13 hərbi qulluqçumuzun şəhid olduğu Avqust döyüşləri: 7 il ötür
Müstəqil Azərbaycanın hərb tarixinə düşmüş Avqust döyüşlərindən 7 il ötür.
Adalet.az xəbər verir ki, 2014-cü ildə iyulun 31-dən avqustun 1-ə keçən gecə Ağdam və Tərtər rayonları ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində toqquşma baş verib.
Buna səbəb Ermənistanın kəşfiyyat-təxribat qruplarının təmas xəttini keçməyə cəhd göstərməsi olub.
3 gün ərzində davam edən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu həlak olub. Bu, 12 may 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra təmas xəttində baş vermiş ən irimiqyaslı toqquşmalardan biridir. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı kiçik gizirlər Elçin Əhmədov, Rahil Hüseynov, gizir İsə Almazov, əsgərlər Elnur İbrahimov, Əli Rəhimov, Qaryağdı Əhmədov, Mustafa Coşqunov, Pərvin Əliyev, Səftər Məmmədov, Sənan Quliyev, Anar Qarazadə, Hüseyn Abdulov və Vüqar Poladov şəhid olublar. Göstərdikləri qəhrəmanlıqlara görə adı çəkilən hərbçilər ölümlərindən sonra III dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə təltif ediliblər.
Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!