21.11.2024

Şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində və Qaradağ rayonunun “Ümid” qəsəbəsində daha 40 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib. Mənzillərin sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim ediblər. 

V.Behbudov bildirib ki, bu gün 8 maydır, ötən illərdə 8 may gününü Şuşanın işğalı günü kimi kədərlə yaşayırdıq, lakin 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, torpaqlarımızı, o cümlədən doğma Şuşamızı işğaldan azad etdi. Beləliklə, bu gün biz azad Şuşamızdayıq. Hazırda mənzil təqdim olunan insanların sırasında Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Çernobıl əlilləri ilə yanaşı, həmin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, eyni zamanda, həmin müharibənin əlilləri də var. 

Bildirilib ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9 570 mənzil və fərdi verilib. 

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinin sosial problemlərinin həlli dövlət tərəfindən daima diqqətdə saxlanılır. Onların mənzillə, fərdi evlə təminatı istiqamətində atılan davamlı addımlar da hər kəsi sevindirir.  

Şəhid ailələrinin üzvləri, müharibə əlilləri daim hiss etdikləri xüsusi qayğıya, bu gün isə yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: