22.11.2024

Ürəklərdə əbədi yaşar dahi şəxsiyyət

AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov Facebook səhifəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib.


Paylaşımda deyilir: «Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.


Çoxəsrlik dövlətçilik tariximizdə dahi şəxsiyyət Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dünya tarixinin nadir şəxsiyyətlərindən biri olan bu böyük insan sözün həqiqi mənasında təkcə öz xalqının deyil, ümumən bəşəriyyətin tərəqqisi yönündə böyük xidmətlər göstərən bir dahi idi.


Tarixə xalqımızın ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan ölkəmiz üçün çox vacib olan bir sərvət—azərbaycançılıq ideologiyasını yaratmışdır. 1993 -cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə ölkədə siyasi sabitliyin yaradılmasına böyük diqqət verirdi. Bu, respublikamızın inkişaf etdirilməsi, dövlət quruculuğu sahəsindəki islahatlarının həyata keçirilməsi üçün ilkin şərt idi.
Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman Heydər Əliyevin diqqət mərkəzində olub.


Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Şuşanın azad olunması xəbərini verdiyi gün xalqa müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada — Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm…

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bununla da sübuta yetdi ki, Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Heydər Əliyev ucalığının parlaq təcəssümüdür.

Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir.

Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!

Elnur Səlim

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: