Quru Qoşunları Komandanlığının hərbi obyekləri istifadəyə verildi — Video
Azərbaycan Prezidentinin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq sərəncamının icrası məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.
Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.
Sonra Müdafiə naziri Komandanlığın tərkibinə daxil olan idarələrinin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.