27.07.2024

DSX-dən erməni təxribatına cavab

Ermənistan ilə dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir.

Bu sözləri Dövlət Sərhəd Xidmətinin nümayəndəsi polkovnik Murad Nağıyev bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı açıqlamasında deyib.

«Ermənistan tərəfinin bu gün yaydığı informasiya ilə əlaqədar saat 14:40 radələrində Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb və Ermənistanın hər iki tərəfin hərbi qulluqçularının guya havaya atəş açmaları nəticəsində bir hərbi qulluqçunun ayaq nahiyəsindən yaralandığını, bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı etirazlarının olmadığını bildirmələri barədə məlumat veriblər. Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğunu və hərbi qulluqçunun aldığı yaralardan vəfat etdiyini bildiriblər. Daha sonra isə hərbi qulluqçunun guya baş nahiyəsindən aldığı yaradan vəfat etməsi barədə bizə məlumat daxil olub. Təbii ki, qeyd edilənlər həmin hadisənin Azərbaycan tərəfdən açılan atəş nəticəsində baş verməsi haqqında Ermənistan tərəfinin Rusiya nümayəndələrinə bildirdiyi məlumatın, eləcə də erməni KİV-lərində bu barədə yazılanların tam cəfəngiyat olmasının və həqiqəti əks etdirməməsinin göstəricisidir. Tam məsuliyyətlə bildirirəm ki, bu gün bölmələrimiz tərəfindən Ermənistan ərazisinə atəş açılmayıb», — deyə polkovnik bildirib.

O əlavə edib ki, hazırda Ermənistan ilə dövlət sərhədində vəziyyət sabitdir və nəzarət altındadır:

«Bizim tərəfimizdən bütün mübahisəli məsələlərin gərginlik olmadan, operativ tənzimlənməsi üçün tədbirlər görülür. Gündəlik olaraq tərəfimizdən Rusiya Federasiyası nümayəndələri ilə əlaqə saxlanılır və qarşıya çıxan bütün məsələlərin həllinə gərginliyin aradan qaldırılması məqsədilə konstruktiv yanaşılır».

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: