19.03.2024

Milli qüsurlar silsiləsindən

Bir qurumda xidmət edirdim. Rəisin dalınca hamı söyürdü: Pis adam idi, əməkdaşları alçatmaqdan, əzməkdən manyak kimi həzz alırdı. İnsanları gecə saat ikiyədək yagışın altında asfaltın üstündə süründürürdü. Bir gün yaşlı bir mayor otağıma daxil olub hönkür-hönkür ağladı. Rəis tərəfindən təhqir olunmuşdu. Keçdim rəisin kabinetinə, nə üçün özünü belə apardığını soruşdum.

— Düz edirəm! — dedi.

— Nəyi düz edirsən!? Sabah bu xidmət, vəzifə bitəcək. Bu insanlar sənə salam verməyəcəklər!

Güldü:

— Onlar məni səndən çox istəyəcək. Bunlar klassik müsəlmandırlar, qardaş? Nə qədər anasını ağlatsan, zülm eləsən, bir o qədər zülmkarı çox sevərlər.

…. Artıq o vəzifədə deyildi. İdarənin yanındakı dükandan çıxıb avtobus gözləyirdi. Xidmətə düzülmüş şəxsi heyət onu görcək onunla görüşməyə axışdı. Hamıdan çox onu qucaqlayıb tərif tökən onun əlindən hönkür-hönkür ağlayan həmin yaşlı mayor idi…

Pis adama, şərəfsizliyi ilə insanların haqqına girənə yerini göstərmək hər kişinin cəsarəti deyil.

Əzılmiş, təhqir olunmuş, zülmə əyilmiş insanlar, vaxtınız olanda bir kişi ola bilmədiyinizə görə barı utanın…

Müəllif: Zahid TEYMUROV
Ehtiyatda olan polkovnik

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: