Ağdamda Azərbaycanın hərbi qulluqçusu yaralanıb

Azərbaycanın Ağdamdakı Əliağalı kəndi istiqamətində yerləşən bölmələrin atəşə tutulması nəticəsində bir hərbçi yaralanıb, Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, «qanunsuz erməni» dəstələri atəşi Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazisindən aparıblar.
«Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib».
Yaralı baş gizirə tibbi yardım göstərilib və o, hərbi hospitala yerləşdirilib, məlumatda deyilir.
Rusiya sülhməramlı qüvvələri insidentə münasibət bildirməyiblər.
Bundan əvvəl, Azərbaycan Ermənistanla sərhəddə atışma olmasına dair xəbərləri təkzib edib.
Çərşənbə günü Ermənistan mediası Geğarqunik rayonu istiqamətində Azərbaycan hərbçiləriylə atışma nəticəsində «bir erməni əsgərinin yüngül yaralandığını» xəbər verib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən yayılan həmin məlumatda Azərbaycan tərəfində də «iki nəfərin yaralandığı» iddia olunur.
Azərbaycan Müdafiə Nazirliyi «öz bölmələri tərəfindən» atəş açılmadığını bildirib.
«Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər», — nazirliyin yaydığı açıqlamada deyilir.
FOTO: Bu gün Ağdamda düşmənin açdığı atəş nəticəsində yaralanan hərbçimiz Dadaşov Sakit və Əliağalı kəndi istiqamətində atəşə tutulan texnikamız:
