19.03.2024

ÖLÜLƏRƏ AZADLIQ, DİRİLƏRƏ ÖLÜM!- 3

Xaqani Ədəboğlu

… Bumbuz baxışlardan, donmuş nəfəslərdən, bomboz sifətlərdən, nadanlıq quyusuna oxşar insanlardan, oğru əllərdən, susqun vicdanlardan, yalançı dodaqlardan, yetim yanağında donub qalmış göz yaşlarının saldığı izlərdən, cəhənnəmin kösövüylə bu dünyada özlərinə saray tikənlərin tamahlarından və bir də param-parça edilmiş bir məmləkətin yorğun və öləziməkdə olan halından yoruldum. Çox yoruldum…


Bir zamanlar avropalılar dövlətlərininin inkişafı üçün dini dövlətdən ayırmağa məcbur odular.

Bu gün Azərbaycan dövlətini xilas etmək üçün biznesi dövlətdən ayırmaq lazımdır. Çünki özgə yollar dalana dirənib. Görənin gözünü çıxarmaqdansa, oğrunun əli kəsilməlidir. Zamanın tələbi budur. Məmurlara salam verdinsə barmağının bir-iksini axtarmaqla gələcək qurmaq, sabun köpüyündən ev tikməyə bənzəyir.

Bu ölkə bizimdir, bu məmləkət boynumuza biçilmiş kəfən kimidir.

İstəməsəniz də bu kəfənlə dəfn olunmağa məhkumuq. Ona görə də hər bir pisliyə göz yumduğumuz qədər biz də günahkarıq. Gözlərimiz önündə rüşvət qapanına bənzəyən məmura haqq qazandırdıqca göylərdən cəzamız çuvallarla endiriləcək. Gözlərimiz önündə bir atalar misalında deyildiyi kimi, öz şəxsi işinin aşması üçün «erməniyə fəxarətlə dayı deyən bədzatlardan» mədəd diləyincə duamız hasil olmayacaq. İstər sev, istərsə də nifrət et: Bu Vətən bizimdir. Bu torpaqda doğulduğun üçün, harada olsan da sənin nəşinin 20 qramlıq torpağı, geriyə, buradakı bir məzarlıqda təhvil veriləcək. Bunu unutma…


Olduğumuz yerlərdə pislikləri pisləyə-pisləyə hər birimiz pis olmaq növbəsinə dayanmışıq. Çünki yolumuzu çoxdan itirmişik. Sokrat deyirdi ki, «özünüz dəyişin, dünyanı da dəyişin». Biz özümüz dəyişmədən dünyanın dəyişməsini tələb edirik. Dünyamızı dəyişərik, amma biz dəyişmərik.


Müəllimə bizə «elm öyrətmə»- deyə pulu ermənimi verir? Layiq olmadığımız məqama sahib olmaq üçün «haqqı» ermənimi verir? İstedadsız və şərəfsizliyi ilə dünyanı heyrətləndirəsi yerlimizi və ya qohumumuzu ermənimi qabağa çəkir? Əzəli torpaqlarımızın 25 illik işğal altında qalmasına bu günədək dözənlər kimlərdir? Biz millət olmaq sevdasındaykən vur-tut öz nadanlığımızla «yeraz, qaraz, qraz, selaz, küraz» və s. ola bildik. Bilirsinizmi niyə? Çünkü qarğanı qızıl qəfəsə salıb bülbül məharətini tələb edirik. Ulağa at yəhəri qoyub, şahə qalxmasını gözləyirik. Sərçəni qolumuz üstündə tutub tərlan kimi ov ovlamasını gözləyirik. Biz xərc-xəsarətlə Məkkəyə varıb Allahdan 2×2-nin 7 eləməsinə dua edirik və dönüb bu duanın nazil olacağını gözləyirik. Biz beləcə Pifaqorun vurma cədvəlində səhv axtara-axtara günümüzü yelə veririk. Biz nəyi gözlədiyimizi heç özümüz də bilmirik. Amma gözləyirik. Bir pisdən sonra gələcək çox pisə baxıb az pisin atasına rəhmət oxumağımızı gözləyirik…


…Və hamı gözləyir. Amma bu adamlar nəyi gözlədiklərini və son dəfə nə zaman səmaya baxdıqlarını soruşun. Siz nə vaxt başınızı qaldırıb səmaya baxmısınız?…


Həyatımda heç qorxmadım. Məni tanıyanlar bilir ki, gərək olan yerdə sözümü dedim. Qarabağ savaşında da ön tərəf bizdən başlanardı. Ölümün nəfəsini duyduğum gün: «Gəldinsə xoş gəldin, Ölüm «- dedim. Gecənin bağrını durna qatarı kimi yarıb gələn güllənin hansının mənim olacağını da seyr etdim. Qoxmadım. Amma son zamanlar qorxmağa başlamışam. Bizdən sonra gələcək nəslin bizləri söyəcəyindən qorxuram. İnsanlığın insanlıq səhnəsindən necə endirildiyini seyr etməkdən qorxuram. Yalanın yaşıl işıqlı yolları və doğru sözün qadağan edildiyi məmləkətdən qorxuram. Mədəsi uğrunda Dar ağacına dırmaşan beş qəpiklik adamcıqlardan qorxuram. Keçmişləri qaranlıq və üfiqləri dumanlı görünən sabahlardan qorxuram.


Son vaxtlar əməlli başlı qorxmağa başlamışam. Sizləri bilmirəm, amma mən yaman qorxaq olmuşam…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: