16.04.2024

Qəhrəman şəhidimizin həyat hekayəsi

O, getməyə də bilərdi. Amma Tarix yazmağa getdi.

Şəhid İzzət Həmidovun anası danışır: «İzzət əsgərliyə könüllü gedib. Çünki uşaqlıqdan böyrəyində, ayağında problem var idi deyə, hərbi xidmətə yararlı deyildi. Buna görə dövlət tərəfindən oğluma aylıq müavinət də verilirdi. Amma oğlum hərbi xidmətə getmək üçün həmin müavinətdən imtina etdi. Bir il hərbi komissarlığa gedib inad etdi ki, məni əsgərliyə aparın. Deyirdi ki, hərbi formanı geyinmək ən böyük arzumdur. Böyrəyindəki problemə görə oğlumdan xahiş etdim ki, futboldan uzaqlaşsın.

Sonra AAFF Parkda lahmacun-pizza ustası kimi işləməyə başladı. İki ildən çox orada işlədi. Şəhid Cəbrayıl Dövlətzadə ilə bir yerdə işləyirdilər, dost idilər. Cəbrayıl da orada aşpaz idi. İzzət kimi oğullar bir də dünyaya gəlməz. Şəhid olmamışdan iki gün öncə zəng edib halallıq aldı. Dedi, ana, burada deyirlər ki, şəhid ailələrinə pul verirlər, sənə görə çox sevindim. Dedim, oğlum, o nə sözdür deyirsən? Mən onu tək böyütmüşəm. Öz işimi də qurmuşam.

Həmişə, hər an məni düşünüb. İzzət evimin böyüyü, dirəyi idi”.

Lalə Həsənova

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: