03.02.2026

Azərbaycan gəncliyi: Azərbaycançılıq ideyasından Qələbəyə uzanan yol

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Bu münasibətlə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev ölkəmizin bütün gənclərini, o cümlədən AVMVİB sıralarında olan gənclərimizi səmimi-qəlbdən təbrik etmişdir.

Saytımıza danışan F. Rzaquliyev qeyd etmişdir ki, Azərbaycan gəncliyinin bugünkü ictimai-siyasi mövqeyi, Vətənə bağlılığı və dövlətçilik şüuru təsadüfi formalaşmayıb. Bu yolun ideoloji və mənəvi əsasları Heydər Əliyev tərəfindən müəyyən edilib. Ümummilli Liderimizin formalaşdırdığı “Azərbaycançılıq” məfkurəsi gəncliyi hər zaman xalqın gələcəyi, dövlətin strateji dayağı kimi dəyərləndirmiş, onların bilikli, vətənpərvər və milli ruhda yetişməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab etmişdir.

AVMVİB sədri qeyd etmişdir ki, bu siyasi xətt bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi yalnız sosial və intellektual baxımdan deyil, həm də dövlətə sədaqət və vətənə xidmət ruhu baxımından güclü bir nəslə çevrilib. Vətən müharibəsi bu siyasətin real nəticəsini bütün dünyaya nümayiş etdirdi.

Müharibə illərində minlərlə gənc doğmalarını, ailəsini, hətta körpə övladlarını geridə qoyaraq könüllü şəkildə cəbhəyə yollandı. Onların bir çoxu şəhidlik zirvəsinə ucaldı, bir çoxu isə qazi kimi Vətənə qayıdaraq bu torpaqların azadlığına öz imzasını atdı. Bu fədakarlıq Azərbaycan gəncliyinin tarixə yazdığı ən şərəfli səhifələrdən biridir.

Bu savaş təkcə ümummilli mübarizə deyil, həm də minlərlə ailənin şəxsi taleyindən keçən sınaq idi. O cümlədən, Füzuli Rzaquliyevin oğlu da öz övladlarını evdə qoyaraq Vətənin çağırışına səs verdi və döyüş bölgəsinə yollandı. Bu fakt Azərbaycan cəmiyyətində nəsillər arasında vətənpərvərlik davamlılığının bariz nümunəsidir.

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin tərkibində çoxsaylı gənclər də fəal şəkildə təmsil olunur. Onlar veteran nəslin təcrübəsi ilə gəncliyin enerjisini birləşdirərək milli maraqların qorunması, şəhid ailələrinə və qazilərə dəstək, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərirlər.

Füzuli Rzaquliyev onu da vurğulamışdır ki, Azərbaycan veteranları Müzəffər Ali Baş Komandanımız və Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşmişlər. Bu birlik dövlət-xalq-ordu vəhdətinin möhkəmliyinin ən real göstəricisidir.

Gənclər Günü təkcə bayram deyil, həm də xatirə, ehtiram və məsuliyyət günüdür. Bu gün azad torpaqlarda qurulan həyat, dalğalanan üçrəngli bayraq və gələcəyə inam gənclərin fədakarlığı hesabına mümkün olub.

AVMVİB sədri sonda qeyd etmişdir ki, bu əlamətdar gündə Azərbaycan gənclərinə sağlamlıq, bilik, əzm və uğurlar, şəhidlərimizə əbədi ehtiram və rəhmət, qazilərimizə isə cansağlığı arzu edir.

AVMVIB-in Mətbuat xidməti

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: