Atəşkəsdən sonra müharibədə iştirak edən döyüşçüləri tərxis etməyə başlandı. O dövrü xatırlayanlar yaxşı bilir ki, Azərbaycan müharibədən zərər görmüş bir ölkə kimi çıxmışdı və ayaq üstdə durmaq uğrunda mübarizə aparırdı. Belə bir cəmiyyətə başında savaş havası olan müharibə veteranlarının adaptasiya edilməsi kimsəni maraqlandırmırdı. Üstəlik də, savaşdan məğlub bir durumla ayrılan keçmiş döyüşçülərə münasibət ürək açan deyildi. Siyasi arenada olan qüvvələr və hərbi müxalifət kimi formalaşan qüvvələr də bu insanları öz tərəflərinə çəkib istifadə etməyə çalışırdılar. Belə bir mürəkkəb ortamda, məhz keçmiş döyüşçülərin təşəbbüsü ilə təşkilatlanmaq qərarı verildi. Təşəbbüs qrupu əsasən əfsanəvi Birinci batalyonun könüllülərindən ibarət idi. Qeyri hərbi birliklərdən tərxis olunmuş veteranlar da bu yığıncaqlarda yaxından iştirak edirdilər.

Xatırlayıram ki, Altay Məmmədovun sədr seçilməsinin əleyhinə təkcə mən səs verdim. Yəni təşkilat demokratik bir şəkildə təsis olundu. Qeydiyyata müraciət edərkən məlum oldu ki, hələ də «Vətən» deyəndə çoxları SSRİ-ni başa düşür. II Dünya müharibəsi iştirakçılarını birləşdirən təşkilatın adındakı «Böyük Vətən» ifadəsini bəhanə etsələr də, anlada bildik ki, o «vətən» artıq bizim deyil. Bizim bircə Vətənimiz — parça-parça edilmiş Azərbaycandır. Amma bu gün də o zehniyyət yaşayır. İstər bizlərə, istərsə də ölkəmizə münasibətdə hər addımda özlərini biruzə verirlər. Beləcə AVMVİB aşağıdan təşkilatlanaraq «0»- dan başlayan və daim dövlətçiliyin yanında olan bir ictimai təşkilat kimi öz imicini qorudu. Bu təşkilatın ən ümdə istəyi Qarabağ torpaqlarının azad edilməsidir.

Bu yolda öz vaxtını, maddi imkanlarını və hətta sağlamlığını qoymuş veteranlarımızın hər birinin dəyanəti sayəsində AVMVİB bu gün ayaqda qala bilib. Sədrimiz Füzuli Rzaquliyev, sədrin I müavini Kamil Şirinov, təşkilat yaranan gündən buradadırlar, sədr müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, Abbas Hüseynli, NTK sədri Nityazi Quliyev, Akif Abbasov və bir çox rayon şöbəsi sədrləri bu gün də veteran hüquqları uğrunda mübarizədə öndədirlər. 25 illik bir yolda Qarabağı görmədən sıralarımızı vaxtsız tərk etmiş veteranlarımıza və səngərlərdə qucağımızda şəhid olmuş şəhid qardaşlarımıza Allahdan rəhmətlər diləyirik!

Bu gün onların da günüdür. AVMVİB yarandığı gündən bütün tədbirlərini şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb və bu ənənə təşkilatımız durduqca davam edəcək. Bizim davamız Yurd davası, Bayraq davası, Millət və Məmləkət davasıdır. Bunlara uzanan əlləri, dilləri kəsməyə bu gün də hazırıq. Müharibə veteranları ağır xəstələnərkən təşkilata gəlib bilirsiniz, nə istəyirlər? Onlar, nə Fəxri Xiyaban, nə təntənəli yas mərasimi, nə müalicəyə yardım. Onlar tabutlarına müqəddəs üç rəngli bayrağın bükülməsini vəsiyyət edirlər. Cəmiyyət insanıyla veteranın fərqi budur. Onun bayrağa olan sevgisini kimlərinsə lüt əndamlarını təbliğ edən mediya anlaya bilməz…

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

E.S. — AVMVİB-nin sıralarında hazırda neçə nəfər müharibə veteranı var? Müharibə veteranları üzvlük üçün ictimai qurum olaraq nəyə görə AVMVİB-ni seçirlər? Niyə, məhz AVMVİB?

X.Ə. — Veteranlar Birliyinin rəhbərliyində əsasən aktiv döyüşlərdə iştirak edən əsil vətənpərvər insanlar yığılıb. Demək olar ki, cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərdə eyni səngəri bölüşən döyüşçülər, indi də AVMVİB adlı bir «səngəri» bölüşməyə üstünlük verirlər. Təkcə bu il üzvlərin sayı 65.000 nəfərə çatdı. 65 mininci üzvümüz AVMVİB Nərimanov şöbəsinə üzvlüklə bağlı müraciət etmiş Namiq Rəsul oğlu Əliyev olub.

Son 1 il ərzində 1500 nəfərdən artıq yeni üzv təşkilata qəbul edilib. Rayon şöbələri öz fəaliyyətini bərpa edib. Hələ ordumuz olmayan günlərdə Qarabağın müdafiəsində iştirak etmiş polis müharibə veteranları AVMVİB tərkibində öz şöbələrini yaradıblar və fəaliyyət göstərirlər. Bu proseslər davam edir. Çünki müharibə veteranları yaşa dolduqca onların onsuz da bol olan problemlərinin üstünə yaş və səngərlərdə qazanılmış xəstəliklər əlavə olunur. Maddi olmasa da, mənəvi dəstəyə də ehtiyacımız var. Yarandığı gündən AVMVİB, veteran hüquqlarını qorumağı öz prioritet vəzifəsi elan edib və bu ənənəyə sadiqdir.

Müharibə veteranlarının, xüsusən əsil döyüşçülərin bir devizi var: «Veteran veteranın dostu və qardaşıdır». Qardaş olmaq üçün ana bətnindən də müqəddəs olan Vətənin bətnində qazılmış səngərlərdə birgə olmaq yetərlidir. Bu çoxlarının həsəd apardığı bir qardaşlıqdır. AVMVİB bir döyüşçü təşkilatı olaraq bu qarrdaşlığı yaşatmağa çalışıb. Ona görə də hər bir döyüşçü öz «itiyini» bu məkanda axtarır…

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

E.S. — Azərbaycanda «Müharibə veteranları haqqında» Respublika Qanunu qəbul edilib. Qanuna baxdıqda çox mükəmməldir və həm veteran birliklərinə, həm də fərdi oaraq müharibə veteranlarına xeyli imtiyazlar verilib. Qanundan irəli gələn müddəalardan istifadə edə bilirsinizmi?

X.Ə. — Həqiqətən bu qanun bəzi müdaxilə və düzəlişlərə məruz qalsa da, fəaliyyət üçün mükəmməl qanun sayıla bilər. Amma ölkədə digər qanunlar kimi nəzarət mexanizmi olmadığına görə, qanunun tələbləri tam yerinə yetirilmir. Qanundan əlavə ölkə başçısının göstəriş və tapşırıqları da var. Lakin bəzi məmurların öz anti veteran siyasətləri mövcuddur. Onlara nə qanun, nə də bu göstərişlər təsir etmir. Düşünməyə məcbur olursan ki, belələri öz tapşırıqlarını yəqin ki, Ermənistandakı qohumlarından alırlar. Son 10 illikdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postunda 4-cü dəfə dəyişiklik edilib. Sizcə keyfiyyətcə nəsə dəyişibmi? Xeyr. Pisliyə doğru yuvarlanan bu nazirlikdə, güya gənclər nəsə yenilik yaradacaqmışlar. Füzuli Ələkbərov gələn kimi öz ailə biznesini nazirliyə köçürdü. Səlim Müslümov hay-küylə gəlib, o biznesin nazirlik qoluna sahibləndi və xatırlayırsınızsa, bu al-veri əks etdirən pul çekini dərc etmişdik. İndi Sahil Babayev gəlib. Faktiki bu adamın qotur düşmüş erməni inəyini alıb, baha qiymətə xalqa «sırımaqdan» qeyri bir fəaliyyəti görünmür. 65 minlik təşkilatın rəhbərliyi 3 dəfə yazılı, bir dəfə şifahi olmaqla onları qəbul etmələrini bildiriblər. Müraciətlərə cavab verilməyib.

Digər bir faktı deyim. Bizim inşaat qrupunun nazirliklə davasından xəbərdarsınız. Tələsik öz «hesablarını» nazirliyin keçmiş tikinti şöbəsi rəhbəriylə haqq-hesab edərək milyonları alsalar da, Məşədi İbadın hambalı demiş bizim 37 min manatımızı artıq 3-cü nazirlə davasına çıxacağıq və sizin saytın vasitəsiylə bu müharibədən, müharibə əlillərinin hüquqlarından xəbərsiz nazirin sosial sahəyə qısa vaxtda vurduğu zərbələri təqdim edəcəyik. Necə olur ki, Şamaxıdakı və Əhmədlidəki obyektlərdə Natiq Əzizovla haqq-hesab edə bilirsiniz, amma etdiyimiz müraciətə biyabırçı bir cavab yazaraq günahı ölkə prezidentinin üzərinə atırsınız?

Neçə illərdir ki, BMT ilə bir proqram həyata keçirilir. Azərbaycan hökuməti, BMTİP və BMT-nin Əhali Fondunun birgə maliyyələşdirdiyi yeni proqram təxminən 1 milyon ABŞ dolları dəyərindədir və müharibə dövrünün ağır travmalarını yaşamış insanların da daxil olduğu 3 minə qədər həssas təbəqədən olan insanların fərdi və peşəkar inkişafı və maddi rifahı üçün əlçatan və əhatəli bir mühitin yaradılmasını təmin edəcək.Üzvləri sırasında müharibə əlillərinin sayı 4800 nəfər olan və 65 minlik müharibə iştirakkçısını öz sıralarında birləşdirən bir təşkilat niyə müzkirələrə dəvət olunmayıb? Niyə müharibə zamanı fərarilik etmiş 5-3 nəfərin yaratdığı ictimai birliklər dəvət olunduğu halda, AVMVİB daim kənarda saxlanılır? Fərarilik edən adamlar veterana nə dəyər verə bilər? Bir özlərindən, bir də möhürlərindən ibarət olan belə ictimai təşkilatların «qrandyeyənlər» fəsiləsinə aid edilməsi ictimai bir lağ hədəfinə çevrilməsindən bunların xəbərləri yoxdurmu?

Artıq illərcə yığılan problemlərin həllində ciddi islahatlara ehtiyac var. Amma hazırda ƏƏSMN başına gətirilən komanda sosial sahənin başına gəlmiş «ən böyük faciə» olduğunu deyə bilərdim. Belə bir həssas nazirliyə diqqət artırılmalıdır…

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

E.S. — 25 illik tədbirlərə qayıdaq. Dövlət və hökumətdən nələr gözləyirsiniz?

X.Ə. — Çox şeylər. Mən bu sahədə təşkilat üzvlərindən fərqli düşüncəyə sahibəm. Hökumət SSRİ ilə bağlı veteran təşkilatların yubileyi ilə bağlı layiqincə addımlar atıb. Lakin bu ölkə uğrunda canını ortaya qoymuş insanlara, gələndə hər kəs özünü görməməzliyə vurur. Onlara milyonlar, bizə isə səbr arzulayırlar. Mənim təklifimlə təşkilatın büdcədən maliyyələşdirilməsi ilə bağlı Baş Nazir Novruz Məmmədova müraciət ünvanladıq. Əlbət ki, «xeyr» cavabı aldıq. Sadəcə dediyiniz «Veteranlar haqqında» Respublika qanunun tələblərini yoxladıq. 10 ildən artıq vaxtda könüllülük əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi istisna olmaqla, heç bir dəstək olmadan veteran qardaşlarımızın hüquqlarının müdafiəsində dayanmaq sizə zarafat gəlməsin. Hərdən özümə sual verirəm ki, bu işlər nəyimə lazımdır? Amma biz veteranlar birgə olmağa məhkumuq.

Təşkilatın fəaliyyətini gücləndirmək məqsədiylə, mövcud Qanunun Ulu Öndər H. Əliyev tərəfindən imzalanmış 28 iyun 1994-cü il, 841 saylı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunda deyilir:

«Maddə 21. Veteranların sosial müdafiəsi tədbirlərinin planlaşdırılması və maliyyələşdirilməsi

Veteranların sosial müdafiəsi tədbirlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti orqanları planlaşdırır və veteranların sosial müdafiəsi proqramları respublika büdcəsinin və yerli büdcələrin, Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdirilir.

Veteranların respublika təşkilatlarına dövlət büdcəsindən vəsait ayrılır (30 mart 1999-cu il tarixli 644-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 283) ilə 21-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti, yerli icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 21-ci maddəsinin birinci hissəsində «respublika büdcəsinin və yerli büdcələrin» sözləri «dövlət büdcəsinin» sözləri ilə əvəz edilmişdir. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyun 2017-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1057) ilə 21-ci maddəsinin birinci hissəsində “Azərbaycan Respublikası Sosial Müdafiə Fondunun” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilmişdir».

Bunca aydın və dürüst yazılmış müddəaya Baş nazirin «xeyr» cavabına aid bir dənə də müddəa yoxdur. Sadəcə ictimai təşkilat olması irəli sürülür. Bəs o zaman Yazıçılar Birliyi, Rəssamlar Bəstəkarlar və s. birlikləri nədir? Yaxud Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, nə vaxtdan hökumət təşkilatı olub? Yəni hökumətin qeyri — hökumət təşkilatı olurmu? Sovet-Alman müharibəsi, II Dünya müharibəsi iştirakçıları ağır döyüşlər görüb, lakin sayları bitmək üzrədir. Bu təşkilatı yaşatmaq üçün «Əmək veteranı», yaxud «Silahlı Qüvvələr veteranı» kimi statuslar, mənim düşüncəmə görə elə Qarabağ uğrunda döyüşmüş insanlara görə saxlanılır. Dünyanın heç yerində, SSRİ məkanı istisna olmaqla «Əmək veteranı» statusu yoxdur. Qonşu Türkiyədə əməkli deyilir. Deməli, bu adamlar heç «veteran» sözünü düzgün anlaya bilmədikləri ortadadır…

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

E.S. — Hansı mənada «veteran» sözünü anlamırlar?

X.Ə. — Klassik mənada «veteran» sözü, latın sözü olan «veteranus», «vetus», «veteris» — keçmiş, xidməti çox olan, təcrübəli, çox döyüşlərdə iştirak etmiş yaşlı döyüşçü anlamında işlənib. Qədim Romada əsgərlər (muzdlular) ən azı 20 il müddətinə xidmət etdikdən sonra tərxis olunanlar və ya orduda qalanlar veteran adlandırılırdı. Sezarın «Dəmir döyüşçülər» adlandırılan veteran legionlarının döyüş sənəti çox məşhur idi.

Romada müharibələr bitincə, ordudan əsgərlər mülki həyata buraxılırdı və e.ə. II-I əsrlərdə tədricən daimi ordu və donanmaya keçdilər. Müqavilə bitdikdən sonra veteran əsgərlərə torpaq (Romada və onun əyalətlərində) verilirdi və ya pul mükafatı, habelə Roma vətəndaşının hüquqları verilirdi, mükəlləfiyyətlərdən azad edilirdilər.

İndi uzun illər süpürgəçi işləyənə veteran statusu verilirsə, onda mən kosmonavtam. Yaxud da 40 il DYP-də pul qovalayan birisi veterandırsa, mən veteran deyiləm. Siyasəti anladınızmı?

SSRİ-də 18 yanvar 1974-cü ildə kommunistlər tərəfindən uydurulmuş «əmək veteranı» statusunun bizdə saxlanması nəyə lazımdır? Axı bilmək lazımdır ki, müharibə insan cəmiyyəti üçün psixoloji bir məqamdır. Lakin bizdə bu məqama fikir verilməməsi düşündürücü bir məqamdır. Belə çıxır ki, tək hədəf doğma Vətənimiz Azərbaycan uğrunda döyüşmüş şəxslərin ön plana çıxmasının qarşısını almaq, bu adı nəzərdən salmaq üçün məqsədli bir şəkildə edilir.

Xatırlayırsınızsa, bir neçə məktəbdən eyni vaxtda Şəhid adlarının ötən il kütləvi şəkildə götürülməsi ilə şəhid ailələrinin çox saylı müraciətlərini nəzərə alıb araşdırmalara başladıq. İlkin mənzərə belə oldu. «Şəhid adlarının əbədiləşdirilməsi» haqqında qərara hansısa «sifarişli əl» 1999-cu ildən başlayaraq 2016-cı ilin may ayınadək əməlli-başlı düzəlişlər etmiş və «qırxılmış» bu qərara görə, SSRİ sayaq bir maddə əlavə ediblər ki, yalnız 2 dəfə Milli Qəhrəman olan şəxslərə abidə qoyula bilər. Müharibə bitmədən bu addımı atanlar niyə tapılıb cəzalandırılmır? Biz veteran təşkilatı olsaq da heç zaman şəhid qardaşlarımızın ailələrinin müraciətlərini diqqətdən kənarda qoymamışıq. Lakin şəhid ailələri adından onlarla təşkilatın gözləri qarşısında baş verən bu aktlara niyə bu cəmiyyətlər etirazlarını bildirmirlər?

Məsələ bizim üçün aydındır.

Bir vaxtlar müharibə veteranları üçün nəzərdə tutulmuş imtiyazların ləğv edilməsi, veteranların yaxşı yadındadır. Bu addım kimlər tərəfindən çox ustalıqla ölkədə hərbi-vətənpərvərlik ruhunun tam sıradışı edilməsinə hesablanmışdı. Müharibə veteranların müraciətinə kimsə cavab vermirdi. Müharibə veteranları «imtiyazlı imtiyazsız» sosial təbəqəyə çevrilmişdi. Məhz AVMVİB-nin və «Fədai» qəzetinin və AVMVİB-nin apardığı mübarizə sayəsində o zaman millət vəkili olan xanım Mehriban Əliyeva məsələyə müdaxilə etdi və «müharibə veteranı» statusu olan şəxslərə 2006-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət kimi təyin edildi.

Bu müavinətin verilməsi müharibə veteranlarının sosial müdafiəsinə yönəldilib və dövlətin həmin kateqoriyadan olan vətəndaşlara qayğısını əks etdirir. Qeyd edim ki, veteran müavinətinin verilməsində millət vəkili, H. Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın məsələyə diqqətlə yanaşması sayəsində veteranlara kompensasiya verilməsi məsələsi öz həllini tapdığına görə, hər bir veteran minnətdarlıqla xatırlayır. Bir xüsusu da əlavə etmək yerinə düşər. Bu gün AVMVİB ilə yanaşı, həm də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günüdür. Çox minlik veteranlar ordusu adından Birinci vitse-prezident xanım Mehriban Əliyevanı təbrik edir və fəaliyyətində uğurlar arzulayıram…

AVMVİB-NİN 25 YAŞI TAMAM OLUR - FOTO/VİDEO

E.S. — Konkret hökumət ölkənin ən böyük ictimai təşkilatının 25 illiyinə hansı töhfəni verməyi planlaşdırır, yaxud verib?

X.Ə. — Konkret olaraq desək, bir böyük xəyal qırıqlığından özgə heç nə… Gözləntilər vardı, lakin zaralara, kirkorovlara, pavliaşvililərə və daha betərlərinə milyonlar səpələyənlər bu ölkə uğrunda 5 imperiya ilə savaşmış insanların yanında ola biləcəklərini bir daha ağlıma gətirməməyə söz verdim. Sanki bu ölkədə savaş deyil, musiqi rəqabəti gedib. Kim Zaranı yaxşı «oxutsa» qalib o seçiləcək…

Belə çıxır ki, «manıslar» növbəti savaşa gedəcəklər…

Yəni mən hesab edirəm ki, bu sahədə işlər öz yoluyla getmir. Nədənsə bəzi məmurlar düşmənə güllə atmş insanlara aşkarcasına antipatiya ilə yanaşırlar. Şair Daşqının təbirncə desək:

Anan ölsün, ay Vətən, atan ölsün, ay Vətən,
Səni dayılarına, satan ölsün, ay Vətən!

Bunca cavab sadədir və bu insanları deşifrə etmək hər bir döyüşçünün əsas vəzifəsi olmalıdır. Çünki biz susduqca bu şurduvazlar həyasızlaşırlar…

E.S. — AVMVİB-nin sabah 25 yaşı tamam olur. Konkret bu tədbiri hansı tarixə ertələmisiniz?

X.Ə.- Napoleon sərkərdələrini yanına çağırır ki, savaşı udmaq üçün 3 şərt sayın. Sərkərdələrdən biri deyir ki, birincisi pul… Napoleon onun sözünü kəsib deyir: «Digər iki şərtə ehtiyac qalmadı». Biz bu tədbiri Bakıda, yoxsa cəbhə bölgələrinin birində keçirməyi tam dəqiqləşdirməmişik. İkincisi, havaların isti keçməsinə görə tədbiri 1 ay ertələdik. Üçüncüsü isə, maliyyə imkanlarımız yox dərəcəsindədir. 25 illiklə bağlı az sayda Xatirə medalı hazırlada bilmişik. Dəvətlilər müəyyən edilib. İmkanlarımızı götür — qoy edirik. Bu tədbir düşmənə bir veteran ismarıcı olacaqdır. Düşmən bilməlidir ki, Azərbaycanın müharibə veteranları, Qarabağın azadlığı uğrunda savaşa daim hazır olan və Ali Baş Komandan İlham Əliyevin savaş əmrini gözləyən 65 minlik AVMVİB hər zaman ayaqdadır. Onları hər şeydən öncə bir amal — Vətən torpaqlarının azad edilməsi amalı birləşdirir. Düşmən yaxşı bilir ki, sonuncu müharibə veteranı da onlar üçün bir təhlükədir. Bu yolda yürüyən kim varsa dostumuz, qarşı çıxanlar isə düşmənimizdir. Veteranın bir düşməni var, o da ermənilərdir. Elə onlar da bizləri özlərinin düşməni bilirlər…

E.S. — Ümüd edirik ki, AVMVİB-nin 25 illiyi layiqincə qeyd etməyin öhdəsindən də gələcəksiniz. Bir daha bütün AVMVİB üzvlərini bu Böyük gün münasibətiylə təbrik edir və belə tədbirləri tezliklə Şuşada, Laçında və Xankəndində keçirmənizi arzu edirik.

X.Ə. — Bu yolda bizimlə birgə olan hər kəsi təbrik edirəm.

Müsahibəni hazırladı: Elnur SƏLİM

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: